Tarix : 2011 Aug 23
Kod 24898

Vəkil Anar Qasımov baş prokurora şikayət edib

''Mən müstəntiqlə birgə axtarış aparılan mənzilə gəlməzdən 1-2 saat qabaq MTN əməkdaşları mənzilin qapısını xüsusi vasitələrlə kəsərək qapını açmışdılar''
well/Aran agentliyi

 

"Mən müstəntiqlə birgə axtarış aparılan mənzilə gəlməzdən 1-2 saat qabaq MTN əməkdaşları mənzilin qapısını xüsusi vasitələrlə kəsərək qapını açmışdılar"

Tanınmış ruhani Abgül Süleymanov və AİP sədrinin müavini Arif Qəniyevin hüquqlarını müdafiə edən vəkil Anar Qasımov, müvəkkillərinin istintaqının aparılmasında ciddi qanun pozuntularının olduğunu və buna etiraz etdikdə isə təhdid olunduğunu bildirir. Baş verən qanun pozuntuları ilə əlaqədar A.Qasımov Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova vəsatət verib.

 

Vəsatətdə deyilir:

“Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova Sumqayıt şəhər Hüquq Məsləhətxanasının vəkili Anar Elman oğlu Qasımov tərəfindən vəsatət

 

Hörmətli Zakir müəllim!

Məlumat üçün qeyd edim ki, hazırda Azərbaycan Respublikası MTN-nin İstintaq Baş İdarəsinin müstəntiqi Cavid Quluzadənin icraatında olan 866 saylı cinayət işi üzrə Süleymanov Abgül Neymət oğlu Azərbaycan Respublikası CM-nin 234.1, həmin idarənin baş müstəntiqi Əsəd Hacıyevin icraatında olan 867 saylı cinayət işi üzrə isə, Qəniyev Arif Gülsuvar oğlu Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Qeyd edim ki, təqsirləndirilən şəxslərin hər ikisinin hüquqlarını onların yaxınları ilə bağlanmış müqavilə əsasında mən müdafiə edirəm. Müdafiəyə qoşulduğum ilk gündən istintaqın ciddi qanun pozuntuları ilə aparılması, buna etiraz etdikdə istintaq orqanının vəzifəli şəxsləri tərəfindən təhdid olunduğum üçün Sizə müraciət etmək və baş vermiş qanun pozuntularmı diqqətinizə çatdırmaq qərarına gəldim. Ümidvaram ki, müraciətim ciddi araşdırılacaq və Sizin göstərişiniz əsasında istintaq orqanı tərəfindən yol verilən pozuntular tezliklə aradan qaldırılacaqdır.

Hər şeydən əvvəl qısa arayış verim ki, Süleymanov Abgül Nemət oğlu 11 avqust 2011-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində, Qəniyev Arif Gülsuvar oğlu isə, həmin tarixdə Sumqayıt şəhərində MTN-nin Antiterror Mərkəzi tərəfindən keçirilmiş əməliyyat zamanı saxlanılmışlar.

 

Hüquqlarmı müdafiə etdiyim şəxslərin təqsirsizlik prezumpsiyası hüququnu pozmadan qeyd etməliyəm ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə və mövcud istintaq praktikasına uyğun olaraq, sözügedən cinayət işlərinin istintaqı ilə müvafiq olaraq, İsmayıllı rayon Polis İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi məşğul olmalı idi.

Lakin yuxarıda da qeyd olunduğu kimi və dəfələrlə etiraz etməyimizə baxmayaraq, qeyd olunan cinayət işlərinin istintaqı buna səlahiyyəti olmayan orqan - Azərbaycan Respublikası MTN-nin İstintaq Baş İdarəsi tərəfindən aparılır. Dəfələrlə müstəntiqlərdən istintaqı davam etdirməyə səlahiyyətli olmalarına dair Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən "istintaqın həvalə olunması barədə" qərarın verilib-verilməməsini, müsbət halda, müdafiə tərəfini həmin qərarla tanış etməyi xahiş etsək də, belə bir qərarın verilmədiyi bildirilmişdir. Ona görə də, hesab edirik ki, istintaq buna səlahiyyəti olmayan orqan tərəfindən həyata keçirilir və bu olduqca ciddi qanun pozuntusudur.

