Tarix : 2011 Aug 01
Kod 24427

DEVAMM-ın imza kampaniyası davam edir

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) başlatdığı “Yüzminlik müraciət” imzatoplama kampaniyası yekunlaşmaq üzrədir
well/Aran agentliyi

 

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) başlatdığı “Yüzminlik müraciət” imzatoplama kampaniyası yekunlaşmaq üzrədir. Artıq nəzərdə tutulan 100 min imza toplanıb. Ancaq imzatoplama prosesinin gedişatını, insanların kampaniyaya qoşulmaq istəyini nəzərə alaraq DEVAMM imzaların toplanması prosesini davam etdirir. Eyni zamanda ictimaiyyətdən, xüsusən də dini camiədən imza kampaniyasına dəstəklər davam edir. Maştağa qəsəbə sakini Hacı Elxan Gülməmmədov, Nardaranın “Rəhimə xanım (s.ə)” ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov, ilahiyyatçı-alim Hacı Namiq Babaxan, Maştağanın “Fatiməyi-Zəhra (s.ə)” məscidinin axundu Məşhədi Baloğlan Balayev, ilahiyyatçı-alim, Binə sakini Hacı İlham Əlizadə, ilahiyyatçılarından Hacı Seyyid Rəşid Talıbov, Buzovna “Cümə” məscidinin axundu, Əhli-Beyt (ə) şairi Hacı Soltan Əlizadə və digər ruhanilər, ictimaiyyət nümayəndələri kampaniyaya dəstək veriblər. Buzovna “Cümə” məscidinin axundu Hacı Soltan imza kampaniyasına qoşulduğunu və müraciətə imza atdığını deyib. O, toplanan 100 min imzanın nəticə verəcəyinə inandıqlarını deyib: “Mən özüm də kampaniyanın vərəqəsinə imza atmışam. Bizlər hamımız bu müraciətə imza atmışıq. Buna münasibətim müsbətdir, bu addım lazım idi. Amma məsələ budur ki, 100 min imza toplanıldıqdan və prezidentə göndəriləndən sonra cavab nə olacaq? Nə deyəcəklər? İnsanlar bundan narahatdır, hamı intizar və həyəcan içindədir. Yəni camaat çox ümidlidir və bu imzatoplama kampaniyasına çox bağlanıb. Son sözü prezident deməlidir”. Qeyd edək ki, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu “SalamNews”a açıqlamasında imza kampaniyası ilə bağlı görüləcək işlərlə bağlı danşıb. Hacı İlqar bildirib ki, kampaniyanın xanımlardan və kişilərdən ibarət olan komissiyaları ayrı-ayrılıqda toplantı keçiriblər. İlkin qənaət bundan ibarətdir ki, toplanmış imzaları mübarək Ramazan ayının ilk həftəsində ölkə başçısına çatdırılacaq.

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 01