Masallı sakinlərinin prezidentinə ünvanladığı müraciətdə Haci Fəramiz Abbasovun işinə ədalətli baxılması xahiş edilir
well/Aran agentliyi
Masallı sakinlərinin prezidentinə ünvanladığı müraciətdə Haci Fəramiz Abbasovun işinə ədalətli baxılması xahiş edilir
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun həbsindən az sonra tutuqlanan din xadimlərindən biri də Masallının Xıl kəndinin axundu Hacı Fəramiz Abbasovdur. Bu il yanvarın 24-də o, yas mərasimində saxlanaraq təcridxanaya aparılıb. Motiv də onun evində axtarış aparılarkən həyətdəki yardımçı tikililərin birində silah-sursat “aşkarlanması” olmuşdu.
Lakin nə F.Abbasovun ailəsi və yaxınları, nə də Xıl və ətraf kəndlərin camaatı buna inanmırlar. Din xadimini ləyaqətli, təmiz, dövlətçiliyə sadiq insan kimi xarakterizə edirlər. Ölkə prezidenti İlham Əliyevə ünvanlanan, surəti isə redaksiyamıza daxil olan və yüzlərlə sakinin imzaladığı yazılı müraciətdən buna əminlik hasil eləmək olar.
Müraciətdə deyilir: “Fəramiz Abbasov həmişə vətənini sevən, onun qanunlarına hörmətlə yanaşan şəxsdir. Kəndin xeyriyyə və bir sıra digər ictimai tədbirlərinin təşkilatçısı seyid, Hacı kimi kifayət qədər nüfuz qazanan insandır. O, ömrü boyu əlinə silah götürməyib. Onun el-oba arasında əsas işi yas mərasimlərini aparmaq olub. Təəssüf ki, Fəramiz Abbasov ətrafında yalan-böhtan mühiti yaradılıb və barəsində əsassız ittihamlar irəli sürülüb. Bu günahsız şəxsin qanunsuz olaraq cəzalandırılması, bütöv bir ailənin fiziki məhvi deməkdir”.
Müraciətdə daha sonra deyilir: “Hörmətli Prezident! İstintaq qərəzli mövqedən çıxış edərək Fəramiz Abbasovun ayrı-ayrı şəxslərlə guya əlaqəsi olduğu nəticəsinə gəlib. Bu, ağ yalan və böhtandır. Ortada sifarişli bir oyunun getdiyinin göstəricisidir. Eyni zamanda II qrup əlil olan və şəkər xəstəliyindən əziyyət çəkən bir insana qarşı, himayəsində 11 ailə üzvü olan (onlardan 6-sı yetkinlik yaşına çatmayıb) ailə başçısına qarşı yolverilməzdir”.
Sakinlər ümid edir ki, ölkə başçısı məsələyə biganə qalmayacaq və günahsız insanın işinin ədalətlə yekunlaşmasına yardımçı olacaq.
Musavat