Tarix : 2011 Aug 03
Kod 24501

Dr.MÖVSÜM SƏMƏDOVA SİYASİLƏRDƏN DƏSTƏK

İsa Qəmbər: ''AİP sədrinə qarşı ''yəhudi öldürmək'' ittihamının açıq-aydın uydurma olduğu göz qabağındadır''
well/Aran agentliyi

İsa Qəmbər: "AİP sədrinə qarşı "yəhudi öldürmək" ittihamının açıq-aydın uydurma olduğu göz qabağındadır"

Əli Kərimli: "AİP sədrinə qarşı "yəhudiləri öldürmək planı" ittihamında söhbət bütövlükdə Azərbaycan xalqından gedir"

Azər Rəşidoğlu: "AİP sədrinə qarşı irəli sürülən bu "ittiham" - sabitliyi pozmaq istəyən kənar qüvvələrə xidmət edir"

İlqar Məmmədov: "Bu, tamamilə yanlış məsələdir və biz belə cəhdləri qınayırıq" 

AİP sədri Mövsüm Səmədova qarşı qondarma “yəhudi ittihamı” ilə bağlı ictimai-siyasi simaların kəskin etirazları ara vermir. Vəkili Anar Qasımov qondarma ittihamla əlaqədar FaktXeber.com-a açıqlamasından sonra hüquq müdafiəçisi Novella Cəfəroğlu, politoloq Eldar Namazov, QAT sədri Akif Nağıdan sonra bu gün Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, "Respublikaçı alternativ" hərəkatının həmsədri İlqar Məmmədov və siyasi icmalçı Azər Rəşidoğlu Deyerler.org-a açıqlamalarında hadisəni sərt şəkildə qınayaraq, bunu hakimiyyətin özbaşınalığı adlandırıblar.

 “Müsavat Partiyası”nın başqanı İsa Qəmbər: “Azərbaycan İslam Partiyasının sədrinin həbsi söz azadlığı ilə balğıdır. Onun çıxışından sonra həbs edilməsi və sonra bu itthamların ortaya çıxması onu göstərir ki, bu həbslər siyasi sifariş altında həyata keçirilib. Bu ittihamın açıq-aydın uydurma olduğu göz qabağındadır. Çünki tarix boyu Azərbaycanda müxtəlif xalqların, millətlərin nümayəndələri arasında normal münasibətlər olub. Qarşılıqlı hörmət və dözüm şəraitində yaşayıblar. Heç vaxt nə yəhudilərə, nə də heç bir dinin, millətin nümayəndələrinə qarşı Azərbaycanda cinayət hadisəsi demək olar ki, olmayıb. Belə bir ittihamın gündəmə gəlməsi, əslində, hakimiyyəti ifşa edən bir faktdır. Bu, onu göstərir ki, hakimiyyət hətta bu cür həssas mövzularda da spekulyasiya etməyə hazırdır. Bu, xalqın fəallaşması qarşısında hakimiyyətin qorxusundan xəbər verir. Hakimiyyət nəinki qanunu pozur, həm də çox ciddi siyasi səhv edir. Mən hesab edirəm ki, hakimiyyət bu cür oyunlara son qoyub, Azərbaycanda söz, fəaliyyət, sərbəst toplaşma azadlıqlarına imkan verməlidir".

 

