Tarix : 2011 Aug 17
Kod 24807

HİCAB QADAĞASI GENİŞLƏNİR...

''Hicabla məktəbə gəlmək istəyən, lakin gələ bilməyən şagird sinifdə müəllimənin hicablı olduğunu gördükdə onda müəyyən qısqanclıq yarana bilər
well/Aran agentliyi

 

 

"Hicabla məktəbə gəlmək istəyən, lakin gələ bilməyən şagird sinifdə müəllimənin hicablı olduğunu gördükdə onda müəyyən qısqanclıq yarana bilər."

Bəzi məlumatlara görə, yeni tədris ilindən nəinki şagirdlərin, hətta müəllimlərin də məktəbə hicabla gəlişinə qadağa qoyulacaq. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, artıq rayon məktəblərində bununla bağlı söz-söhbət gedir. Məlumatın nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik, amma hər halda, bu və ya digər müəssisədə tətbiq olunan qaydalar, məntiqlə, təkcə hansısa bir kontingentə deyil, orada işləyən və oxuyan bütün kollektivə şamil edilməlidir.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də düşünür ki, örnək olmaq baxımından müəllimlər də məktəbə hicabla gəlməməlidir. Onun fikrincə, bu məsələnin tənzimlənməsi məktəblərin öz öhdəsinə buraxılmalıdır: "Bu ildən şagirdlərin hamısının məcburi olaraq məktəbli formasına keçməsi tələbi irəli sürülüb. Nazirlik bütün təhsil müəssisələrinə bunu çatdırıb. Məktəbli formalarının qiyməti də bəllidir: 30-55 manat arası. Yəni şagirdlərlə bağlı bu məsələ həllini tapıb. Burada qanun üzrə hamı məktəbli formasında gəlməlidirsə, şagirdin hicablı gəlməsinə, əlbəttə, yer qalmır. Hicabla məktəbə gəlmək istəyən, lakin gələ bilməyən şagird sinifdə müəllimin hicablı olduğunu gördükdə onda müəyyən qısqanclıq yarana bilər. Bu hal gözləniləndir. Təlim-tərbiyə işində, insanın formalaşmasında örnək və şəxsi nümunələr böyük təsirə malikdir. Deməli, sözügedən məsələdə şəxsi nümunə təsiri şagirdi çaş-baş salır. Belədə şagird, insani hüquq və vəzifələrin bərabər olduğunu əsas gətirərək, "mənə olmaz, ona olar" prinsipilə düşünməklə tərbiyə məsələsinə ciddi önəm verməz. Ona görə hicabla bağlı bu kimi fərqləri aradan qaldırmaq və ümumiyyətlə məktəb ədəb-ərkan mərkəzinin nüfuzunu qaldırmaq üçün müəllimlərin də normal geyim formasında məktəbə gəlməsi zərurəti yaranıb. Bu amil təkcə hicab və qadınların geyim məsələsilə əlaqədar deyil, kişi müəllimlərinə də aiddir. Müəllimlərlə bağlı məqamlar da sahmana salınmalıdır. Məktəbin daxili nizamnaməsində hər bir müəllim və müəllimənin tədris ocağına normal geyim formasında gəlməsilə bağlı müddəa öz əksini tapmalıdır. Azərbaycan dünyəvi təhsil verən ölkədir. Müsəlman olmağımız fanatizmə və cahilliyə qapılmağımız, müasir geyim formasından əl çəkməyimiz demək deyil. Bunlarla bağlı daxili məktəb intizamı şəklində təlimati göstərişlər verilməlidir. Belə göstərişlər bizdə yuxarıdan veriləndə o saat dünya qarışır. Hüquqların pozulduğu barədə cəfəng fikirlər səsləndirirlər. Əslində bunların hamısı nisbidir. Ona görə də hər bir məktəb daxilində, məktəbli geyimi kimi, müəllim geyimini də normal səviyyəyə çatdırmaq lazımdır. Hər bir məktəb ilkin ocaq olaraq bunu həyata keçirsə, sistem alına bilər. Ən azından, dərs dediyi şagirdlərə nümunə olaraq müəllimlərin də geyimi yüksək sivil və mədəni səviyyədə olmalıdır. Bunun üçün maarifçilik fəaliyyəti aparılmalıdır. Təəssüf ki, biz maarifçiliyə yer vermirik. Bununla bağlı maarifçi verilişlər olmalıdır ki, məktəblərdə istənilən normal səviyyə alınsın". Göründüyü kimi, söhbətləşdiyimiz ekspert də bu fikirdədir ki, şagirdlərə münasibətdə, hicab da daxil olmaqla, tətbiq olunan qaydalar müəllimlərə də eyni dərəcədə şamil edilməlidir.

Bakı-Xeber

  • Yazılıb
  • da (də) 2011 Aug 17