Vəkil Anar Qasımovun verdiyi xəbərə görə, AİP rəhbərliyinə və fəallarına qarşı Qubada yaşayan yəhudilərə silahlı basqın təşkil etmək kimi absurd ittiham irəli sürülüb
well/Aran agentliyi
Deyerler.org: Vəkil Anar Qasımovun verdiyi xəbərə görə, AİP rəhbərliyinə və fəallarına qarşı Qubada yaşayan yəhudilərə silahlı basqın təşkil etmək kimi absurd ittiham irəli sürülüb. "Dəyərlər" bunu şərh etmək üçün DEVAMM sədri Hacı İlqar İbrahimoğluna müraciət etdi. Hacı İlqar bununla bağlı bildirdi: "DEVAMM olaraq, bununla bağlı xüsusi bəyanat verdik. Müvafiq qurumları bu ittihamlardan imtina etməyə, müttəhimlərə bəraət verməyə çağırdıq. Belə ittihamlar Azərbaycanımıza yaraşmır. Bizdə milli və dini dözümsüzlük yoxdur. Bizdə həm cəmiyyət daxilində, həm məişət səviyyəsində tolerantlığın mövcudluğu hər kəsə məlumdur. Hacı Mövsümə gəldikdə isə, onun baxışlarına və çıxışlarına kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, Hacı Mövsümü tanıyan hər bir kəs bilir ki, ittiham olduğu məsələlərin heç birinə onun zərrə qədər də aidiyyəti yoxdur. Hacı Mövsüm savadlı, əxlaqlı, alicənab və təqvalı bir insandır. O, heç zaman qanunsuz işlərə, xüsusilə də, zorakılığa qol qoymaz. Bu, hər kəsə gün kimi aydındır. Hacı Mövsüm Səmədov neçə illik ictimai fəaliyyəti ilə toplumun tam etimadını qazanıb və buna görə, belə absurd ittihamların ona yapışması qeyri-mümkündür".
Hacı İlqar onu da vurğuladı ki, Hacı Mövsüm Səmədovu yəhidilərə qarşı basqını planlaşdırmaqda ittiham etmək - absurd olduğu qədər, ölkənin imicinə ciddi xətər gətirən bir mövzudur: "Ölkə rəsmiləri hər zaman Azərbaycanda nümunəvi tolerantlığın mövcudluğunu önə çəkiblər. Amma ittiham tərəfinin tələsik hərəkətlərinə görə, bu imicə əsaslı zərbə dəyə bilər. Belə ki, Azərbaycanda guya kimlərinsə anti-yəhudi ovqatda olması, antisemit əhval-ruhiyyənin Azərbaycana xas olması barədə yanlış illüziyalar aşılanar. Onsuz da vaxtaşırı erməni mətbuatında azərbaycanlıların dözümsüzlüyü barədə dezinformasiyalar yayılır. Bu ittiham - onların dəyirmanına su tökməkdir".
Hacı İlqar onu da qeyd etdi ki, anti-sionizmlə anti-semitizmi fərqləndirmək zəruridir: "Sionizm - faşist bazisli bir anti-bəşər ideologiya olaraq, bütün dünya aydınları tərəfindən pislənilir. Hətta BMT yaxın illərədək rəsmi olaraq, sionizmi irqçi və faşist ideologiya hesab edirdi, sonradan lobbiçilik fəaliyyəti sayəsində bu bəndi çıxarmağa müvəffəq oldular. Yəhudiliyin əksinə olmaq isə - İslamın ana prinsipliplərinə ziddir, çünki, insanın özündən asılı olmayan təqdiri məsələlərə görə kiminsə apriori günahlılığını ehtiva edir. Hacı Mövsüm dindar insan olaraq nəinki yəhudilərə qarşı hər hansı fiziki zorakılığı dəstəkləyə bilər, hətta bunu ideya olaraq da kiminsə gündəmə gətirməsinə imkan verməz. Bu, təmamən mümkünsüzdür. İstər xaçpərəst olsun, istər yəhidi - hər bir müsəlman Kitab əhlindən olan insanları qardaş sayır. O ki qalsın, ona qarşı dözümsüzlük edə.
Mən üzümü bütün Azərbaycan ziyalılığına, vətəndaş cəmiyyətinə tuturam və dünyagörüşünə, siyasi və ideoloji mənsubiyyətindən asılı olmayaraq, bütün ictimai fəal insanları Hacı Mövsüm Səmədova qarşı irəli sürülən bu absurd ittihamlarla bağlı mövqe sərgiləməyə çağırıram".