Bu il yanvarın 7-də İslam Partiyasının sədri Mövsüm Səmədov və partiyanın bir neçə funksionerinin həbs olunması ilə bağlı məlumat vermişdik
well/Aran agentliyi
Bu il yanvarın 7-də İslam Partiyasının sədri Mövsüm Səmədov və partiyanın bir neçə funksionerinin həbs olunması ilə bağlı məlumat vermişdik. Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3, 228.3 və 278-ci maddələri ilə həbs ittiham olunan M.Səmədovun istintaq materiallarında digər ittihama da rast gəlinir. Guya Mövsüm Səmədov Qubada yaşayan yəhudi vətəndaşlara qarşı terror hazırlayırmış. Bu ittahamı kəskin tənqid edən Milli Məclisin Quba rayonundan seçilmiş yəhudi əsilli deputatı Yevda Abramov Xəbər.İnfo xəbər portalına bildirdi ki, Mövsüm Səmədov çox yaxşı insandır: “Onun bütün qohum-əqrəbaları qəsəbəyə illərlə gəlib bizimlə görüşüblər. Mövsüm Səmədov yəhudilərə qarşı necə teror edə bilər? Kim bu ittihamı ona qarşı sürüb? Mövsüm Səmodovun yaxınları mənimlə ən yaxın adamlardır. Onlar həmişə və indi də qəsəbədə yaşayan yəhudilərin hüzür və şənlik məclislərində iştirak edib və edirlər. Onun yaxın qohumu, Qubanın axundu hər zaman bütün bayramlarda qəsəbədə olub. Mən çox təəccüb edirəm, bunlar nə olan şeylərdi. Başa düşə bilmirəm, söhbət hansı terrordan gedir?”
İyirmi günə yaxın bölgədə olduğunu deyən Y.Abramov əlavə etdi: “Mən iyirmi gündür ki, bölgədəyəm. Kəndbəkənd gəzirəm, yəhudilər hamısı şad-xürrəm yaşayırlar. Söhbət hansı terrordan gedir, mən bilmirəm. Əgər dediklərimə inanmırsınızsa, Quba ilə Bakının arası 165 km-dir. Hələ mən də burdayam, gəlin camaatı sorğu-sual edin. Səhərə qədər oğlan yeniyetmələr maşın sürüb gəzirlər burda. Çox gözəl də qorunurlar, sahə müvəkkili yerində, serjantlar yerində. Camaatın toyları gedir, xeyir işləri başlanıb 29 ya da 30-da uçub gedirlər Moskvaya, dərslər başlayır. Bu dinc sakinlərin həyatını niyə pozurlar. Axı Azərbaycan dövlətinin adına, imicinə xələl gətirir, bu cür əsassız və məntiqsiz ittihamlar”.
Y.Abramov Mövsüm Səmədovun terrorla heç bir əlaqəsinin olmadığı qənaətdədir: “Mövsüm Səmədov kimdir ki, terror həyata keçirsin. Onun bütün Qubalı qohumları, qardaşları qəsəbədə yaxın insanlarla oturub dururlar, uzun illlərdir dostluq edirlər. Özü də gözəl bir ailədəndir. Digər tərəfdən bu ittiham İsrailin Bakıdakı səfirliyi tərəfindən yayılıbsa, bunu bilmirəm. Oranın təhlükəsizlik orqanları bəlkə müəyyən əməliyyat materialları ələ keçiriblər. Hər halda çox qəribə ittihamdır”.
Cavid Cabbarlı /xeber.info/