Tarix : 2011 Aug 18
Kod 24823

Siz bu həbslərlə erməniləri sevindirdiniz

Müasir “MirPaşalar” məscid əhlinin ayağına narkotika və silah bağlayır
well/Aran agentliyi

Rəhmət və Qəzəb sahibi olan Allahın adı ilə.

Artıq mübarək Ramazan ayının günlərini yaşayırıq. Elə bir ayın günlərini ki, Allah Taala söz verib bəndələri Onun dərgahına üz çevirsələr hacət və istəkləri rəva olacaqdır. Məzlumların fəryadını eşidəcəyinə və zalımlara(günahlarından əl götürməyəcəyi təqdirdə) tez cəza yollayacağına vəd vermişdir. Mömin olan insan bu aydan gözəl formada istifadə edər. Həmçinin bu ay yalnız şeytan, xənnas və iblislər üçün matəm ayı və onları narahat edən ay sayılır.Əgər insanlar xalis niyyətlə bu ayda(və habelə bütün aylarda) Allahın qulluğunda durarlarsa onlar üçün qəm –qüssə heç zaman olmayacaq və durduqları yer də gülüstan olacaq hətta soyuq zindanlarda ac qalsalar belə.

“Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz!”(Al-İmran139)

Yoxsa Allaha asi, əmrlərini kobud şəkildə pozan, millətin qanını sovuran, namusuna xor baxan və hüquqlarını tapdalayan hər bir kəs yəqin bilsin hələ bu dünyada ruhları heç vaxt rahatlıq və asayiş tapmayacaq, addım atdıqları məkan onlar üçün alov tonqalına dönəcək, naz balışları onlar üçün zindana dönəcək, haram yolla qazandıqları mal-dövlət onlara nuş olmayacaq və özlərini hər saat vicdan əzabının zindanında işgəncələr altında zillət çəkən görəcəklər.

“Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”(Taha124)

Görəsən Allahı yad edənə icazə varmı öz nəfsinə görə məscid sökdürə? Öz dünyəvi istəklərinə görə İslam şəriətinə zidd çixa? Allahın əmrini pozmağına israrlı olan bəndə daha onu necə yad edib, sevməsinə üstünlük verər? Hicab haqqında Allah əmrini məhdudlaşdırmağa çalışan Onun müqəddəs kəlamını heçə döndərməklə özünün Allah müqabilində üsyan etdiyini fikirləşibmi?

“Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir”(Əhzab59)

Allahı sevən və Onu özünə böyük bilən Onun əmrlərinə itaət etməlidir.

Tarix boyu haqq uğrunda mübarizələr gedib. Xırda vuruşmalardan böyük müharibələrə qədər haqq, ədalət, namus, iffət, torpaq və sair müqəddəs dəyərlər üstündə qanlar tökülüb, insanlar qətlə yetirilib.Tarix daim bir müddət zalımların müvəqqəti qələbəsindən sonra tez bir zamanda onların zəlil və məhv olması nəticəsində haqqın bərqərar olmasına şahid olub. İslam dini haqq olan bir dindir. Belə bir dinin qanunları ayələr vasitəsilə nazil olan gündən heç vaxt din düşmənlərinin - ““BUYUR KEÇ NÖVBƏ SƏNİNDİR”” deməsinə rast gəlməyib, əksinə Peyqəmbərlərə və gətirdikləri dini qanunlarına - ““MƏN OLAN YERDƏ SƏN SUS!”” Hay-küyləri ilə saxta haqdan və həqiqi batildən yapışıblar. Əsrlər tarixinin çoxlu səhifələrində qara ləkələri ilə iz qoymuş fironlar, harunlar, nikolaylar və hitlerlər daim Allahın bəşərə təqdim etdiyi haqq qanunu layihəsini məhv etməyə çalışıb və uğrunda çalışanların alnına xain damğası vurmuşlar. Yetmiş il insanları İslamın ülvi mahiyyətindən və həqiqətlərindən kənar saxlamış Sovet imperiyasının aqibəti göz qabağındadır. Qalib gələn, günü-gündən çiçəklənən və dünyanı fəth edən yenə də İslam dinidir. Allah haqqın bütün yer kürəsində qələbə çalmağına söz verib.

--- Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir).»(İsra81)

Qəribədir! Neçə illərdir mənfur ermənilərin işğal etdiyi torpaqlarımızın azadlığı uğrunda hər bir ölkə vətəndaşının özünə məxsus tərzdə öz fikrinin ifadə etməsinin şahidi olmuşuq.Kimisi müharibə yolu ilə, kimisi düzgün siyasi danışıqlar yolu ilə, kimlərsə son damla qan bahasına olur olsun azad edib qorumağına fərəhlə üstünlük verirlər. Lakin indiyədək heç bir azərbaycanlı belə adamların adını İFRATÇI VƏ RADİKAL hallandırmır. Çünki Vətən sevgisi müqəddəs sevgilərdən hesab olunduğuna görə normal qarşılanır. Onun yolunda can verməyə də dəyər-deyirik. Bəs torpağa səcdə əmrini verən İslam dininə olan məhəbbət necə?! Nə üçün Vətənə məhəbbətini daim qəlbində yaşatmaqla yanaşı əziz İslam dini dəyərlərini sədaqətlə qorumağa çalışan və onu müdafiə etməyə səy edənlərə gəldikdə onları bir göz qırpımında RADİKAL, İFRATÇI, İĞTİŞAŞ TÖRƏDƏN adları ilə sənədləşdirib və nəhayət sağ cibindən əl qumbarası və sol cibindən narkotika tapırıq!?

Neçə cür məhəbbət var. Ata-ana məhəbbəti, övlad məhəbbəti, elmə-təhsilə olan məhəbbət hətta bəzən deyirlər incəsənət aləmi qurban tələb edən sənətlərdəndir. Hər bir insan belə məhəbbətlərin muqabilində son nəfəsinə qədər çalışıb vuruşanda xalqımız onları və onların yaradıcılıqlarını yüksək dəyərləndirir və bu ənənəni yaşatmağı özünə borc bilir. Bütün bu məhəbbəti daşıyanlara heç vaxt RADİKAL, ASAYİŞİ POZAN və İFRATÇI demir. Növbə Allah məhəbbətinə çatanda narkotikalar yada düşür!? Təəssüflər olsun bizi və bütün varlıq aləmini yaradan və ruzisini verən gözəl Allah Taalanın nazil etdiyi Qurani Kərimin əmr və göstərişlərinə canla başla qulluq etmək istəyən və dərin məhəbbətlə sevərək onu göz bəbəyi kimi qorumağa hazırlaşan hər bir dindara gəldikdə isə Allahdan və qiyamət əzabından qorxmadan onların ünvanlarını ləkələyib ictimaiyyətin gözündən salmaq istəyirik. Əlbətdə başqaların bu hərəkəti heç vaxt mömin olanı sarsıtmayacaq və Allah yolundan çəkindirməyəcəkdir. Allaha olan daimi eşq alovunu silah və narkotikalar sondürə bilməz.Həmçinin Onun əmr və göstərişlərinə kəc baxan və onu ucuz tutan hər bir kimsə də tez bir zamanda Allah taaladan öz layiqli cəzalarını alacaqlar.

Quran belə buyurur: - “( (Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!”(Fatir44)

İnsan Allahın yanında o vaxt hörmət və izzət tapır ki, bütün ömrü boyu hər bir addımında yalnız Onu düşünə və onun əmr və maraqlarını üstün tuta. Xalqa və Vətəninə də məhəbbəti Allah əmri istiqamətində olsa dəyəri daha üstün olacaq. Necə ola bilər insanın boş torpağa məhəbbəti və ona olan bağlılığı müsbət qiymətləndirlisin, lakin Allah əmrinin (Məscid, Hicab və.c..) dirçəlməsinə mənfi ünvan verilsin və təqsirli bilinsin!? Torpağı düşməndən qorumaq lazım olduğu kimi İslam dinini də düşmənlərin şər və fitnələrindən qorumaq daha çox vacibdir. Hər nəyimiz varsa dəyərini İslam təyin edir.