AXCP sədri Əli Kərimli: “Siyasi görüşlərindən asılı olmayaraq Azərbaycan cəmiyyətində belə bir inam var ki, AİP sədrinə, onun tərfdarlarına qarşı başlanmış cinayət işləri onun məlum çıxışından sonra quraşdırılmış cinayət işləridir. Çünki Azərbaycandakı İslam tərəfdarlarının zora meylli olduqları heç zaman görünməyib. Hər hansı belə əlamətlər bizim cəmiyyətdə görünməyib və bu da həmişə təqdir olunub. Amma birdən-birə məlum çıxışdan sonra meydana xeyli qurama cinayət işləri çıxdı. İndi isə bu ittiham mənim də diqqətimi cəlb elədi. Müvafiq orqanlar artıq hədlərini aşıblar. Öz siyasi məqsədlərinə yetməkdən ötrü nəinki qurama cinayət işləri açırlar, üstəlik Azərbaycanın dövlət maraqlarını nəzərə almırlar. Burada yalnız ayrı-ayrı insanların faciəsindən, yalnız onlara qarşı haqsızlıqlardan söhbət getmir. Hərçənd bu baş verənlər özü də az deyil. Amma bu ittihamda bütövlükdə Azərbaycan xalqından söhbət gedir. Çünki xalqımız həmişə sevinir ki, Azərbaycanda heç zaman anti-semitizm olmayıb. Azərbaycanda əhali hər zaman yəhudilərlə çiyin-çiyinə yaşayıb. Heç zaman yəhudilər bu ölkədə zorakılığa məruz qalmayıblar və bunu, yeri gəlmişkən, özləri də yüksək qiymətləndirirlər. İndi siyasi hakimiyyət öz siyasi mülahizələrinə görə bütövlükdə ölkənin imicinə xələl gətirən, adını batıran uydurma bir iş düzəltmək istəyir. Əlbəttə ki, mən qətiyyətlə belə uydurma cinayət işlərini pisləyirəm. Hacı İlqarın müvafiq bəyanatına da dəstək verirəm. Bu doğrudan da çox yerində səsləndirilmiş müraciət oldu ki, heç olmasa belə məsələlərlə Azərbaycanın başını aşağı etməsinlər və Azərbaycanın milli maraqlarına həssas mövzularda uydurma ittihamlar irəli sürməsinlər”.

 

"Respublikaçı alternativ" hərəkatının həmsədri İlqar Məmmədov: “Azərbaycan məhkəmə-hüquq sistemində bu nə birinci, nə sonuncu absurd ittihamdır.  Sadəcə bəzi absurd ittihamlar ki, əvvəllər var idi, onlar sadəcə ittihamlıqlarında qalıblar. Bu tip ittihamlar isə ümumiyyətlə çox təhlukəlidir. Yəni Azərbaycanda indiyə qədər bəzi şeylər heç vaxt mümkün olmayıbsa, nəyə görə məhz məhkəmə-hüquq sistemi bu tip ittihamların irəli sürülməsinin mümkünlüyünü xalqa göstərmək istəyir?! Burada məqsəd ondan ibarətdir ki, birincisi, bu tamamilə siyasi sifariş kimi görünən ittihamdır. Məqsəd təkcə AİP sədrini həbsdə saxlamaq və ağır cəzalandırmaq deyil, həm də Qərb ölkələrinin Azərbaycana münasibətdə gündəminə təsir göstərməkdir. Bildiyiniz kimi, terrorla mübarizə mövzusu tədricən gündəmdən düşür. Buna yalnız Azərbaycanda deyil, dünyada digər avtoritar və diktator rejimlər heyfslənirlər. Çünki həmin “terrorla mübarizə” onların hakimiyyətini yaşadan bir növ amil idi”, – deyə İlqar bəy bildirir.

Açıqlamalarının davamında Azərbaycanda kiminsə terrorla mübarizəni davam etdirmək istədiyini vurğulayan politoloq, bunun kölgəsində repressiv siyasi sistemin özünə beynəlxalq dəstək qazanmaq istəyi olduğunu qeyd edir. Sonda İ.Məmmədov bildirmişdir: “Bu, tamamilə qeyri-məqbul yanaşma, qeyri-məqbul yoldur. Biz bu yolu Azərbaycana tətbiq edənləri qınayırıq və tələb edirik ki, belə cəhdlərə son qoyulsun”.

Siyasi icmalçı Azər Rəşidoğlu: “Məncə bu “ittiham”ın absurd olmasını şərh etməyə ehtiyac yoxdur, bu, absurd bir ittihamdır. Azərbaycanda siyasi məhbuslara qarşı həmişə belə qondarma ittihamlardan istifadə ediblər. Sadəcə olaraq bu məsələdə yəhudlilərin adının hallandırılması çox ağır fəsadlara gətirib çıxara bilər. Azərbaycanda hansısa qüvvələr yəhudi tədbirində iştirak edə bilərlər və sonra bunun fəsadlarından təmizlənmək mümkün olmayacaq. Bir halda ki, Azərbaycan məhkəməsi kimlərinsə yəhudiləri öldürməyə hazırlaşdığını deyirsə, sabitliyi pozmaqda maraqlı olan kənar qüvvələr niyə bunu etməsinlər?! Zənnimcə, belə absurd iddialar irəli sürəndə ehtiyatlı olmaq lazımdır. Bu “ittiham” Azərbaycanda hansısa təxribatların baş tutmasına zəmin ola bilər”. 

  • Yazılıb
  • da (də) 2011 Aug 03