Azərbaycan Respublikası prezidenti İlham Əliyev ermənistanlı həmkarı Serj Sarkisyanın Türkiyəyə qarşı ajiotaj yaradan ərazi iddiası ...
well/Aran agentliyi
Azərbaycan Respublikası prezidenti İlham Əliyev ermənistanlı həmkarı Serj Sarkisyanın Türkiyəyə qarşı ajiotaj yaradan ərazi iddiası qaldırmasından təəccüblənmədiyini bildirib.
İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransında deyib: Sarkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm.
Prezident İlham Əliyevin sözünə qüvvət olaraq isə Rəcəb Tayyib Ərdoğan bildirib ki, mən onu sizin qədər tanımıram.
İlham Əliyev əlavə edib: Sarkisyanın düşüncə tərzinə yaxşı bələdəm. əslində bu Ermənistanın işğalçı mahiyyətini göstərir. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Vaxt gələcək Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə ya da hərb yolu ilə bərpa edəcək.
Azərbaycan Respublikası prezidenti həmçinin vurğulayıb: Ermənistan prezidentinin Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiası sadəcə onu göstərir ki, bu adamların başına nəsə çatmır!
İlham Əliyev əlavə edib: Onlar real dünyada yaşamırlar. Özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə heç olmasa müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz.
Müştərək mətbuat konfransında Türkiyə baş naziri Ermənistan prezidentinin Türkiyəyə qarşı torpaq iddiasında daha diplomatik cavab verərək bildirmişdir: Gələcək nəsillərə kin və nifrət aşılamaq dövlət xadiminə yaraşmaz. Serj Sarkisyanın etdiyi bir təhrikdir , öz gəncliyinə kin və nifrət hissi aşılamaqdır. Bununla Ermənistan gəncliyinin gələcəyi nə olacaqdır? Bu gedişlə qaranlıq olacaqdır, bu hadisələrə hər zaman qara eynəklə baxacaqdır.
Qeyd etmək lazımdır ki, Ermənistan prezidenti Serj Sarkisyan " Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı Dağını ələ keçirsin" deməklə Türkiyənin sərt reaksiyasına səbəb olub.
Sovet İttifaqı dağılandan sonra Türkiyə Ermənistan dövlətini tanısa da, sonrakı illərdə Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları gücləndiyindən sonra və bu iddiaların Ermənistanın rəsmi simvollarında yer alandan sonra Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb