Tarix : 2011 Aug 09
Kod 24609

İslamda qadının status

well/Aran agentliyi

 

Qadının, o cümlədən də kişinin cəmiyyətdə rolu böyükdür. Onun üzərinə nəslin davam etdirilməsi kimi böyük missiya düşür. Ancaq bu nəslin hansı mənəvi keyfiyyətlərə malik olması da az əhəmiyyət daşımır. Yeni nəslin dünyaya gəlişi hələ tam mənada gələcəkdə sağlam nəslin olmasından xəbər vermir. Bu səbəbdən də uşaqların tərbiyəsi, onların ilkin mərhələdə cəmiyyətə hazırlanması ananın üzərinə düşən mühüm vəzifədir. Bu prosesin özü insandan müəyyən hazırlıq və həyatın müxtəlif sahələri ilə bağlı bəzi biliklərin olmasını tələb edir.

   Qadın – həm ana, həm bacı, övlad, həm də həyat yoldaşıdır. Onların hər birinə qarşı münasibətinə görə kişi Uca Allah  qarşısında məsuliyyət daşıyır. Yuxarıda sadalanan  zümrələrdən olan qadınların hər hansı birinin hüquqlarının  sıxışdırılması və ya  məhdudlaşdırılmasının ciddi cəzası var. Məhəmməd Peyğəmbər(s): “Cənnət anaların ayaqları altındadır” deyir. Bu hədis İslamda qadına ayrılan rolu tam mənasında əks etdirir. Gələcək nəslin tərbiyəsi ilə məşğul olan anaya kişinin nəcib münasibəti – müsəlman əbədiyyətinin təminatı deməkdir. Bu münasibət bacı, qız övladları və həyat yoldaşlarına da aiddir. Kişi onlara görə, Uca Allah qarşısında  cavabdehdir. Gələcək nəslin tərbiyəsi  və hansı dini imanı daşıması daha çox qadından asılıdır.  Qadın ailə ocağında əmin-amanlığın, barışığın təminatçısıdır. Onların hüquqlarına gəlincə, qadınlar da kişilər kimi bərabər hüquqlara malikdir. Qadın və kişiyə verilən hüquq və bərabərliklərə gəlincə, üzərinə düşən öhdəliklərin  doğru, düzgün yerinə yetirilməsinə görə hər ikisinin  Uca Allah tərəfindən mükafatı da eynidir. “Allahın birinizi digərinizdən üstün tutduğu  ( birinizə digərinizdən artıq verdiyi) şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından  öz payı, qadınların da öz qazandıqlarından öz payı…” (“Ən – Nisa”- 32).

