Tarix : 2011 Aug 11
Kod 24660

Məhbus ailələri prezidentlə görüş tələb edir

Həbs olunanların ailələri ölkə başçısı ilə görüş tələb edirlər
well/Aran agentliyi

Həbs olunanların ailələri ölkə başçısı ilə görüş tələb edirlər. “Təəssüflər olsun ki, nəinki bizə bu şəraiti yaratmırlar, əksinə ölkə başçısı ilə xalq arasında uçurumu dərinləşdirirlər.”

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, partiyanın Astara rayon komitəsinin sədri Rufullah Axundzadə və digər həbs olunanların ailə üzvləri Prezident Aparatına gəliblər. Bu barədə Xəbər.İnfo xəbər portalına Rufullah Axundzadənin böyük qızı Nuranə Axundzadə məlumat verib. N.Axundzadə bildirib ki, artıq üçüncü dəfədir biz Prezident Aparatına gəlirik: “Günahsız yerə həbs olunanların ailələri ilə birlikdə bundan öncə iki dəfə gəlib sözümüzü ölkə başçısına çatdırmağa səy göstərmişik. Amma əvvəl dedilər ki, bir həftədən sonra gəlin. Sonra 10 gün, daha sonra bir ay vaxt qoydular. Biz prezidentlə görüşüb, sözümüzü ona çatdırmaq istəyirik. Təəssüflər olsun ki, nəinki bizə bu şəraiti yaratmırlar, əksinə ölkə başçısı ilə xalq arasında uçurumu dərinləşdirirlər”.

“Bu dəfə də sakitcə gəldik. Soruşdular ki, nə lazımdır? Dedik, prezidentlə görüş tələb edirik. Bizi içəri apardılar, bir qadın qəbul etdi. Bizimlə çox kobud rəftar edib, prezidentlə heç zaman görüşə bilməyəcəyimizi dedi. Biz də bunun, hüququmuz olduğunu xatırlatdıq. Nəhayət bizimlə hündürdən danışıb, polis çağırdı” – deyən N.Axundzadə əlavə etdi: “Polis oranı tərk etməyimizi tələb edəndə, biz də mütləq görüşəcəyimizi bildirdik. Sonra bizə qarşı zor işlədərək, məcburi şəkildə polis maşınlarına mindirməyə cəhd göstərdilər. Onu da deyim ki, bizim üstümüzə bir neçə maşın polis gətirmişdilər. Çox kobudluq etdilər, hətta qucağımdakı yeddi aylıq uşağa belə rəhm etmirdilər”.

N.Axundzadə onlara qarşı edilən təzyiqlərə baxmayaraq, heç bir günahı olmadan həbs olunan atası və digər məhbusların azad olunmalarını tələb edəcəklərini bildirdi: “Biz geri çəkilməyəcəyik. Son ana qədər mübarizə aparacağıq. Əminik ki, həbs olunanların heç bir günahı yoxdur. Onlar dini əqidələrinə görə zindanlara salınıblar”.

Mənbə: MRC (Mübariz Ruhanileri Cəmiyyəti)

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 11