Tarix : 2011 Aug 18
Kod 24822

''Mən dözərəm, mənim Allahım dözməz''

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İslamçıların məhkəməsi keçirildi
well/Aran agentliyi

Avqustun 17-də Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, qardaşı oğlu Dəyanət Səmədovun və ilahiyyatçı alimlər Fəramiz Abbasov və Zülfüqar Mikayılovun məhkəməsi davam edib.

Məhkəmə başlayandan sonra Azərbaycan İslam Partiyasının təşkilati məsələlər üzrə müavini Hacı Vaqif Abdullayev və AİP Astara rayon komitəsinin sədri Rufulla Axunzadənin vəkilləri Nemət Əliyev və Sadiq Bağırov vəsatətlə çıxış ediblər. Vəkillərin təqdim etdiyi vəsatətə görə, müvəkkilləri 3 ay həbs qəti imkan tədbiri qurtardığına görə, həbsdə saxlanmaları qanunsuzdur, onlar dərhal azad edilməlidir. Müşavirədən qayıdan hakim Eldar İsmayılov hər iki vəsatətin qəbul olunmadığını bildirdi.

Bundan sonra məhkəmə hakimi çıxış üçün Vaqif Abdullayevə söz verdi.

 

Vaqif Abdullayev: “7 yanvar tarixində axşam maşınla evə gedərkən bizi saxladılar. Polis yaxınlaşıb, bizdən sənəd istədi. Sürücü sənədləri təqdim etdi. Az keçməmiş qışqır-bağır saldılar ki, bizə qarşı çıxırsınız. Heç özümüz də bilmədik nə baş verir. Bizi həbs etdilər. 6 aydır həbsdəyəm, heç kim məndən bir söz soruşmayıb. Deyirlər silah əldə ediblər. Nə bilim hansısa dini təriqətlərə qarşı terror etmək istəyirlər. Bu cür saxta ittihamlarla bizi ittiham etməyin.”

Anar Qasımov: “Cənab hakim bu vəsatətlərin təmin edilməməsi Avropa məhkəməsində Azərbaycan hakimiyyəti üçün xoşagəlməz vəziyyət yaradacaq.”

 

“AİP HƏMİŞƏ TERRORİZMƏ QARŞI OLUB”

V.A: “Leninqrad universitetində oxumuşam. 1993-cü ildən bəri AİP-də təşkilati məsələlər üzrə müavinəm. Mənə dəlil gətirin. Mən hakimiyyəti devirmək barədə çıxış etməmişəm. Bizi terrorda ittiham edirsiniz. Azərbaycan İslam Partiyası həmişə terrorizmə qarşı olub. Biz terroru lənətləyirik. Mənim bu barədə nə qədər köşə yazılarım olub. Azərbaycan dindarları həmişə terrora qarşı çıxıblar, çünki terrorçunun milliyəti, dini olmur. Mən həmişə xalqıma xidmət etmişəm. Mənim partiyanın iclaslarına adam dəvət etməyimə gəlincə, bu, Vaqif Abdullayevin şəxsi işi yox, tutduğu vəzifə səlahiyyətləri idi. Mən insanları şəxsi istəyimə görə çağırmamışam, bu mənim vəzifə borcum idi. Mən vəzifəmi icra etmişəm. Baş Məclisə komitə sədrlərini dəvət etmək mənim vəzifəmdir.”

Dövlət ittihamçısı: “Siz hansı vəzifədə olmusunuz?

V.A: “Mən dedim axı, mən təşkilati məsələlər üzrə müavinəm”

D.i: “Fəaliyyətinizlə əlaqədar haqq almısınız?”

V.A: “Yox almamışam.”

D.i: Partiyadan əlavə işin olub?”

V.A: “Bəli mən müəllim olmuşam. 33 ildir işləyirəm. Bir də ki, iki nəfərə nə qədər pul lazımdır məgər?”

Vəkillər müdaxilə edir: “Bunun bu işə nə dəxli var axı? Siz özünüz bəs hardan dolanırsınız?”

D.i: Partiyanın maliyyəsi barədə nə deyə bilərsiniz?

V.A: “Nizamnamədə var. Üzvlərimizdən üzvlük haqqı yığılır. Bundan əlavə xeyriyyəçi insanlarda yardım edirlər. Hərə öz qüdrətinə görə üzvlük haqqı verirdi.”

