Tarix : 2011 Aug 17
Kod 24805

Cəmiyyətimiz imzafobiyadan necə qurtuldu

Fobiya mövzulu məqaləyə sözardı
well/Aran agentliyi

 

Giriş.

Başa çatmış tədris ili boyunca Azərbaycan məktəblərində inanclı şagird qızların hicablı şəkildə dərslərdə iştirak edilməsinə qeyri-hüquqi və əsassız qadağa qoyulmuşdur. Bu qadağa təhsil sahəsindəki rəsmi şəxslərin dilindən səslənsə də, rəsmi sənədlə təsdiqini tapmamağına baxmayaraq, adətən ölkəmizdə olduğu kimi tətbiq olunmaqdadır. Bütün bu müddət ərzində bu qadağanın aradan qaldırılması üçün göstərilmiş demək olar ki, bütün qanuni səylər heç bir nəticə verməmişdir. Və nəhayət, ən effektli tədbirlərdən birinə əl atıldı. Beləliklə, son bir ayda Azərbaycan üzrə “Məktəblərdə hicab qadağasının ləğvi üçün prezidentə yüzminlik müraciət” adlı bir kampaniya getdi...

Bu günlərdə elektron media səhifələrində fobiyalarla bağlı 14 yaşlı gənc bir yazarın məqaləsini oxudum. Məqalədə fobiya termininin izahı verilmiş və onun hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verəcək hadisə üçün narahatçılıq, insanın keçirdiyi qorxu və s. kimi hiss olduğu qeyd edilmişdi.

Bu məqalə, bizi fobiya mövzusuna bir daha müraciət etməyə sövq etdi. Xüsusən də son bir neçə həftə ərzində demək olar ki, bütün yazılı və internet şəbəkəsi media qurumlarının (təbii ki, TV məkanından başqa) gündəmini məşğul etmiş sosial bir məsələ fonunda – qızcığazların dərslərdə hicabla iştirak edib-etməməsi – fobiya mövzusu bir qədər də marağımızı artırdı.

Beləliklə, nə baş vermişdir? İlk baxışdan sanki elə də fövqəl hadisə baş verməmişdir. İmza yığılır. Nə olsun ki? O qədər imza yığıla bilər ki... Bir də görürsən ki, hansısa bir binada, məhəllədə yaşayan insanlar nəsə problemləri ilə bağlı, məsələn, məhəllənin içərisindən çirkab sularının axmasından, bina sakinlərinin xeyir-şər evlərinin olmamasından, evin damının axmasından, binanın zirzəmisinə su dolması səbəbindən mənzillərə ağcaqanad dolmasından, hansısa restoranın gecə yarısına kimi səs-küy salaraq sakinlər üçün narahatlıq yaratmasından və sairədən və ilaxirədən şikayət yazaraq imzalayırlar. Düzdür ki, cəmiyyətimizdə hansısa problemin həll edilməsi ilə bağlı kütləvi şikayət, müraciət, məktub, sorğu və s. göndərilməsi kimi hallar o qədər də təşəkkül tapmamışdır. Təşəkkül tapmamışdır deyəndə ki, bu işin xatırlana biləsi heç bir nümunəsi də yoxdur. Və hətta ara-sıra hansısa sosial problemlə bağlı nəsə göndəriləndə də onu imzalayanların sayı 10-15 nəfərdən artıq olmur. Bəs niyə belə az? Görəsən niyə adamlar hətta zəruri məişət problemləri ilə bağlı birlikdə nəsə bir müraciət, bir məktub, bir tələb, bir istək ortaya qoya bilmirlər?

Deyəsən bunun kökünü araşdırmaq üçün bir qədər dərin mətləblərə baş vurmaq lazımdır. Məsələn, təqribən 70 il əvvələ - məşhuri-bədnam 30-cu illərə. Həmin o illərə ki, tarixdə Stalin repressiyaları kimi qalmışdır. Nə baş verirdi o zaman? Doğru söz deyən, haqqı tələb edən dillər kəsilirdi. Haqq tərəfdarları ailəlikcə, hətta nəsillikcə repressiyalara məruz qalırdılar – zindanlarda, həbsxanalarda, Sibir katorqalarında məhv olurdular. Leninin qanlı qırmızı terrorunun xələfi olan və zaman-zaman, ardıcıl şəkildə davam edən Stalinin həmin o repressiya illərində yüzminlərlə, milyonlarla ailələr məhv oldu, başsız qaldı. Və nəticə nə oldu? Nəticə bu oldu ki, doğrunu, haqqı deməyin məhvə aparacağının yəqinliyi xofu yavaş-yavaş insanların canına, qanına hopdu. Və insanların bir qismi imzasız məktublar (“anonimka”) yazmaq yolunu daha “düzgün” bildi. (Amma ki, belə imzasız, anonim məktubların sahibləri bir çox hallarda başqasını gözügötürməzlik səbəbindən qarayaxma, “işverənlik”, və s. edərək başqalarının bədbəxtçiliyinin də baiskarına çevrildilər). Nəticədə, içərisində elə bizim xalq da olmaqla sovet cəmiyyəti bir dərsi yaxşı öyrəndi: sözün düzünü demək olmaz! Əgər deyilirsə də, bunu kimin dediyi bilinməməlidir.