  Təbiətcə fərqli olan kişi və qadının  cəmiyyətdə özünəməxsus rolu var. Bu vəzifələr bir-birini tamamlamaqla yanaşı, ayrı-ayrılıqda cəmiyyətin vacib və başlıca hissəsini təşkil edirlər. Həm kişi, həm də qadın cəmiyyət daxilində  özlərinə vacib hesab etdiklərini qazanmaqla sərbəstdir. Əldə etdikləri yeni bilikləri cəmiyyətə töhfə verməkdə azaddırlar. Ancaq bir şərtlə, onlar üzərinə düşən ailə vəzifələrinə  laqeyd yanaşmamalı, fəaliyyətləri ilə ləyaqət və təvazökarlıqlarına  xələl gətirməməlidir. Qadın cəmiyyətdə bir çox vəzifələri icra edə bilər. Misal üçün, səhiyyə, təhsil, ictimai işlərdə və digər sahələrdə daha səmərəli fəaliyyəti ilə kişilərdən  heç də geri qalmaz. Müsəlman  qadın Uca Allahın qarşısında namus və əxlaqına görə məsuliyyət daşıyan ərinin və ya qohumunun razılığı ilə cəmiyyətin ictimai və siyasi həyatında iştirak edər, ona uyğun sayılan səhiyyə, təhsil, tikiş və geyimin modelləşdirilməsi, kulinariya sahələrində də işləyə bilər. Qadın kişinin  tutduğu bütün rəhbər vəzifələrdə çalışa bilər. İslamda hüquq alimi Əbu Hənifənin fikrincə, İslamda qadına hakim olmağa da icazə verilir. Onun qənaətinə görə, qadın arbitraj məhkəmədə mülki  məsələləri araşdıra bilər. Tarixçi alim Ət -Təbəri isə hesab edir ki, qadın cinayət işlərini araşdıran hakim vəzifəsini də uğurla icra etməyə qadirdir. İslam hüquq alimi İbn Həzm bildirirdi ki, qadın  istənilən məhkəmədə hakim işləyə bilər: “ Müsəlman  şəriəti buna qadağa qoymur”. İbn Həzm Məhəmməd Peyğəmbərin (s) sözlərindən sitat gətirirdi: “ Qadın ərinin mülkünün qayğısına qalır və onun himayəsində olanlar üçün məsuliyyət daşıyır”. Ardınca qeyd edirdi: “ Bizə gəlib çatan hədislər bunu qadağan etmir”. “Ali-İmran” sürəsinin 195-ci ayəsini əsas götürən Hənəfi və zahirən məktəbinin davamçıları qadına mühakimə üsulu ilə, o cümlədən siyasətlə  məşğul olmağa icazə verirdilər. Məhz bu ayəni misal gətirərək Müqəddəs kitabda  qadınla kişi arasında ayrı – seçkiliyin olmadığını bildirirdilər: “ İstər kişi, istərsə qadının etdiyi əməli tələf etmirəm. Belə ki, sizlər digərlərindən əmələ gəlibsiz”.

   İslama görə, elm və biliyə yiyələnmək hüququ təkcə  kişilərə verilməyib. Qadınlar da kişilər kimi bu məsələdə bərabər hüquqa malikdir. Hədis alimi İbn Macə deyir: “Elmə yiyələnmək hər müsəlmanın borcudur”. Bu fikir tam mənası ilə qadınlara da şamil edilir.

  Əksəriyyətin  fikrincə, təhsil və iş müsəlman qadınlar üçün mümkündür və buna qadağa yoxdur. Ancaq bu tip məsələlər hər ailədə fərdi şəkildə həll olunur. İstənilən halda qadın evdən kənarda hər hansı işi üzərinə götürsə də özünü seçdiyi işə tam həsr edə bilmir. Yəni ailə və məişət qayğıları yenə də onun məsuliyyətində qalır. Bu səbəbdən də əksər müsəlman qadınları könüllü olaraq öz həyatlarını doğma və yaxın insanlara həsr etməklə, qadın işlərinə qayıtmağa daha çox üstünlük verirlər. Bu işdə şəriət qadına münasibətdə hörmətini təkcə təntənəli şəkildə elan etmir. Əslində müsəlman qanunlarına riayət qadının müdafiəsini  (sosial, maddi, fiziki, hətta psixoloji) təmin edir, ona mənəvi və maddi baxımdan  təhsil almaq hüququnun verilməsi isə vacib şərtlərdən hesab olunur.

  İslam cəmiyyətində hər bir insan əməlinə görə Uca Allah qarşısında həm fərdi, həm də kollektiv şəkildə məsuliyyət daşıyır. Bu prinsiplərə əməl olunması üçün müsəlman cəmiyyətində çox ciddi qanunverici baza mövcuddur. Müsəlman qanunları qadının namusunu, ləyaqətini müdafiə  edir və ona hörmətlə yanaşmasının tərəfdarıdır. Qadın şəxsiyyətdir. O, vəfalı olmalı, naməhrəm sayılan kişi ilə gözəlliyini və cəzibədarlığını paylaşmamalıdır.

  Sadalananlar kişiyə də şamil edilir. Hətta çoxarvadlı ailədə də hər qadının əri ilə bərabər hüququ var. Qəbul olunmuş ümumi qaydalara görə, müsəlman qanunvericiliyi  müsəlmanların hərəkətlərinə nəzarət və cinslər arasında münasibətləri tənzimləyən bəzi prinsipləri  müəyyənləşdirib.

