Tarix : 2011 Aug 17
Kod 24815

2 aprel mitinqinə görə həbs olunmuş 4 nəfərin məhkəməsi olub

Avqustun 16-da Nəsimi rayon Məhkəməsində 2 aprel mitinqinə görə həbs olunmuş 4 nəfərin - Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin məhkəmə prosesi davam edib
well/Aran agentliyi

 

Avqustun 16-da Nəsimi rayon Məhkəməsində 2 aprel mitinqinə görə həbs olunmuş 4 nəfərin - Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin məhkəmə prosesi davam edib. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

Məhkəmə başlayan kimi vəkil Elçin Namazov hakimə etirazla bağlı vəsatət qaldırıb. Vəsatətdə bildirilir ki, təqsirləndirilən şəxslərin müdafiəçiləri hakim Şahin Abdullayevin obyektivliyinə inanmırlar.

Müdafiə tərəfi bildirdi ki, hakim əvvəlki prosesdə vəkillərin bir sıra suallarını düzgün cavablandırmayıb. Eyni zamanda, o, Mərkəzi Seçki Komissiyasında işləyib, seçki saxtakarlıqlarını araşdırıb. Vəkillərin fikrincə, hakim təyin edilməsi Şahin Abdullayevə mükafat kimi verilib.

Hakim Şahin Abdullayev bildirib ki, o, vaxtilə MSK-nın beynəlxalq əməkdaşlıq idarəsində baş məsləhətçi işləyib. Seçki saxtakarlıqlarının araşdırılmasında iştirak etməyib, xarici qonaqları qəbul edib, onlarla iş aparıb.

Məhkəmə vəsatəti təmin etməyib. Bundan sonra müdafiə tərəfi yenidən hakimə etiraz vəsatəti qaldırdı.

Müdafiə tərəfi Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin həbs müddətinin bitməsi ilə bağlı vəsatət verib.

Vəkillər bildirib ki, onların həbsdə saxlanmaları ilə bağlı yeni məhkəmə qərarı olmadığından məhkəmə zalından dərhal azadlığa buraxılmalıdırlar.

musavat.com

  • Yazılıb
  • da (də) 2011 Aug 17