Tarix : 2011 Aug 03
Kod 24479

Ermənistan müxalifəti mitinq keçirir

Ermənistanın müxalifətçi Erməni Milli Konqresi (EMK) çərşənbə axşamı Yerevanda növbəti mitinqini keçirir
well/Aran agentliyi

Ermənistanın müxalifətçi Erməni Milli Konqresi (EMK) çərşənbə axşamı Yerevanda növbəti mitinqini keçirir.

İslamazeri.az internet qəzetinin BBC-yə istinadən verdiyi xəbərə görə, ötən ay ərzində EMK nümayəndələri və hakim koalisiya nümayəndələri arasında iki görüş keçirilib, müxalifət-iqtidar danışıqlarını davam etdirmək haqqında razılığı əldə olunub və danışıqların gündəliyi tərtib edilib.

Müxalifət növbədənkənar parlament və prezident seçkiləri keçirməyi tələb edir.

Koalisiya isə seçkilərin lazımi səviyyədə keçirilməsini təmin etmək üçün sivil qayda-qanunlar işləyib hazırlamağı təklif edir.

Müxalifətin mitinqinə bir neçə saat qalmış Ermənistan Milli Məclisinin mətbuat xidməti müxalifətlə koalisiya nümayəndələri arasında növbəti görüşün tarixini elan edib. Görüşün cümə axşamı keçirilməsi nəzərdə tutulur.

Belə olan halda müxalifətin gözlənilən mitinqdə öz tərəfdarları qarşısında nə kimi məsələlər qaldıracağı sualı ortaya çıxır.

EMK-nın mətbuat katibi Arman Musinyan deyib ki, əsas məqsəd iqtidar-müxalifət danışıqlarının gedişi və yaxın perspektiv planlar barədə məlumat verməkdir. Bundan başqa, “Ermənistanın iqtisadi-sosial vəziyyətinə dair məsələlər müzakirə oluna bilər”.

Müxalifətin son mitinqindən keçən bir ay ərzində EMK-nin 5 nəfərlik nümayəndə heyəti və hakim koalisiya partiyaları (Respublikaçılar, Firavan Ermənistan və Qanunçuluq Ölkəsi) nümayəndələrindən ibarət 6 nəfərlik nümayəndə heyəti arasında keçirilən iki görüş zamanı danışıqların gündəliyi tərtib edilib.

EMK-nə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan rəhbərlik edir.

Gündəliyə EMK-nin təklif etdiyi “ölkədə leqitim hakimiyyət formalaşdırmaq məqsədiylə" növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi və azad səs vermə üçün lazımi şəraitin təminatı və koalisiyanın seçkilərin keçirilməsi üzrə "sivil rəqabət qaydalarını formalaşdırmaq” məsələləri daxil edilib.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 03