  Müsəlman qadının hörmət və statusu təkcə onun fiziki gözəlliyi və kişi ilə bərabər sosial həyatda iştirakı ilə təyin olunmur: ona möminliyinə görə, qadın cazibəsini yalnız nikahda olduğu kişi üçün qoruduğu üçün hörmət edilir. Ədəbli geyim və tərbiyəliyinə  görə, kişilər onunla şəxsiyyət kimi rəftar edir. Yəni insanın cəmiyyətdə dəyəri ləyaqəti  ilə ölçülür. Müsəlman qadını xasiyyəti və şəxsi keyfiyyətlərlə, ciddiliyi və ləyaqətilə, möminliyi, təhsili, sədaqətli həyat yoldaşı və ana olması ilə cəmiyyətdə hörmət qazanır. İslam qanunvericiliyinə  görə, qadın iqtisadi cəhətdən də müstəqil olmalıdır.  Arvad maddi  məsələlərin həllində ərindən asılı deyil və şəxsi mülkiyyəti ilə onun razılığı olmadan istədiyi kimi rəftar edə bilər. Ərin üzərinə düşən  və zəiflərdən biri proporsional maddi vəsaiti nəzərə almaqla arvadla iqtisadi müqavilə imzalamaqdır. Müqavilə arvada ər tərəfindən verilən başlığı  (mehr) müəyyənləşdirir. Vəfatına qədər ər üzərinə düşən mehri ödəmədiyi təqdirdə, bu, borc sayılır və miras qalan varidatdan  ilk növbədə həmin borc ödənilir. Bundan əlavə dul qalmış arvada mirasdan da pay düşür. Qadının müstəqil əldə etdiyi istənilən mülkiyyət, miras edilən, hədiyyə və ya işgüzar keyfiyyətlərinə görə, əldə etdiyi qazanc yalnız ona məxsusdur.  O, şəxsi mülkiyyətinin idarə olunmasını ərinə etibar edə bilər. Əgər qadın özünü  müstəqil idarə etmək istəyirsə, əri onun işinə qarışa bilməz. İslam hüquq alimi İbn Həzm Əndalusi qeyd edirdi ki, ev və ya malikanəyə sahib olmaq qadının haqqıdır. O, ticarətlə də məşğul ola bilər. Başqasına zamin durmaq və ərindən aldığı başlığı və ya onun bir hissəsini istədiyi adama verə bilər. Nə atası, nə də əri ona qarşı çıxa bilməz.  Bu sözlərə təsdiq kimi o, Qurani-Kərimin 4-cü surəsinin 32-ci ayəsini misal gətirir.

  Ərli qadın şəxsi mülki olduğu halda onu ərinin ümumi təsərrüfatına da əl qoya bilər və bu əksər hallarda belə də olur. Ancaq bunu etmək qadının üzərinə düşən vəzifə deyil. Ümumi təsərrüfatın  idarə olunması, arvad ərindən iqtisadi baxımdan  daha müstəqil olduğu halda belə ailə başçısının, yəni ərin  üzərinə düşür.

  Hədisələrdən birində deyilir ki, qadınlar da şəxsi vəsaitləri hesabına xeyriyyəçiliklə məşğul ola bilər. Zeynəb adlı ilk qadın Peyğəmbərin(s) yanına gələrək ərlərinin maddi cəhətdən o qədər də imkanlı olmadıqları üçün onlara öz şəxsi vəsaitləri hesabına yardım etmək arzusunda olduqlarını bildirirlər.  Peyğəmbər(s) onların o əməlinin ikiqat savab sayıldığını, bunun həm xeyriyyəçilik, həm də yaxınlarına mərhəmət hissi kimi qiymətləndiriləcəyini  söyləyib. Qurani-Kərimdə deyilir: “Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. And içib əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin!”. (“ən-Nisa”-33).