Vaqif Abdullayev hakimə üzünü tutaraq: “Nə istəyirsiniz məndən. Mən qoca kişiyəm. 5 nəvəm var. Yaşlı və xəstə adamam. 50 cür dərmanım var. İki dəfə infarkt keçirmişəm. Dünyanın heç bir yerində belə şey görünməyib. Ölkənin ləyaqətli insanlarına terrorçu adı qoyula. Mən bu qoca yaşımda vuruşmağa hazıram. Bizim düşmənimiz ermənilərdir. Bu cür olmaz axı. Azərbaycanda hamı Hacı Mövsümü tanıyır. Hamı ondan nəsə öyrənməyə çalışırdı.”

D.i: “Partiyanın fəaliyyəti və vəzifələri nədir?”

V.A: “Azərbaycan İslam Partiyasının Nizamnaməsində yazılıb hamısı. Bizim Azərbaycan qanunlarından kənar heç bir fəaliyyətimiz olmayıb. AİP Azərbaycan xalqına xidmət edir.”

 

“ŞƏRİƏT DÖVLƏTİ QURMAQ FİKRİMİZ YOXDUR”

D.i: “Azərbaycanda şəriət hakimiyyəti qurmaq istəyirsiniz?”

V.A: “Heç vaxt olmayıb. Şəriət dövləti qurmaq fikrimiz olmayıb. Biz hicab qadağasına qarşı çıxmışıq. Dini Etiqad Azadlığımızı tələb etmişik. Biz hakimiyyəti konstitusiyaya əməl etməyə dəvət etmişik.

D.i: “ Sizin partiyanın iclasında şəriət hökuməti qurmaq barədə söhbət olub?”

V.A: “Heç vaxt bu cür çıxışlar olmayıb. Bunu yatıb, yuxuda da görmək olmaz. Şəriət dövləti barədə heç bir müzakirə olmayıb. Bizim əsas fəaliyyətimiz Azərbaycan qanunları çərçivəsində işləmək olub.”

D.i: “2 yanvar 2011-ci il tarixində təşkilati məsələləri siz həll edirdiniz? Həmin gün orada kənar şəxslər olub?”

V.A: “Baş Məclisə rayon komitələrin mən dəvət edirəm. Komitə sədrləri baş məclisin üzvlərdir. Baş Məclisdə kənar şəxslər olmayıb. Təqribən 20-25 nəfər iştirak edib.”

D.i: “Hansı məsələlər müzakirə olunurdu?”

V.A: “Siyasi məsələlər, təşkilati məsələlər, beynəlxalq aləmdə baş verən hadisələr və birdə cari məsələlər.”

D.i: “ M.Səmədov Baş Məclisdə hansı məzmunda çıxış edib? Bu çıxışı dəstəkləyirsiniz?”

V.A: “M. Səmədov Azərbaycanda davam edən İslamafobiyaya qarşı çıxış edib. Qanuna riayət etməyə çağırıb. Özünə hörmət edən şəxs bunu başa düşməlidir. Mən Hacı Mövsümün çıxışını dəstəkləyirəm. Bizim fikrimiz birdir.”

Bundan sonra vəkil Anar Qasımov V.Abdullayevə partiyanın fəaliyyəti ilə bağlı suallar verib. Cavabında Vaqif Abdullayev bildirib ki, partiyanın fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyindən hər hansı qadağanedici məktub və ya sənəd daxil olmayıb, buna görə də partiyanın fəaliyyəti qeyri-qanuni sayıla bilməz. “Azərbaycanda digər partiyalar da var ki, qeydiyyatsız fəaliyyət göstərir. Çünki qeydiyyatdan keçmək üçün müəyyən fəaliyyət olmalıdır”.

Sözügedən iclasın nə üçün məhz bayram günü keçirilməsi sualına cavab verən V. Abdullayev bildirib ki, bəzi üzvlər dövlət işində işlədiyindən başqa vaxt gələ bilmədiyi üçün iclas bazar günündə keçirilib. Partiyanın iclasını heç kim tərk etməyib.