Görəsən bu gün zindanlarda belə Allahın qulluğunda duran din qardaşlarımız Hacı Seyid Fəramiz, Hacı Abgül, Hacı Zülfüqar, Hacı Tale kimilər bu haqsızlığı və zülmü təbliğ edirdilər? Bəlkə insanları bir digərinin qanını içməyə!? Əsla! Onların şərəf və ləyaqətlərini alçaldan hər bir vətəndaş, bir zaman nə post nə şöhrət olmayacaq günlərində yalnız Üca Allahın hüzurunda hazır olub əli-qolu və bütün bədən üzvləri ilə tam düzgün şəhadət vermək məcburiyyətində qalacaqlarını indidən ciddi düşünüb narahat olmalıdır. Əlbətdə dünya malına və şan-şöhrətə tam həris olanlar belə bir fikrə istehza və gülünc vəziyyətdə yanaşarlar.-

- (Ya Rəsulum!) De: “Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”(Quran-Ənam11)

“Məgər (kafirlərə) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!”-(Taha128)

Ölkəmizin 98%-nin müsəlmanlar təşkil edən xalqımıza islami maarifləndirmə, mənfur ermənilərə qarşı yüksək mübarizə ruhiyyəsini qarldırmaqda və insanların qəlbində Vətənə xalqa sevgi və məhəbbət tellərini aşılayıb möhkəmləndirməkdə böyük əzm və iradə göstərən Hacı Seyid Fəramiz, Hacı Möhsün Səmədov, Hacı Abgül Süleymanov, Tale Bağırov, Azər Cəbiyev, Fəxri İlyasov, Hacı Zülfiqar kimi dəyərli fikir, ideya mədənləri olan qardaşlara minnətdarlığımız əvəzinə onları ləkələyib və təhqirmi edək?

 

“Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir?”(Rəhman60)

Hər həftədə belə insanlardan beşini iftiralarla (cibindən tiryak tapmaqla) şərləyib həbsxanaya yola salmağımız əlbəttdə ən çox ermənilərə daha sərfəlidir. Onların əsgərlərinin ruhlanmasına və nəticədə toy bayram keçirmələrinə münasib zəminə yaratmış oluruq. Yaxşı insanlara budurmu qiymətimiz? İnkişaf edən gələcək nəsil bütün bu cərəyan və hadisələri diqqətlə araşdırıb mütaliə edəcək və görəcəklər ki, millətin fədakar və haqqsevər oğulları ilə kimlər necə davranıblar. Neçə illər itirdiyimiz torpaqların azadlığı yolunda belə qardaşların imkan və mənəvi qüvvələrindən istifadə edib, erməniləri məhv etmək əvəzinə pak qəlbli və imanlı həmvətənlərimizi süst və məyus edirlər. Bu azmış kimi Ramazan ayında ağızları oruc ola-ola dillərində xalqa dua etdikləri zamanda onların elmi-ictimai şəxsiyyətlərinə və ruhiyyələrinə hörmətsizlik göstərirlər. Belə bir rəhmət və tövbə ayında Allahı razı salmaq üçün əvvəlki məhbusları zindanlardan çıxarmaq əvəzinə hələ digər günahsız insanları da təhqirlərlə yanaşı həbs edirlər!.

“..... «nə üçün yaxşılıqdan öncə pisliyə və əzaba tələsirsiniz (tövbəni və imanı təxirə salırsınız)?! Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?»”(Nəml46)

İslam şəriətinə sədaqətlə qulluq cinayətdirsə daha adlarını silah və narkotika ilə hallandırmaq nəyə lazım? Bunu nə Allah və nə də gələcək nəsl bağışlamaz.

