Tarix : 2011 Aug 17
Kod 24812

ALMANİYADAKI AZƏRBAYCANLILAR ETİRAZ AKSİYASI KEÇİRƏCƏKLƏR

Məqsəd ''20 il Dağlıq Qarabağ Respublikası'' adlı konsert proqramına qarşı etiraz etməkdir
well/Aran agentliyi

 

FaktXeber.com-un AzərTAc-a istinadən verdiyi məlumata görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) sentyabrın 16-dan 22-dək keçiriləcək Ermənistan mədəniyyəti günləri çərçivəsində nəzərdə tutulan “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsert proqramına qarşı etiraz aksiyası təşkil etməyi planlaşdırır. AAKM Almaniyada fəaliyyət göstərən bütün diaspor cəmiyyətlərinə məktubla müraciət edərək onları ermənilərin sentyabrın 19-da Ştuttqart şəhərinin Bad Kanştatt rayonunda keçirmək istədikləri konsert haqqında məlumatlandırıb və bu qeyri-qanuni tədbirlə bağlı yazılı etirazlarını bildirməyə çağırıb.

AAKM-nin müraciətində bildirilir ki, ermənilərin Dağlıq Qarabağ münaqişəsinin birtərəfli qiymətləndirilməsinə can atmaları, konsertin təbliğat xarakteri daşıdığı onların irticaçı simasını bir daha göstərir. Konsert zamanı nəzərdə tutulan çıxışlar Ermənistan mədəniyyət günlərinin mədəniyyətə deyil, Azərbaycana qarşı apardıqları təcavüzkar siyasətə xidmət etdiyini təsdiqləyir.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində ermənilərin “mədəniyyət günləri” pərdəsi altında Almaniya kimi demokratik və hüquqi bir dövlətin ərazisində özlərinin qondarma müstəqilliklərini bayram etmələri onların işğal etdikləri Azərbaycan torpaqlarında minlərlə azərbaycanlıya qarşı törətdikləri qanlı cinayətlərin bayram edilməsi deməkdir.

AAKM öz növbəsində Almaniyanın Baden Vürtemberq əyalətinin Baş naziri Vinfrid Kreçman və əyalətin dövlət nazirliyinin mətbuat xidmətinə, eləcə də Ştuttqart şəhərinin baş meri Volfqanq Şusterə və Bad Kanştatt rayonunun konsert zalının rəhbərliyinə açıq etiraz məktubu ilə müraciət edib. Məktubda AAKM Ermənistanın 1988-ci ildən bəri Azərbaycana qarşı apardığı təcavüzkar siyasət haqqında məlumat vermiş, Dağlıq Qarabağın Azərbaycan Respublikasının əzəli torpağı olduğunu bildirib.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın indiyədək dünyanın heç bir dövləti və eləcə də Almaniya tərəfindən tanınmadığını vurğulayan AAKM sentyabrın 19-da keçiriləcək konserti dəstəkləməklə Baden Vürtemberq əyalətinin ermənilərin Azərbaycan ərazisində yaratdıqları separatçı rejimin müstəqilliyini de-fakto tanıdığını təsdiq etdiyini və bununla da Almaniya hökumətinin xarici siyasətinin əleyhinə çıxış etmiş olduğunu bildirib.

AAKM məktubda daha sonra konsertin və onunla bağlı tədbirin dayandırılmasını tələb edib, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri soyqırımının və insanların yurd-yuvalarından didərgin salınmasının bəşəri cinayət olduğunu və 20 il sonra cinayətkarların şərəfinə tədbir keçirərək onların qanlı əməllərini tərifləməyi deyil, əksinə beynəlxalq ictimaiyyətə qoşularaq hər bir təcavüzkar siyasəti pisləməyə çağırıb.

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 17