well/Aran agentliyi
Oruc füruiddinin ikinci rüknüdür. Müsəlman icmasında oruc (ərəbcə "əs-saum", farsca "ruzə" və ya "ruze", türkcə "oruc") bizə gəlib çatan şəkildə namzdan sonra, Məhəmməd peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrət etməsindən 18 ay sonra (miladi 624-cü ildə) Şaban ayının 15-ci günü vacib buyrulmuş və o vaxtdan tətbiq edilməyə başlanmışdır. O vaxta qədər müsəlmanlar özlərindən qabaq olan kəslər kimi oruc tuturdular. Quran Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu (hicri-qəməri) Ay təqviminin 9-cu ayı olan Ramazan ayının son on gecəsindən birində vəhyin nazil edilməsinin başlanması ilə əlaqələndirmiş və müsəlmanları Ramazan ayında oruc tutmağa çağırmışdır.
Oruc İslamın əsaslarından biridir və insanın ruhi paklığı üçün vacib buyrulub. Bu da o deməkdir ki, insan sübh azanından əvvəl, şam azanına qədər Allahın fərmanına itaət etmək məqsədi ilə bəzi əməllərdən: yeməkdən, içməkdən, ənnik-kirşan çəkməkdən, əylənməkdən, cinsi əlaqədən və s. bu kimi işlərdən özünü qorumalıdır.
"Ramazan" ərəbcə "rəməzə" sözündəndir və mənası "yandırmaq" deməkdir. Məhz bu ayda - Ramazanda günahları yandırmaq mümkündür.
Mübarək Ramazan ayının orucu bir neçə şərtlərlə yerinə yetirilir:
* Şəxs həddi-buluğa (kişilər 15, qızlar isə 9 yaşında) çatmış olmalı.
* Əqli cəhətdən sağlam olmalı.
* Müsafir (səfərdə) olmamalı.
* Təmiz olmalı.
* Oructutma xəstəliyə və ya onun şiddətlənməsinə səbəb olmamalıdır.
Şəriət qanunlarına görə, əgər kimsə orucun onun səhhətinə mənfi təsir göstərdiyini görürsə, oruc tutmaya bilər. Bu, xəstə və yaşlı adamlara, hamilə və südəmər uşağı olan qadınlara aiddir. Sonradan sağalıb oruc tutmağa imkanı olanlar və səfərdə olanlar tutmadıqları günlərin sayı qədər başqa vaxt oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə imkanı daxilində hər günün əvəzində bir imkansızı doyurmalıdırlar.
Oruc tutan kəsin özündə mənəvi həyatın ən böyük hadisəsini - Allaha yaxınlıq hissini duymaq, qavramaq bacarığı tərbiyə etməsi orucluqla əlaqədar onun qarşısında duran ən mühüm vəzifədir. Belə bir tərbiyənin aşılanması orucluğun ruhani məzmununda İslam anlamının mahiyyətini təşkil edir. Orucluğun möminlər üçün açdığı mənəvi imkanların genişliyini nəzərə alsaq, Ramazanda Cənnət qapılarının taybatay açılması, Cəhənnəm qapılarının isə bağlanması barədəki hədisi-şərifin mənası aydın olar.
İslam orucluğa həm də əxlaqi-mənəvi təsisat kimi baxır. Həqiqətən də, orucluq əsnasında insana, ola bilsin ki, dünya həyatının ən mühüm əxlaq dərsi təlqin edilir. Harama aludə olmaqdansa, özünü ağır sınaqlara və hər cür çətinliklərə sinə gərməyə hazırlamaq daha yaxşıdır. Bütün orucluq ayı gündən-günə təkrar edilən bu dərs insanın iradəsini möhkəmləndirir, onda şeytan vəsvəsəsinə və tovlanmasına qalib gəlmək bacarığı tərbiyə edir, ona ani istəklərin, ötəri şəhvətlərin qulu olmamaq, vacib işləri qoyub ikinci dərəcəli işlərə uymamaq, günbəgün davam edən vurnuxma içində həqiqi yaxşılığın və xeyirxahlığın səmtini itirməmək qabiliyyəti aşılayır.
Orucluğun insanda tərbiyə etdiyi əxlaqi keyfiyyətləri təkcə özünü yeməkdən, içməkdən saxlamaq düzgün olmazdı. Orucluq hər şeydən əvvəl, insandan tələb edir ki, yalan danışmaqdan, dilinə pis söz gətirməkdən, pis niyyətə düşməkdən, səmimi olmamaqdan və başqa natəmiz əməllərdən çəkinsin. Bir hədisi-şərifdə deyilir: "Əgər bir kimsə yalan danışmağı və ikiüzlülük etməyi tərk etməmişdirsə, onun yeməkdən və içməkdən imtina etməsinə Allahın ehtiyacı yoxdur". Əksinə, orucluq ayında qərəzsiz kömək, sədəqə, yetimə və yoxsula əl tutmaq, müxtəlif xeyirxah əməllər təqdir olunur. Bu cür əməllər Peyğəmbərin (s) keçdiyi həyat yolundakı parlaq misallara uyğun gəlir. Rəvayətə görə, Peyğəmbər (s) insanların ən səxavətlisi idi. Ancaq Ramazan ayında o öz səxavətini daha çox artırardı.
Orucluğun daxili məzmunu bu ayinə əməl edilməsinin xarici şərtlərini də müəyyən edir. Orucluq 29, yaxud da 30 gün davam edir.
Orucluq Ramazan ayında təzə Ayın - hilalın görünməsi ilə başlayır və onun rüblərini keçdikdən sonra Şəvval ayında yenidən görünməsi ilə başa çatır. Səma buludlarla örtülərsə, o zaman bunu dəqiq hesablama aparmaqla da müəyyən etmək olar.
Oruc o zaman batil olur ki, müsəlman məcburiyyət qarşısında deyil, qəsdən Günəşin doğması ilə batması arasındakı vaxt ərzində orucun tələblərinin heç olmasa birini pozmuş olsun.
Azadxeber.az Zeynəb Əli qızı