Tarix : 2011 Aug 12
Kod 24677

AİP üzvləri və ruhanilərin məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində onların barəsində irəli sürülən ittihamlara baxış keçirilib
g/Aran agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

Bakı Ağır Cinayətlər Məhkəməsində onların barəsində irəli sürülən ittihamlara baxış keçirilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Hacı Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Seyyid Fəramiz Abbasovun və ruhani Hacı Zülfüqar Mikayılovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

İslamazeri.az internet qəzetinin məlumatına görə, sonuncu məhkəmə 4 avqustda keçirilmiş, hakimlər vəkillərin və məhbusların heç bir vəsatət və istəklərini təmin etməmişdi.

Bu gün isə məhkəmə zalına yalnız media nümayəndələrini və məhbusların yaxınlarını buraxıblar.

İslamazeri.az internet qəzetinin xüsusi müxbirinin məhkəmədən verdiyi məlumata görə, məhkəməyə Eldar İsmayılov hakimlik edib.

Məhkəmə başladıqda Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov, vəsatət qaldırıb.

Anar Qasımov deyib: "Hacı Mövsüm Səmədovun həbs müddəti bu ayın 8-də bitib. 3 gündürkü o qanunsuz olaraq həbsdə saxlanılır. Bu onu azadlıq və toxunulmazlıq hüququnu pozmaqdır. Həmçinin beynəlxalq insan haqları konvensiyasına da ziddir. Buna görə də vəsatət qaldırıb istəyirik ki, Mövsüm Səmədov azad olunsun. Onu qanunsuz olaraq həbsdə saxlanılmasında təqsirkar olanlar haqqında ölçü götürülsün."

Bundan sonra Eldar İsmayılov və digər 2 hakim müşavirə otağına yollanıb. Onlar müşavirədən qayıtdıqdan sonra 158.3 maddəsini əsas gətirərək vəsatəti təmin etməyiblər.

Dövlət ittihamçısı, Mövsüm Səmədovun Qubada başqa dini təriqətlərə qarşı terrora hazırlıq görməsi ilə bağlı ittihamla çıxış edib. M. Səmədov dövlət ittihamçısının çıxışına müdaxilə edərək deyib: "O təriqət dedikdə kokret olaraq hansı təriqətin nəzərdə tutulduğunu və bu təriqətin islami yoxsa qeyri islami təriqətdən söhbət getdiyini bilmək istəyirəm." Bu barədə öz yazdığı vəsatəti hakimə təqdim edib. Məhkəmə isə bu vəsatətidə əsassız hesab edib. Dövlət ittihamçısının digər dini təriqətlər dedikdə konkret olaraq hansıların nəzərdə tutulduğunu bildirməməsi müttəhimlərin vəkillərinin də etirazına səbəb olub. Nəticədə bir müddət polimika yaşanıb.

Bundan sonra Hacı Mövsüm Səmədov uzun çıxış edib. O ilk öncə mübarək Ramazan ayı münasibəti ilə xalqımızı və bütün müsəlmanları təbrik edib. Bu barədə ayə və hədislər deyib. Daha sonra isə ittiham olunduğu maddələrə toxunub. O barədə də sözünə Quran ayəsi ilə başlayıb. M. Səmədov deyib: "Quranda buyurulur ki, Allaha tərəf səy edin. Bir dəstə Allaha tərəf yönələr. Digərləri isə zülmətə tərəf gedərək öz ağızları ilə Allahın nurunu söndürməyə çalışarlar. Başqalarınıda Allahdan uzaqlaşdırmağa çalışırlar. Bəşəriyyət mövcud olduqca hər zaman əqidə mübarizə olub. Həmçinin Azərbaycanda da bu belədir. Ateist rejimindən çıxdıqdan sonra müstəqil Azərbaycan sionizmin hədəfinə çevrilib. Təəssüflər olsun ki, 90-cı illərdən, xüsusi ilə "əsrin müqaviləsi" imzalandıqdan sonra, yəni 90-cı illərin ortalarından etibarən Azərbaycan daha sürətlə sionizmin təsirinə düşüb...
Bizi qeyri əqidəvi bir məsələ ilə təqsirləndirib məslənin mahiyyətini dəyişmək istəyirlər. Amma biz bilirik ki, bütün bunların səbəbi bizim əqidəvi baxışımızdır. Lakin bizi digər cinayətlərdə ittiham edərək ictimaiyyəti də inandırmağa çalışırlar ki, guya biz başqa məsələlərlə ittiham olunuruq. Həqiqətdə isə zülmə, Azərbaycan xalqının düşməni olan daxili istibdada və xaricdəkilərin istikbarına qarşı çıxdığımıza görə buradayıq. Bunu bir dəfəlik yadda saxlayın, bilin! Zülm ilə abad olanın axırı bərbad olar...".