  İslama görə, üstünlük varislik sistemi mülkiyyətin daha geniş şəkildə paylaşdırılmasını nəzərdə tutur. İnsan həyatını dəyişdiyi  halda onun və ya qadının valideynləri sağ qaldığı halda əri və ya arvadı, oğlu və qızlarına mirasdan pay düşür. Ancaq bir şərtlə, kişi ilə qadın eyni dərəcədə yaxın olduğu halda kişiyə ikiqat artıq pay düşür. Bu cür bölümdə qeyri-bərabərlik yoxdur. Belə ki, kişi ailənin saxlanmasına görə məsuldur, qadın isə belə məsuliyyət daşımır.

  Cahilliyyə adətlərinə əsasən, qadın mirasın yaranmasında rol oynamadığına görə ona miras düşmürdü. İslam isə qadına belə bir hüquq verdi. Sadəcə, mirasdan qadına kişi ilə bərabər pay düşmədiyini aydınlaşdırdı. Bu cür ilahi qanunauyğunluqla İslam qadının hüququ ləyaqətini təmin etməklə yanaşı gələcək həyatının da qayğısına qalıb. Müsəlman öz mülkiyyətinin üçdə bir hissəsini vəsiyyət edə bilər. Bura onun xeyriyyəçilik  məqsədi ilə, yaxud da qanunla varis hesab olunmayanlar üçün ayırdığı  hissə daxildir. Bu hissə onun malik olduğu mülkiyyətinin üçdə birini üstələməlidir. O, qanuni varislərin mirasını nə azaltmaq, nə də tamamilə ləğv etmək hüququna malikdir. İslam miras bölgüsündə qadının mülkiyyət  hüququndan məhrumetmə kimi ədalətsizliyə yol vermir. Mülki anlaşmada şəhadətnaməni təsdiq etmək üçün verilən göstəriş, eləcə də, anlaşmanın yazılı şəkildə rəsmiləşdirilməsi adətən İslam cəmiyyətində qadınların hüquqlarının tapdalanması  ilə nəticələnir: “Doğmalarınızdan iki şahid göstərin. Əgər iki kişi müəyyənləşdirmək mümkün olmasa, razı olduğunuz bir kişi və iki qadın şahid seçə bilərsiniz. Əgər qadınlardan birinin yaddaşı itsə, o biri onun yadına salsın”. (“əl-Bəqərə”-282) Burada hüquq pozuntusundan söhbət gedə bilməz. Normal qaydalara görə, qadın hüquqi prosedurlarda  şahid qismində çıxış etməkdən mümkün qədər uzaq olmalıdır. Mülki razılaşmalarda  qadın şahid qismində prosesə cəlb olunmamalıdır. Bu qayda ancaq vaxt məhdud olduğu halda pozula bilər. Ancaq bu halda da çətinlik ortaya çıxır. Şahid qismində çıxış edən kişi sorğu-sual zamanı daha sərbəst olduğundan, onun hafizəsi yaxşı işləyir. Qadın və kişi şahid olduqda, şəriət qaydalarına görə, bu əks cinslər arasında ünsiyyət adət halını almadığından  onların şahid kimi  hər ikisinin  eyni fikri söyləməsi bir qədər çətin olur. Bu çatışmazlığa son qoymaq üçün şahidlərin hər ikisi kişi olmadığı halda, bir kişi və iki qadın seçilir. Belə ki, iki qadın arasında ünsiyyət olduğundan onlar sənəddə göstərilən hər sözü yadda saxlamaqda çətinlik çəkməz. Bu göstəriş kişi ilə qadının nisbi çəkisini deyil, şəhadətnamənin bütövlüyünü təmin edir. Növbəti misal işin mahiyyətinə aydınlıq gətirir. Təsəvvür edin ki, bir kişi və iki qadın tərəfindən təsdiqlənmiş  saziş mübahisə predmentinə  çevrilib və hüquqi yanaşma tələb edir. Mübahisə yarandığı an qadın şahidlərdən biri artıq həyatda yoxdur. Şahid qadın və şahid kişi məhkəmədə ifadə verərsə də hakim ifadələrin bir-birinin tamamlamadığını aşkar edir. Eyni  zamanda bütün amilləri  çək-çevir etdikdən  sonra şahid qadının ifadələrinin daha həqiqətəuyğun olduğunu aşkar edir. Hakimin üzərinə düşən sadə vəzifə şahid qadının dediklərini əsas götürməkdir. Bu haqda qadının xeyrinə və ya ziyanına hüquq pozuntusundan söhbət gedə bilməz.

