Tarix : 2011 Aug 11
Kod 24658

''Həbs olunmuş AİP rəhbərliyi azad olunmalıdır!''

İslam Partiyası hicab qadağasına etiraz edən çıxışına görə həbs olunanların tezliklə azadlığa çıxmasını tələb edən bəyanat yayıb
well/Aran agentliyi

İslam Partiyası hicab qadağasına etiraz edən çıxışına görə həbs olunanların tezliklə azadlığa çıxmasını tələb edən bəyanat yayıb.

Bu barədə AİP Mətbuat Xidmətindən İslamazeri.az internet qəzetinə məlumat verilib.

Bəyanatda deyilir:

"Məlum olduğu kimi, 02 yanvar 2011-ci il tarixdə AİP sədri Mövsüm Səmədov ölkənin orta ümumtəhsil məktəblərində hicabın süni şəkildə qadağan edilməsi haqqında verilən göstərişi və bundan irəli gələn problemləri pisləmişdir. M.Səmədov həmçinin ölkədə islamofobiyaya, dini etiqad azadlığı haqqında vətəndaşların mənəvi hüquqlarını məhdudlaşdıran hallara qarşı etirazını ifadə etmişdir.

Bununla bağlı M.Səmədov və onu müdafiə edən bir neçə şəxs sonra inzibati qaydada həbs edilmiş və onlara qarşı həbs müddəti başa çatmamış heç bir aidiyyatı olmayan ağır ittihamlar irəli sürülmüşdür.

AİP həbs olunanların fərdi keyfiyyətlərinə, onların vəkillərinin istintaq və məhkəmə araşdırılmasının gedişindəki münasibətinə istinad edərək bəyan edir ki, Mövsüm Səmədov və onunla birlikdə eyni ittihamlarla həbs olunanların heç vaxt ağır cinayət törətmək fikirləri olmamışdır. Onlar heç kimə qarşı düşmənçilik münasibəti bəsləməmiş, heç bir silah əldə etməmişlər. Amma bütün bunlara baxmayaraq, istər istintaq prosesində, istərsə də məhkəmə hazırlığı və ilkin məhkəmə istintaqında müdafiə tərəfinin əsaslı qaydada irəli sürdükləri çoxsaylı vəsatətləri təmin olunmamış, rədd edilmişdir. Bu isə məhkəmənin, eyni zamanda istintaq prosesinin qərəzli keçirilməsindən xəbər verir. Daha ziddiyyətli amil isə istintaq materiallarında həbs olunanların guya Qubada yaşayan yəhudi vətəndaşlarımıza qarşı terror və ya silahlı basqın edəcəkləri amilidir.

AİP belə bir əsassız ittihamı ölkəmizdə süni şəkildə milli və irqi qarşıdurma yaradacaq amil kimi qiymətləndirir. Çünki bu kimi hallar xalqımızın mental xüsusiyyətlərinə daxil olmamışdır. Buna uyğun olaraq AİP öz Nizamnaməsində belə hər cür milli və irqi ayrıseçkiliyi rədd edir, cəmiyyətdə barış, qardaşlıq, insan haqlarının, izzət və ləyaqətin qorunmasına çalışır. Bu, həm də ümumən İslam dininin əsas tələblərindəndir.

Biz məhkəmə istintaqında günahsız insanlara bəraət verilməsini, həbs olunanların simasında xalqımızın beynəlxalq imicinə süni zərər və ləkə gətirə biləcək cəhdlərin tezliklə aradan qaldırılmasını tələb edir, Ramazan ayının sonuna qədər həmin insanların ailələrinə qovuşmalarını Uca Tanrıdan istəyirik.

AİP Mətbuat Xidməti

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 11