well/Aran agentliyi
Ərəb üsyanları oliqarxlarımızı “vurur”
“Türk əsilli zabitlər” yenə “bomba” partlatdılar; nazirin evlərinin ünvanları qəzetimizə göndərildi; Müdafiə Nazirliyinin rəhbərliyi kompromat davasına girişib
Ali Hərbi Akademiyanın zabitləri adından “Yeni Müsavat”a daha bir məktub daxil olub. Onlar Müdafiə Nazirliyində baş verən neqativlər və nazir Səfər Əbiyevin vəzifəsindən sui-istifadə etməsi barədə ittihamlar səsləndiriblər.
Məktubu müəyyən redaktə ilə dərc edirik:
“Müdafiə Nazirliyi niyə bunlara aydınlıq gətirmir?
Səfər Əbiyev hansı əsasla Müdafiə Nazirliyinin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kv.metr sahəsi olan yaşayış evini və 1 hektardan çox torpaq sahəsini özəlləşdirib? Bəs gələcək müdafiə nazirləri harada yaşayacaqlar? Əbiyev ömrü boyu nazir olmaq və vəzifəsindən sui-istifadə edərək Müdafiə Nazirliyini talamaq fikrindədir?
O, Müdafiə Nazirliyinin balansında olan, qiyməti milyonlarla ölçülən villanı hansı pulla tikib? 2000 manatdan çox olmayan maaşı iləmi? Bəlkə ixtiraları var, milyonlarla qonorar alır? Bəlkə təcavüzkar ermənilərdən bir qarış torpaq alıb?
Səfər Əbiyevin Bakıda və əyalətlərdəki villalarının, mülklərinin siyahısını sizə təqdim edirik.
Hərbi Akademiyanın qarşısındakı qoşa villa;
Həsən Əliyev küçəsindəki möhtəşəm villa;
Teymur Əliyev küçəsindəki çoxmərtəbəli qoşa villalar;
Şüşəli bazarın arxasındakı villa. Deyilənə görə icarəyə verib;
Həzi Aslanov qəsəbəsində hektarlarla torpaq sahəsi və villalar;
Xəzər rayonu, Şimal DRES ərazisində möhtəşəm villa;
Nabrandakı villa;
Qubadakı villası və 100 hektardan çox torpaq sahəsi;
Çoxmərtəbəli yeni tikililərdə sayı-hesabı olmayan mənzillər.
Onun əmlaklarının qiyməti 10 milyonlarla ölçülür. Bunları əldə etmək üçün indiki maaşı ilə gərək o 1000 il nazir işləsin. Xaricdə də Səfər Əbiyevə məxsus mülklər var. Həmin ölkələr və mülklərin ünvanları da bizə bəllidir. Bunlar barədə gələn saylarımızda. Səfər Əbiyevə məxsus böyük şirkətlərin - hansı ki, onlar daim Müdafiə Nazirliyinin tenderlərinin qalibi olur - onları da növbəti müraciətimizdə qeyd edəcəyik.
Biz - hazırda Hərbi Akademiyanın dinləyiciləriyik. Vaxtilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxumuşuq. Həmin ali məktəbin indiki vəziyyəti ürəyimizi ağrıdır. Bizim vaxtımızda belə deyildi. Ali Hərbi Məktəbin keçmiş rəisi, xanımı başqa millətin nümayəndəsi olan, hazırda Azərbaycan Silahlı Qüvvələrini Ukraynada təmsil edən Tofiq Qasımov hərbi məktəbi darmadağın etdi. İndiki rəis - tədrisdən anlayışı olmayan, təhsil alanda ən zəif kursant olan, təhsil aldığı müddətdə bir dənə də 4 - 5 qiymət almayan, əvvəlki xidmət yerində sülhməramlı heyətin məvacibinə göz dikən Mirzə Yusifov isə onun ənənələrini davam etdirir. Baxın, həmin məktəbə kimlər rəhbərlik edir: Rəis fərari, müavini işdən (hərbi komissarlıqdan) qovulmuş, tədris hissə müdiri qara işlərin mahir ustası. Hər üçü şimal bölgəsindəndir. Məktəbdə test imtahanından keçmək 1000, mandat komissiyasından keçmək 2000-3000 manatdır.
Ali Hərbi Məktəbin yanında Naxçıvanski adına hərbi lisey var, Ali Hərbi Məktəbin kursantları orada oxuyanlara həsəd aparır. Çünki orada intizam, müdavimlərə qayğı, keyfiyyətli qidalanma, təhsilin səviyyəsi, mehriban münasibət, dövlətimizə və Ali Baş Komandana olan sədaqət yüksək səviyyədədir. Bütün bu üstünlüklərə baxmayaraq, Əbiyevin bu məktəbə münasibəti normal deyil. Sərhəd Qoşunlarına, digər güc strukturlarına aid hissələrdə olan gözəl şəraitdən Əbiyev ibrət dərsi götürürmü? Əsla yox! Çünki oranın rəisləri Mirzə Yusifov kimi savadsız deyillər.
Əbiyevin kadr siyasətinin bərbad olmasını dəfələrlə yazmışıq. Bunun səbəbi regionçuluq və maddi maraqdır. Gələn müraciətimizdə Əbiyevin qohumlarının, dostlarının, yaxın adamlarının ordumuza vurduqları maddi və mənəvi ziyandan danışacağıq.
Əmin olun ki, biz redaksiyanıza gələcəyik. Bizə təzyiqlər var, çox ciddi nəzarətdəyik. Ancaq bütün bunlar biz türklər üçün heç nədir. Redaksiyanızda keçirəcəyimiz mətbuat konfransı onların axırı olacaq.
Bir anonsumuz da var: Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Elçin müəllim artıq Quba şəhərində ikinci əzəmətli villasını təhvil-təslim etdi".
Musavat