   Yekun olaraq qeyd etməliyik ki, müsəlman hüququ müstəqil elm sahəsi deyil, İslam dininin bir qolu kimi çıxış edir. Onun iki xarakterik və  bir-birindən asılı xüsusiyyətləri var. Bura dini mənşə (ilahi məziyyət) və hüquqi şərtlərin müsəlman ehkamları (ilahiyyat) ilə sıx əlaqəsi, əxlaqi dəyərlər dini ibadət, bir sözlə, İslamın dini normaları daxildir.

Mənbəyi dini davranış qaydalarından qaynaqlanan müsəlmanlığın hüquqi normaları bir-birindən dini sistemdən asılılıq dərəcəsinə görə fərqlənir. Dini normalarla üst-üstə düşən (“dünyəvi” təsdiqini tapanlar da daxil olmaqla) dinlə sıx bağlı olanlardır. Müsəlman hüquqşünasları tərəfindən müqəddəs mətnlər əsasında ifadə edilən hüquqi normalara gəldikdə, ilkin mənbədən fərqli olaraq onlar daha müstəqildir (təsadüfi deyil ki, müsəlman hüquqi doktrinasına görə, birinci qrupa şamil edilən “ İlahidən yaranan” normalardan fərqli olaraq, onlar əbədi deyil, bəziləri dəyişə bilər.) O da qeyd olunmalıdır ki, Qurani-Kərimin Bəzi dini normaları hökumət tərəfindən dəstək almadığı hüquqi normalarda da əksini tapmayıb (məsələn, Qurani-Kərimdə geyimlə, qızıldan və digər  qiymətli  daş-qaşdan istifadə və digər deyilənlər).

 

İslam qadınla kişi arasında oxşar xüsusiyyətlərə  görə fərq qoymur. bu müsəlman qanunvericiliyinin verdiyi hüquqi azadlıqdan qaynaqlanır:

 

1)     Mənşə bərabərliyi – “ey insanlar! Allahdan qorxun, o, sizi yaradıb. Qadın və kişi olmağınızdan asılı olmayaraq sizin bir yaranışınız var” (“Ən-Nisa”-1):

 

2)     Bərabər miras və əmək hüququnun olması (“Ən-Nisa”-32):

 

3)     Bərabər vəzifə və məsuliyyət daşıması –“Mömin olub yaxşı işlər görən kişi və qadına ( dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik” (“Ən-Nəhl”-97) “İstər kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsizniz ( dində kişi-qadın eynidir)”. (“Ali-İmran”-195):

 

4)     Eyni haqq və cəza verilməsi: “Oğrunun, qadın və kişi olmasından asılı olmayaraq, törətdiyi əmələ görə, əli kəsilməlidir” (“Əl-Maidə”-38).

İslam onların yaranışını əsas götürərək  qadına kişi ilə bir səviyyədə dayanmaq hüququ verdi. Əl-Buxari bildirir ki, insanlar daraqdakı dişlər kimi bərabərdi. Ət-Təbəri  hədisində: “Seçim qarşısında qaldığım  halda, mən qadınlara üstünlük verərdim”-deyib.

İslam qadına müstəqillik statusu verib. Bu qanunvericiliyə görə, onun adını, soyadını və atasının adını, daşınan və daşınmaz əmlakı ilə bağlı atasının və ərinin izni olmadan qərar qəbul etmək hüququ var. Müsəlman hüququ qadının müstəqil qərar qəbul edib, atasının adından imtina edib, ərinin soyadını götürməsinə də icazə vermir. Eyni hüquq kişiyə də verilmir: “Onları atalarının adları ilə çağırın. Bu onları yaradan  qarşısında da ən düzgün olanıdır”, İslama görə kişi, qadın, həmçinin hakim və ya məhkum – bir sözlə hamı qanun qarşısında eyni cavabdehlik daşıyır.

 Lalə Mövsümova – fəsəfə elmlər doktoru

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 09