Tarix : 2011 Aug 02
Kod 24459

Qəbələ RLS-ə görə Rusiya Azərbaycanı aldadır

Üzeyir Cəfərov: «Stansiyaya komissiya gələndə onun dövriyyəsini azaldırdılar, bu səbəbdən də onun iş potensialının, imkanlarının nə qədər olduğunu müəyyən etmək çətinləşirdi»
well/Aran agentliyi

Üzeyir Cəfərov: «Stansiyaya komissiya gələndə onun dövriyyəsini azaldırdılar, bu səbəbdən də onun iş potensialının, imkanlarının nə qədər olduğunu müəyyən etmək çətinləşirdi»

Qəbələ RLS-ə dair danışıqların səmərə vermədiyi ilə bağlı bir neçə dəfə məlumatlar yayılıb. Lakin bu günlərdə hərbi ekspert Ildırım Məmmədovun açıqladığı faktlar bu stansiyanın, hətta maddi baxımdan da sərfəli olmadığını göstərdi. Belə ki, analoji radiolokasiya stansiyasına görə Ukrayna Rusiyadan 25 milyon dollar icarə haqqı alır. Azərbaycana isə bundan 11 mln. az, yəni 14 mln. dollar ödənilir. Üstəlik, son 10 ildə bu vəsaitlərin dövlət büdcəsinə daxil olmadığı, müxtəlif xərclər adı altında silindiyi də bildirilir.

Nəzərə almaq lazımdır ki, bu stansiya ətraf mühitə və insanların sağlamlığına xeyli ziyan vurur. Yalnız Rusiyanın maraqlarına xidmət edən RLS-ə görə ətrafa yayılan şüadan hətta bir uşaq belə ölsə, bunu heç bir pulla kompensasiya etmək olmaz. Üstəlik, deyilənləri nəzərə alsaq, ordan alınan pullar da kimlərinsə şəxsi mənafeyi üçün xərclənir. Belə olan halda, Azərbaycan tərəfi hansı addımları atmalıdır?

Hərbi ekspert Üzeyir Cəfərov Qəbələ RLS-ə görə Azərbaycanın aldığı icarə haqqının simvolik xarakter daşıdığını deyir. O, vaxtilə RLS-lə bağlı yaradılan komissiyanın da səmərəli işləmədiyini vurğuladı: “Rusiya tərəfi faktiki olaraq Azərbaycanı aldadırdı. Stansiyaya komissiya gələndə onun dövriyyəsini azaldırdılar. Bu səbəbdən də onun iş potensialının, imkanlarının nə qədər olduğunu müəyyən etmək çətinləşirdi”.

Ekspert bütün bu məsələlərin araşdırılmalı olduğunun və icarə haqqının artırılmasının vacibliyini qeyd etdi. Eyni zamanda ətraf mühitə və insanların sağlamlığına vurduğu ziyan da nəzərə alınmalıdır.

Azadlıq

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 02