Hakimin “Mövsüm Səmədovun çıxışını eşitmisinizmi, orada cihada çağırışlar olubmu” sualına cavabında V.Abdullayev dedi: “Mən Mövsüm Səmədovun belə bir çıxışını eşitməmişəm ki, orada cihada çağırış olsun”.

Rufulla Axundzadə: “Cənab hakim kəskin çıxış dediniz. Biz həmişə belə çıxış etmişik - (zal gülür – T.H.) Prokuror, sən də dolaşıq sual vermə.

Məhkəmədə dövlət ittihamçısı Vaqif Abdullayevin istintaqa verdiyi ifadə ilə indi verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirdi. Vaqif Abdullayev isə cavab olaraq bildirdi ki, məndən ifadə alınan zaman xəstə olmuşam. Mənə dedilər ki, Mövsüm Səmədov cihad hökmü verib. Od püskürüb. Mən də dedim ki, mən belə bir çıxışı eşitməmişəm.

Anar Qasımov: “İndi sizin hansı ifadənizi əsas götürək.”

V.A: “İndiki ifadəmi əsas götürün. Bir daha deyirəm. Mən Baş Məclisdə olmuşam. Hacının çıxışını axıra qədər dinləmişəm. Və onu dəstəkləyirəm.”

 

“İNSANLARIN SƏSİNİ BOĞMAQ OLMAZ”

Daha sonra söz Fəramiz Abbasova verildi. O ifadəsində qeyd etdi ki, haqqında irəli sürülən ittihamları özünə təhqir bilir: “Biz Ramazan ayının ortasına daxil olmuşuq. Mən dini təbliğ edirəm. Qoy bundan sonra məni yenə həbs etsinlər. Mən seyid peyğəmbər balasıyam. Hamımız Allaha qayıdacağıq. Heç vaxt siyasətlə məşğul olmamışam. İnsanları da dinə, pis əməllərdən uzaq olmağa çağırmışam. Mən Qurandan və sünnətdən qırağa çıxmamışam. Rüşvətxorluq, narkomaniya, əxlaqsızlığa qarşı amansız mübarizə aparmışam. Hicab qadağasına etiraz etmişəm. Çünki bu bizim konstitusion hüququmuzdur. Hələ 1828-ci ildə İrəvanda yaşayanların 73 faizi müsəlmanlar idi və burada əvvəlcə dini sıradan çıxartdılar. Beləliklə də 100 il keçməmiş İrəvanı itirdik. İnsanların səsini boğmaq olmaz.

 

“MƏN DÖZƏRƏM, MƏNİM ALLAHIM DÖZMƏZ”

Mən xəstə adamam. Gündə bir ovuc dərman atıram. Bunu demirəm ki, kimsə mənə rəhm etsin. Mənə güllələnməkdə versəniz, başı dik gedəcəyəm. Buna mən dözərəm, mənim Allahım dözməz.”

D.i: “Nə işlə məşğul olursunuz?”

F.A: “Aqronomam. Təsərrüfatla məşğul oluram. Bir də dini mərasimləri icra edirəm.”

D.i: “Dini təhsilin var?”

F.A: “Bəli var.”

D.i: “ İranda oxumusunuz?

F.A: “Xeyr Masallıda təhsil almışam.”

D.i: “Ananızla sizin həyətiniz birdir?”

 

“MƏNİ ELƏ APARDILAR ELƏ BİL BİN LADENƏM”

F.A: “Mənim evimdən 40-50 metr aralıda, mənim evimin arxasında yerləşir. Oradan hər gün qonşular gəlib keçir. Mənə saxta ittihamlar atırsınız. Mən bu suallara cavab verəndə əsəbiləşirəm. Silahı mənim həyətimə qoya bilməyiblər. Ona görə anamın həyətinə qoyublar. Məni gəlib elə apardılar ki, elə bil Bin Ladenəm. Ekspertlər deyirlər ki, silahlar istifadəyə yararlıdır. Amma mənbəsi barədə heç nə demirlər.”

F.Abbasovun ifadəsi dinlənildikdən sonra prosesdə fasilə elan olundu. Fasilədən sonra iki vəkilin prosesdə iştirak etmədiyinə görə, hakim məhkəmə iclasını avqustun 19-da saat 10:00 təyin etdi.

Faktxeber

  

  • Yazılıb
  • da (də) 2011 Aug 18