İllər keçdi. Sovet dövrü tarixin arxivinə göndərildi, Amma, postsovet xalqlarının, xüsusilə də Azərbaycan cəmiyyətinin rəsmi imza atmaqla bağlı xofu canından çıxmadı. Elə indi də, hətta həyati əhəmiyyətli məsələlərdə belə, görürsən ki, insanlar nəyisə imzalamağa, hətta çətinliklə imzalasa da, onun altında öz ünvanını göstərməkdə çətinlik çəkirlər.

Lakin, birdən-birə cəmiyyətimizin bir qrupunun düşüncəsində sanki bir yenilənmə yaşandı. Sanki möcüzəli bir ovqatın təsiri ilə cəmiyyətin müəyyən bir hissəsində nəsə bir dönüş baş verdi. İnsanlarımız kütləvi şəkildə imzalarını qoymağa, bu azmış kimi, hətta öz ünvanlarını belə göstərməyə çəkinmədilər. Son onilliklər ərzində Azərbaycan cəmiyyəti daxilində inanılmaz məsələ idi bu... Cəmiyyət imzafobiyaya, mövqefobiyaya “yox” deyirdi özünün bu imzalarıyla...

Bəs nə idi görəsən cəmiyyəti staqnasiya vəziyyətindən silkələyib çıxardan? Nə idi görəsən insanlarımızı öz daxillərində olan fobiyalardan birinin, konkret olaraq mövqelilik xofunun aradan qaldırılmasına təhrik edən? Ən ciddi problemləri olduqda belə rəsmi şəkildə şikayət etməyə, müraciət etməyə çəkinən, bu işdə özünə qarşı bir təhlükə görən bir cəmiyyəti mövqe bildirməyə vadar edən nə idi görəsən?

İlk baxışdan mürəkkəb görünsə də, bunun cavabı məncə sadədir. Adətən hər bir kəs, hətta nə qədər ateist olsa da və heç öz boynuna almasa da belə, daxilində başa düşür ki, onu bir yaradan var. Və bu Yaradan onun bütün ömrünü müəyyən edir. Yəqin ki, hər bir adamın içində, onun qəlbinin dərinliklərində İlahi bir məhəbbət, Allahın vacib olaraq müəyyən etdiklərinə gizli bir hörmət və bunların pozulmasına qarşı hansısa “qırmızı bir xətt” vardır. Və bu xəttin keçilmək qorxusu meydana gələndə insan təbii şəkildə buna etiraz edir.

Yəqin ki, söhbətin yuxarıda girişdə qeyd edilmiş müraciət kampaniyasından getdiyi məlumdur. İndi insanlarımızın bu müraciət kampaniyasına məxsusi həvəs və coşqu ilə qoşulmasının da kökündə məncə həmin o təbii razılaşmamaq durmaqdadır. Bəli, məndə belə bir təəssürat oyanır ki, cəmiyyətimizin özünün ciddi fobiyalarından birindən – bunun adını imzafobiya qoyaq - qurtulması Yaradana olan həmin o gizli ehtiramın nəticəsidir. Və böyük ümid var ki, məmurlarımız da daxildə olan o ehtiramın hesabına hidayət olarlar.

 

Proloq

“Məktəblərdə hicab qadağasının ləğvi üçün prezidentə yüzminlik müraciət” kampaniyası elan edildiyi 100 min imza əvazinə, müəyyən edilmiş vaxtdan da tez 130 mindən çox imza topladı və bu say hələ də artmaqda davam edir. Beləliklə, Azərbaycan cəmiyyəti stalinizmin onun canına hopdurduğu xoflardan birindən canını qurtardı. Bu addımla da digər fobiyalardan qurtulmaq üçün bir presendent, nümunə yaratdı.

Mütəal Allah Azərbaycan xalqının bütün fobiyalardan, ona sırınılmış saxta “dəyərlərdən” qurtulmasını nəsib eləsin, inşaallah!

 

Uca Allahdan diləyimiz budur ki, bu müqəddəs Ramazan ayına xatir, hicab müsibətini tezliklə həll etsin və məhbəsdə olanların qapısını açsın!

Rza Adil/Deyerler

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 17