Tarix : 2011 Aug 17
Kod 24813

TANINMIŞ JURNALİSTLƏRDƏN RAMİN BAYRAMOVA DƏSTƏK

Şahvələd Çobanoğlu: ''Ramin Bayramovun həbsi məncə həm söz azadlığına, həm də etiqad azadlığına qarşı yönəlmiş həbsdir''
well/Aran agentliyi

 

Son günlər ölkədə dindarların növbəti həbs dalğası başlayıb. Həbs olunan şəxslər narkotik saxlamaqda və terrorçuluqda ittiham olunurlar. Həbs olunanlar arasında ölkədə tanınmış islamyönümlü sayt olan “İslam-azeri” saytının baş redaktoru jurnalist Ramin Bayramov da var. Artıq Ramin Bayramovun həbsi ölkənin nüfuzlu jurnalistləri tərəfindən pislənilib. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən tanınmış media nümayəndələri Şahvələd Çobanoğlu, İdrak Abbasov, Kənan Rövşənoğlu və Zamin Hacı həmkarlarının həbsini pislədiklərini qeyd edərək bunları bildirdilər:   

Şahvələd Çobanoğlu: “Mən bu hadisələrlə, xüsusilə Ramin Bayramovun həbsi ilə bağlı vəkillərin çıxışlarını dinləmişəm. Həbslərlə bağlı əldə etdiyim məlumat və bu günə qədər təcrübəmə uyğun olaraq bunu deyə bilərəm ki, bu proseslər növbəti şərləmə və siyasi həbs dalğasının tərkib hissədir. Bu məncə həm söz azadlığına, həm də etiqad azadlığına qarşı yönəlmiş həbslərdir. Azərbaycan hakimiyyəti uzun bir müddətdir ki, islamçılara və bu etiqada malik olan şəxslərə qarşı təzyiqlərə başlayıb. Hakimiyyət bu addımları ilə dolaysıyla cəmiyyətə bildirmək istəyir ki, guya bu şəxslərin xariclə bağlılıqları və əlaqələri mövcuddur. Amma deyilən ittihamlar bu günə qədər sübut olunmayıb. Bu ittihamların heç birində şəffaflıq yoxdur. Heç kimə icazə verilməyib ki, qanunları pozaraq insanları həbs etsin və onların hüquqlarını pozsun. Belə hallar çox təhlükəli məqamlardan xəbər verir. İnsanları həbs edərkən hakimiyyət onu guya dövlətin təhlükəsizliyi üçün etdiyini bəyan edir. Bu həbslər ölkədə olan həm demokratik siyasi fəallara qarşı, həm də dindarlara qarşı baş verir. Hakimiyyətin həyata keçirdiyi həbslər heç bir qanuna əsaslanaraq həyata keçirilmir. Kimsə qanunsuz əməl edibsə həbs edilə bilər. Amma həmin həbs əsaslandırılmalıdır. Aparılan həbs proseslərinin hamısı şəffaf olmalıdır. Amma cəmiyyət görür və bilir ki, islamyönümlü bir sayt redaktoru islamçılara qarşı bu cür təzyiqlərin baş verdiyi bir dövrdə nə cibində silah gəzdirər, nə də ki, narkotik. Bu ağlasığmaz ittihamlardır. Vəkillər də bir daha sübut etdilər ki, bu həbslər qanuna əsaslanaraq həyata keçirilməyib. Hakimiyyətin atdığı bu addımlar insan haqlarına və etiqad azadlığına qarşı ziddir.

İdrak Abbasov: “Ramin Bayramovun və digər islamçılarin həbsini biz diqqətlə izləyirik və əməkdaşı olduğum Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Söz Azadlığının durumuna dair 2011-ci ilin ilk yarısına dair hesabatına bu məsələni də daxil edib. Biz fikirləşirik ki, islamçıların həbsi İslam Partiyasinin sədri Mövsüm Səmədovun yanvarın 2-də etdiyi və sosial şəbəkələrdə yerləşdirilmiş video çıxışı ilə bağlıdır. Ramin Bayramov da çox guman ki, çoxsaylı islamçıların biri kimi həbs edilib. Biz onun vəkili Elçin Namazovla da söhbət etmişik və bizdə bir əminlik yaranıb ki, baş redaktor qurama qanunsuz silahsaxlama və narkotik ittihamı ilə həbs olunub. Bu qurama ittihamlar isə Azərbaycan hüquq mühafizə orqanlarının şərləmək üçün istifadə etdikləri köhnə Sovet İttifaqi KQB-sinin dəbidir. Biz bu həbsləri diqqətlə izləyirik və narahatçılığımızı ifadə edirik. Allah qapılarını açsın."

Kənan Rövşənoğlu: “Bir jurnalistin ən böyük silahı onun qələmi, yəni yazılarıdır. Jurnalistin silah saxlaması və ya gəzdirməsi inandırıcı deyil. Ramin Bayramov internet qəzetinin redaktoru idi və əsas vəzifəsi informasiya yaymaq idi. Onun silah saxladığına inanmıram. Eləcə də narkotik məsələsi. Dindar bir insanın narkotik qəbul eləməsi və üstəlik bu Ramazan ayında baş verirsə, bu həqiqətdən çox saxta bir ittihamdır.

Düşünürəm ki, bu çoxdan yayılmış bir metoddur. Adətən bir qayda olaraq siyasi həbslər zamanı bu "üsuldan" istifadə olunur.

Həbsin gerçək səbəbi hələ aydın deyil. Amma görünən odur ki, daha çox fəallıq göstərən, müxalif mövqe sərgiləyən bir qurum kimi onların üzərinə gedilib. Doğrudur, həbslərin məhz iranlı general Firuzabadinin hədələrindən sonra baş verməsi və MTN-nin itihamında İranla əlaqələr barədə deyilməsi fərqli yozumlara səbəb olub. Ancaq fakt budur ki, R.Bayramov xüsusən də hicab qadağası tətbiq olunanda hökuməti sərt tənqid edirdi. Və belə deyək ki, daha sərt şəkildə hicab qadağasına qarşı mübarizəyə çağırırdı. Bu mənada həm A.Süleymanovun, həm də R.Bayramovun və AİP yetkilisinin həbsinin arxasında məhz bu amilin dayanması daha böyük ehtimaldır.”

Vaxtın məhdudluğu ilə bağlı mövzuya qısa münasibət bildirən tanınmış jurnaslist Zamin Hacı, “baş vermiş həbslərin nə ilə bağlı olduğunu bilmirəm. Amma hər bir halda jurnalistlərin qanunsuz olaraq həbsini pisləyirəm”, deyə bildirdi.

  • Yazılıb
  • da (də) 2011 Aug 17