Tarix : 2011 Aug 14
Kod 24721

Abgül Süleymanov və Ramin Bayramovun məhkəməsi keçirilib

Ruhani Abgül Süleymanov, jurnalist Ramin Bayramov və AİP funksioneri Arif Qəniyev 2 ay müddətinə azadlıqdan məhrum ediliblər
well/Aran agentliyi

 

Hakim Elnur Həsənovun sədrliyi ilə Səbail rayon məhkəməsində avqustun 11-də MTN əməkdaşları tərəfindən saxlanılan ruhani Abgül Süleymanovun, jurnalist Ramin Bayramovun və Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Arif Qəniyevin işinə baxılıb.

Bu barədə SalamNews-a Abgül Süleymanov və Arif Qəniyevin vəkili Anar Qasımov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə hər iki şəxs barəsində 2 ay müddətinə azadlıqdan məhrum etməklə həbs qətimkan tədbiri seçib. Vəkil deyib ki, yaxın günlərdə Abgül Süleymanova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) – maddəsinin irəli sürülməsi gözlənilir. “Abgül Süleymanovun Biləcəri qəsəbəsində yerləşən evində axtarış keçirilib. Axtarış mənim iştirakımla keçirilsə də, mən gələndə artıq qapı açılmışdı. Abgülün evindən silah-sursat, 2 ədəd qumbara, 80 ədəd avtomat gülləsi və narkotik maddəyə oxşar vasitə “çıxdı”. Bunun narkotik olub-olmadığını istintaq müəyyənləşdirəcək",- Anar Qasımov söyləyib. O bildirib ki, bu cinayət işi üzrə istintaqçılar tərəfindən vəkillərə mütamadi olaraq təzyiqlər göstərilir: “Vəkillər etiraz etdikdə, vəsatət qaldırdıqda onları kollegiyadan çıxarılacaqları ilə hədəliyirlər. Belə olan halda, vəkillər bilmirlər, özlərini müdafiə etsinlər, yoxsa təqsirləndirilən şəxsləri”. Xatırladaq ki, Abgül Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 14