well/Aran agentliyi
HaqqYolu.com saytının məlumatına əsasən, 11 avqust 2011-ci ildə həbs edilmiş jurnalist, islam-azeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov MTN-ə ifadə verməkdən və digər istintaq hərəkətlərində iştirakdan imtina edib. Bu barədə vəkil Elçin Namazov məlumat verib. Vəkil bildirib ki, buna səbəb MTN-nin səlahiyyətlərini aşmasıdır: “Cinayət Məcəlləsin 228.1-ci və 234.1-ci maddələri ilə istintaq aparmaq səlahiyyəti Daxili İşlər Nazirliyinə verilmişdir. Buna baxmayaraq, R.Bayramovun bu maddələrlə ittiham olunmasına dair cinayət işi hələ də MTN-də aparılır. Biz işin aidiyyət üzrə göndərilməsi barədə vəsatət vermişik. Lakin həmin vəsatətin verilməsindən 4 gün ötməsinə baxmayaraq, hələ də cavab verilmir. Halbuki qanunun tələbinə görə vəsatətə 48 müddətə baxılmalıdır. Bu özbaşınalıq barədə Baş Prokurorluğun nümayəndəsi ilə söhbətimiz olub. Nümayəndə söz verdi ki, bu barədə rəhbərliyə məruzə edəcək. Lakin həmin məruzədən də heç nə əldə olunmadı. Sonda bu qərara gəldik ki, istintaqda iştirakdan imtina edək. Bununla bağlı rəsmən istintaqa məlumat vermişik”.
E.Namazov həmçinin bildirib ki, R.Bayramovun səhhətində ciddi problemlər yaranıb: “Ramin Bayramov hazırda qanazlığından və davamlı başgicəllənmələrdən əziyyət çəkir. Təcridxana onun bu vəziyyətinə laqeydlik nümayiş etdirir”.
Vəkilin sözlərinə görə, Bayramova qarşı yaradılmış ən ciddi problemlərdən biri də, onun saatla təmin edilməməsidir: “Dəfələrlə müraciət edərək, bildirmişik ki, Bayramov namaz qılan və oruc tutan şəxsdir. O təcridxana şəraitində saxlandığı üçün nə namazın nə də orucun vaxtlarını bilmir. Buna görə də ona adi plastik saat vermək istəyirdik. Lakin təcridxanadan bildirildi ki, buna imkan verilməyəcək. Daha sonra xahiş etdik ki, heç olmasa Bayramovun saxlandığı kameranın qarşısına saat asılsın ki vaxtı bilsin. Lakin buna da imkan verilməyəcəyi deyildi. Hesab edirik ki bu vicdan azadlığının bilərəkdən pozulmasıdır”.
E.Namazov qeyd edib ki, istintaq tərəfindən yol verilən özbaşınalıqlar və ümumiyyətlə Bayramovun üzləşdiyi problemlər barədə hazırda müraciət hazırlayır: “Qarşıdakı günlərdə üzləşdiyimiz özbaşınalıqlar barədə müraciət yaymağı planlaşdırırıq. Müraciət yerli və beynəlxalq jurnalist təşkilatlarına, insan haqlarını müdafiə edən təşkilatlara və Azərbaycandakı diplomatik nümayəndəliklərə ünvanlanıb. Hazırda müraciətin ingilis dili variantının hazırlanması prosesi gedir. Müdafiə tərəfi hazırda ciddi dəstəyə ehtiyac duyur. Ümid edirik ki, müraciətimizə müsbət yanaşılacaq”.
Xatırladaq ki, islam-azeri.com internet qəzetinin baş redaktoru Ramin Bayramov hazırda Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddəsi ilə ittiham olunur. Jurnalist hər iki ittihamı qanunsuz sayır və bunun internet qəzetdəki fəaliyyətilə bağlı olduğunu qeyd edir.