AİP sədri Mövsüm Səmədovun və partiyanın digər funksionerlərinin həbsindən artıq 8 ay keçib
well/Aran agentliyi
Mövsüm Səmədov yanvar ayının 2-də partiyanın baş məclisində hakimiyyətin əleyhinə kəskin tənqidi fikirlər səsləndirmişdi. Bu çıxışdan bir neçə gün sonra AİP sədri onun yaxınları və partiya funksionerləri absurd ittihamlarla həbs olundu. Mövsüm Səmədov həbsindən bir neçə gün sonra dövlət çevrilişində ittiham olundu. Digər tərəfdən, Mövsüm Səmədovun ittiham olunduğu maddələrdən biridə bu oldu ki, guya Mövsüm Səmədov silahlı qruplaşma yaradaraq Qubada yaşayan yəhudilərə qarşı qırğın tördəcəkmiş.
Mövsüm Səmədovun müdafiəsi ilə bağlı ölkədə olan aparıcı partiya, təşkilat sədrləri, politoloqlar və hüquq müdafiəçiləri məlum çıxışa münasibət bildirərək, ittiham aktının absurd olduğunu bildiriblər. Məsələ ilə bağlı FaktXeber.com-a müsahibə verən Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev maraqlıməqamlara toxunub.
- Mayis bəy, sizcə Mövsüm Səmədovun məlum çıxışında hakimyyət çevrilişindən söhbət gedirmi?
- Sözün həqiqi mənasında Mövsüm Səmədovun həmin çıxışını mən çox diqqətlə dinləmişəm. Onun çıxışında qəti olaraq hakimiyyət çevrilişi və ya hər hansı etnik qrupa nifrətlə bağlı heç bir element yoxdur. Əlbəttə ki, bu çıxış hakimiyyət əleyhinə olan kifayət qədər tənqidi bir çıxışdır. Yəni Mövsüm Səmədov siyasi bir partiya rəhbəri və Azərbaycan vətəndaşı kimi hakimiyyətin əleyhinə tənqidi fikirlər səsləndirib. Bu cür çıxışlar Azərbaycan Konstitusiyası vasitəsilə insanlara verilmiş bir hüquqdur. Hər bir cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də açıq söz və ifadə azadlığı mövcuddur. Ona görə də, bu çıxışı sadəcə hakimiyyət əleyhinə olan bir çıxış hesab etmək olar. Azərbaycan hakimiyyəti daima insanların bu hüququnu məhdudlaşdırmağa çalışıb. Mövsüm Səmədovun bu çıxışı və həbsi siyasi çıxışları ilə bağlıdır və siyasi xarakter daşıyır. Aydın məsələdir ki, son dövrlərdə görünür ki, Azəbaycanda ictimai-siyasi hadisələrə AİP tərəfindən verilmiş tənqidi qiymətlər və AİP sədrinin tənqidi çıxışları hakimiyyətdə olanları narahat eləyib. Mövsüm Səmədovun və partiya funksionerlərinin həbsi siyasi bir həbsdir. Mən düşünürəm ki, belə siyasi həbslər Azərbaycanın dünyada demokratik ölkə imicinə böyük ziyan vuracaq. Əlbəttə ki, mən də bir fərd olaraq onların yaxın gələcəkdə azad olunmasını arzulayıram və düşünürəm ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq aləmdə olan imicinə ziyan vurmamaq üçün Mövsüm Səmədovla birgə digər siyasi məhbusların azad olunmasına qərar verəcəklər.
- Mövsüm Səmədovun eyni halda yəhudilərə qarşı silahlı hücum hazırlamaqda ittiham olunur. Sizin bu ittihama qarşı fikiriniz nədir?
- Aydın məsələdir ki, Səmədovun bu çıxışında və əvvəlki fəaliyyətlərində ölkədə olan etnik qruplara qarşı, xüsusilə də yəhudilərə və onların hüquqlarının məhdudlaşdırılmasına qarşı heç bir element mövcud deyil. Mövsüm Səmədovun bu çıxışında ölkədə qarşıdurmaları genişləndirən və bu qruplara qarşı nifrtlə bağlı heç bir fakt yoxdur. Ümumiyyətlə, həmin həbslər baş verəndə Yaşıllar Partiyası olaraq bəyanat vermişdik ki, bu həbslər siyasi xarakterlidir və belə həbslərə son qoyulmalıdır.
- İstintaq orqanları araşdırma zamanı belə bir nəticə əldə ediblər ki, Mövsüm Səmədov çıxış zamanı insanları cihada çağırıb. Halbuki həmin çıxışda ümumiyyətlə cihad sözünün işlənmədiyi görünür. Sizcə insanları hakimiyyətlə mübarizəyə çağırmaq cinayət və ya cihad hesab oluna bilərmi?
- Qətiyyən belə bir hal yol verilməzdir. Azərbaycan Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının bu və yaxud digər qanunlara, hakimiyyətin fəaliyyətinə və yaxud fəaliyyətsizliyinə etiraz hüququ var. Vətəndaşlar bu etirazları müxtəlif formalarda həyata keçirə bilərlər. İstər etiraz aksiyaları ilə olsun, istərsə də səsləndirlən ifadələrlə. Səmədovun bu çıxışı açıq-aşkar Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdə xüsusilə hicabın qadağası ilə bağlı hakimiyyətin qeyri-qanuni qadağasına qarşı yönəlib. Hicab qadağası bir qrup insanın konstitusyon və təhsil hüququnun pozulması ilə bağlı verilən bir qərar olduğundan, bu insanlar həmin qeyri-qanuni qadağaya qarşı öz narazıçılıqlarını bildiriblər.
Mövsüm Səmədovun çıxışında Azərbaycan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı heç bir fakt yoxdur. Açıq-aşkar görsənir ki, bu həbslər Azərbaycanda İslam Partiyasının, xüsusilə İslam müxalifətinin artan nüfuzuna qarşı hakimiyyətin keçirdiyi narahatçılığının bir nəticəsidir və siyasi xarakter daşıyır. Çünki son vaxtlar ölkədə baş verən siyasi-ictimai hadisələrə qarşı, xüsusilə korrupsiyaya, hakimiyyətin müxtəlif qollarının insan hüquqlarının qorunması ilə bağlı fəaliyyətsizliyinə və hicab qadağasına qarşı AİP-in apardığı fəaliyyət hakimiyyəti narahat etməyə başladı. AİP-in fəaliyyəti təkcə hakimiyyəti yox, həm də sionist qüvvələrini narahat eləyirdi. Ona görə də siyasi qüvvələr bundan narahat olaraq hakimiyyətə təzyiqlər göstərə bilərlər ki, AİP-in artan nüfuzunu və fəaliyyətini məhdudlaşdırsınlar. Nəhayət ki, bu da baş verdi. Bütün hallarda AİP-in həbs olunan üzvləri siyasi məhbuslardır və onlara siyasi məhbus kimi qiymət verilərək mütləq azadlıqdan məhrum etmə qərarı dəyişdirilməlidir və bu insanlar azad olunmalıdırlar.
Faktxeber.com