Sovetlər dövrünün “TÖHFƏ”-lərindən MİRPAŞA-nın məscidə it bağlaması epizodunu gərək ki, heç kim unutmayıb. Yaxşı ki, yeni nəsil də bu gün arabir bu filmə milli televiziyamızın ekranlarında rast gəlir.

O gün MirPaşalar Məscidə it bağladılar, axırda özləri də it qarışıq yer üzündən silindilər, yenə də məscidlər qalib gəldi. Hazırkı zamanlarda da müasir “MirPaşalar” məscid əhlinin ayağına narkotika və silah bağlayır. İnşaallah zaman gələr nə o paşalardan xəbər olmayacaq və nə də o tiryək, həşiş və saxta F1 qumbaralardan. Möminlər qalib gəlib izzət tapacaq!

....”Buna görə də (boynunda olan ilahi vəzifənin çatdırılmasında) səbr et, ki, həqiqətən (gözəl) aqibət təqvalılara məxsusdur.”(Hud49)

Allah-taaladan istək və diləyimiz budur bu Mübarək ramazan ayında Onun əmrlərini həmişə uca tutduqlarına görə, istər Qarabağ torpağı uğrunda ermənistan həbsxanalarında işgəncələrə məruz qalan əsgər qardaşlarımızı və istər Hicab və sair dini dəyərləri müdafiə etdikləri yolunda (indiyədək hələ də əsası bəlli olmayan) ittihamlarla həbsxanalara göndərilən din qardaşlarımıza tez bir zamanda nicat verib, onların ailələri ilə yanaşı bütün müsəlman xalqımızı sevindirsin.

Quranı kərimin buyurduğu kimi

---Həqiqətən Allah iman gətirmiş kəsləri müdafiə edir (düşmənlərin hücumlarını dəf edir və qələbə yolunu açır). Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir.(Həcc38)

Müsəlman, haqq və sülhsevər xalqımızı müdafiə etmək bizə vacib olduğundan (Həzrət Peyğəmbər (s)-dan nəql olmuş: "Müsəlmanlardan yardım istəyən bir şəxsin fəryadını eşidib ona cavab verməyən şəxs, müsəlman deyildir.") rəvayətinə əsaslanaraq Allah taala hüzurunda bu müqəddəs Ramazan ayında İslam dəyərlərinin müdafiəsinə qalxmış qardaşlarımıza yersiz ittihamlarına və əsassız formada ləkələnmələrinə çalışanları pisləyirik. Allah heç vaxt haqsızlığı yerdə qoymayacaq!

Allahdan ümüd edirik və həm də hər bir sadə iş adamından tutmuş dövlət məmuruna kimi aidiyyəti olan insanlardan tələbimiz budur, ilk öncə Allah taalanı başı üzərində hakim bilərək bu Ramazan ayında öhdələrinə düşən səlahiyyət dairəsində Hacı Seyid Fəramiz, Hacı Möhsün Səmədov, Hacı Abgül Süleymanov, Tale Bağırov, Azər Cəbiyev, Fəxri İlyasov, Zülfiqar Mikayılzadə və digər hicab məhbuslarına qarşı olan ittihamların təhlil və araşdırmasına düzgün, insafli və heç tərəfbazlığa yol vermədən baxış keçirib, onların azadlığına təminat yaratmaqla hər dəqiqə ölkəmizin və xalqımızın zəifliyini və tənəzzülünü izləyən düşmənlərimiz işğalçı erməniləri bizə güldürməyə yol verməməklə arzularını puça çıxartsınlar.

Allah-taala Onun yolunda çalışanları və Onun məxluqlarının hər cür problemlərinin həlli üçün zəhmət çəkən hər bir kəsə ozü yardımçı olsun. AMİN!

İlahiyyatçı Burhan Mikayılzadə.

Xeber44

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 18