Hacı Mövsüm Səmədovun halı çıxışı zamanı pisləşib. Məhkəməyə fasilə verilib. Zal boşaldılaraq M. Səmədov üçün həkim çağırılıb.
Təxminən 15 dəqiqədən sonra məhkəmə yenidən başlayıb. Dövlət ittihamçısı çıxış etməyə və Mövsüm Səmədova suallar verməyə başlayıb. O Hacı Mövsümün və Azərbaycan İslam Partiyasının məramı barədə suallar verib. Partiyanın yaranması, məqsədləri, nizamnaməsi, məramnaməsi, fəaliyyət prosesi, üzvlərinin sayı, şöbələri, rayon komitələri, qurultaylar və baş məclislərin toplantıları barədə suallar verib. Əsas diqqət çəkən məqam bu idi ki, dövlət ittihamçısı Hacı Mövsümün suallara elə tərzdə cavab verməyə vadar etmək istəyirdi ki, bu cavablar ibtidai istintaqdakı ilkin cavablandırma ilə tərs mütənasiblik təşkil etsin.
Dövlət ittihamçısının hətta bəzi qeyri məntiqi sualları məhkəmədə iştirak edənlərin gülüşünə səbəb olur. O israrla M. Səmədovun Seyyid Fəramiz və Zülfüqar Mikayılzadə ilə gizli əlaqələrinin və fəaliyyətlərinin olduğunu göstərməyə çalışırdı. Lakin heç bir dəlil və məntiqi əsası olmadığına görə cəhdləri uğursuz alınırdı.

Bundan sonra isə hakim digər müttəhimlərin sözlərinin olub-olmamasını söruşdu. Məhkum Rufullah Axundzadə ayağa qalxaraq deyib: "Möhtərəm hakim mən özüm "Cəfəri" təriqətinə mənsubam. Həyat yoldaşımın isə əqidəsi "Şafei"dir. Bu o deməkdir ki, mən həyat yoldaşıma, onun qohumlarına və digər qonşuluğumuzda yaşayan qeyri-"Cəfəri" olanlara qarşı terrora hazırlaşırmışam. Bu həqiqətəndə gülüncdür."

Daha sonra isə hakimlər Hacı Mövsüm Səmədova suallar verməyə başlayıblar. Hacı Mövsüm verilən sualları cavablandıraraq bir daha vurğulayıb ki, "Bizi həqiqətdə nəyə görə həbs etmisinizsə ona görədə ittiham edin. Kişi kimi deyin ki, əqidənizə görə, çıxışlarınıza görə ittiham olunursunuz. Daha belə oyunbazlıq, saxtakarlıq lazım deyil. Bizim əqidəmizdə sizin irəli sürdüyünüz terrora yer yoxdur. Biz terroru lənətləyirik. Siz isə bizi bundan ittiham edirsiniz..."

Daha sonra hakim növbəti məhkəmənin vaxtının 15 avqusta təyin edib. Vəkillər isə buna etiraz edərək deyiblər: "Verdiyiniz vaxt çoxt qısadır. Ən azından avqustun 18-ə təyin olunmalıdır." Hakim isə etirazlara baxmayaraq qərarını dəyişdirmədi. Məhkəmə avqustun 15-i saat 10:00-a təyin olundu.

  • Yazılıb
  • da (də) 2011 Aug 12