Tarix : 2011 Aug 18
Kod 24821

AİP FƏZAİL AĞAMALIYA CAVAB VERDİ

Akif Heydərli: ''Azərbaycan İslam Partiyası küçə və cəngəllik qanunları ilə deyil, vahid Nizamnamə və Məramnamə əsasında qurulub fəaliyyətini göstərir
well/Aran agentliyi

Bir neçə gün əvvəl “Azadlıq” radiosunun “İşdən sonra” verilişində islamçıların həbsi ilə bağlı aparılan müzakirələrə qatılan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan İslam Partiyası haqqında bəzi fikirlər səsləndirib. Bununla bağlı AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli  ona cavab verib. Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a daxil olan cavabda bildirilir ki, F.Ağamalının çıxışı olduqca məsuliyyətsizdir və bu çıxış minlərlə insanın, vətənpərvər, xalqına, dövlətinə, torpağına, dininə, əqidəsinə sədaqətli insanın siyasi fəaliyyətinə, açıq şəffaf fəaliyyətinə ləkə yaxmaq, qaralamaq məqsədi daşıyır, böhtandır.

“Əvvəla onu qeyd etməliyəm ki, bu gün Azərbaycan İslam Partiyasına qarşı qəribə tendensiya yaşanır. Ölkənin müxtəlif yerlərində müxtəlif ittihamlarla təqsirləndirilən şəxslər, bu əməllərə aidiyyəti olmayan İslam Partiyasına bağlanır, islamçılara bununla qorxu və xof yaşadılır. Mən hətta ayrı-ayrı islamçıların belə, hərəkətlərini və ya hər hansı bir fikir, düşüncələrini əsas götürərək ümumən partiyanı xarakterizə etməyin, siyasi xəttini, məqsəd və vəzifələrini müəyyənləşdirməyin tərəfdarı deyiləm, bunu qəbul etmirəm.

Əvvəla, Azərbaycan İslam Partiyası küçə və cəngəllik qanunları ilə deyil, vahid Nizamnamə və Məramnamə əsasında qurulub fəaliyyətini göstərir. Bu Nizamnamə və Məramnamə Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi Partiyalar Haqqında Qanun”a uyğun tərtib olunmuş, hazırlanmış, partiyanın son qurultayında qəbul edilərək hər bir üzvə təqdim olunmuşdur. Bu sənəddə partiyanın əsas məqsədi və vəzifələri açıq göstərilmişdir. Bunlar Azərbaycan dövlətçiliyinin gücləndirilməsindən, inkişafından, azad və ədalətli cəmiyyətin qurulmasından, cəmiyyətdə ictimai həmrəyliyin yaradılması, vətəndaş cəmiyyətinin ölkənin siyasi həyatında iştirak etməsini təmin etməkdən ibarətdir. Digər partiyalar kimi AİP qarşıya qoyduğu məqsədlərə çatmaq üçün dövlət qanunları çərçivəsində kütləni informasiyalar yaratmaq, kütləni tədbirlər keçirmək, xarici ölkələrin siyasi partiyaları, ictimai qeyri-hökumət təşkilatları ilə əlaqələr yaratmaq, sazişlər imzalamaq, beynəlxalq qeyri-hökumət təşkilatlarına üzv olmaq hüququna malikdir. AİP bir neçə dəfə ölkədə keçirilən Milli Məclis, bələdiyyə, prezident seçkilərində bu və ya digər şəkildə iştirak etmişdir.

F. Ağamalının hansı arqumentlərə söykəndiyi mənim üçün çox müəmmalıdır. Onun AİP-in fəaliyyətini, islamçıların məqsədlərini qiymətləndirməsinə görə ölkədə ciddi böhran yaşanır. Hüquq-mühafizə orqanları, onun düşüncələri ilə yanaşsaq iflic vəziyyətdədir, dövlət təhlükəsizliyi sistemi demək olar ki, F. Ağamalıya görə işləmir.

Məni ən çox maraqlandıran isə odur ki, F. Ağamalıda Azərbaycan İslam Partiyasına bu qərəzli münasibət nədən qaynaqlanır? Bəlkə üç cüt bir tək üzvü olmayan Ana Vətən Partiyasının AİP-ə qısqanclığından? Onun nəzərinə çatdırmaq istəyirəm ki, AİP hakimiyyətə gələcəksə, ədalətli cəmiyyət qurmaqla da keçmiş rüşvətxorları ciddi cəzalandırmaq fikri, düşüncəsi, proqramı yoxdur. Son söz olaraq demək istəyirəm ki, bir partiya haqqında bütövlükdə bu kimi böhtanlar demək, təmiz, əqidəli, vətənpərvər insanları ağına-bozuna baxmadan xain çıxarmaq sadəcə ayıbdır.”

Xatırladaq ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının səsləndirdiyi fikir bu şəkildə idi: “Bu gün Azərbaycan İslam Partiyasının rəhbərliyində dayanan şəxslər kənardan, açıq desək, İran İslam Respublikasından idarə olunurlar. Və onlardan təlimatlanaraq bu və ya digər şəkildə fəaliyyət proqramı qururlar. Azərbaycan İslam Partiyası mahiyyət etibarı ilə özlərinin fəaliyyətinə görə, Azərbaycan dövlətçiliyinə qarşı ən son radikal mövqedə dayanırlar. Həm də onların baxışlarında Azərbaycan dövlətçiliyinə, Konstitusiyanın maddələrinə kifayət qədər zidd əməllər var və fikirlər var. Onlar Azərbaycanda İslam dövləti yaratmaq istəyini açıq şəkildə zaman-zaman etiraf edirlər”.

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 18