Bundan əlavə, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 24 saat ərzində onlar Bakı İstintaq Təcridxanasına köçürülməli olduqları halda, 13 avqust 2011-ci il tarixindən hazırkı günədək qeyri-qanuni olaraq MTN-nin müvəqqəti saxlama təcridxanasında saxlanılırlar.

Bir faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, MTN-nin İstintaq Baş İdarəsində istintaqın gedişatına digər müstəntiqlər və şöbə rəisi səviyyəsində tez-tez müdaxilələr olur, istintaq qrupuna daxil olmayan şəxslər faktiki olaraq istintaqı idarə edir, təqsirləndirilən şəxslərlə və onların müdafiəçisi ilə mübahisə edirlər.

 

Hörmətli Zakir müəllim!

MTN-nin İstintaq Baş İdarəsinin müstəntiqi Cavid Quluzadə tərəfindən aparılan axtarış istintaq hərəkətində baş vermiş kobud qanun pozuntularını da Sizin diqqətinizə çatdırmaq istərdim. Belə ki, 12 avqust 2011-ci il tarixdə saat təxminən 10:00 radələrində MTN-nin inzibati binasını tərk edərək, müstəntiqlə birlikdə Süleymanov Abgül Neymət oğlunun yaşadığı Bakı şəhəri, Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 24A ünvanında yerləşən 2 saylı mənzilə gəldik. Mənzilə çatanda binanın qarşısında təxminən 20 nəfərədək şəxsin toplaşdığını gördüm. Sonradan həmin şəxslərin MTN əməkdaşları olduğu bəlli oldu. Mənzilin giriş qapısına yaxınlaşan zaman sonradan hal şahidi olduğunu bildiyim bir nəfər şəxslə aramızda aşağıdakı məzmunda dialoq oldu:

 

Hal şahidi: Siz vəkilsiz?

Mən: Bəli.

Hal şahidi: Bu qapını kəsiblər, amma içəri girən olmayıb, 2 saat olar ki qapının ağzında oturub sizi gözləyirik. İçəri heç kimi buraxmamışam.

Mən: Siz kimsiniz ki?

Hal şahidi: Mən hal şahidiyəm.

Mən: Sizə kim ixtiyar verib ki, gəlib burda keşik çəkəsiz?

 

Bu zaman orada olan MTN əməkdaşları müdaxilə edərək mənimlə mübahisə etməyə başladılar.

Yuxarıdakı dialoqdan da aydın olduğu kimi, mən müstəntiqlə birgə axtarış aparılan mənzilə gəlməzdən 1-2 saat qabaq MTN əməkdaşları mənzilin qapısını xüsusi vasitələrlə kəsərək qapını açmışdılar. Ona görə də, mən əvvəlcə bu istintaq hərəkətində iştirak etməmək barədə qərar verdim, daha sonra isə, qərarımı dəyişərək istintaq hərəkətində iştirak etdim və qapının açıq olması, habelə hal şahidinin dedikləri barədə protokolda qeyd etdim. İstintaq hərəkəti video çəkilişlə aparıldığından, bu barədə video-protokola da öz fikirlərimi bildirdim.

 

Hörmətli Zakir müəllim!

Yuxarıda qeyd olunanlara əsasən Sizdən xahiş edirəm: Süleymanov Abgül Neymət oğlunun Azərbaycan Respublikası CM-nin 234.1, Qəniyev Arif Gülsuvar oğlunun Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işlərinin icraatı MTN-nə aid olmadığına görə, həmin işlərin MTN-dən alınıb səlahiyyətli orqanlara verilməsi; Süleymanov Abgül Neymət oğlunun və Qəniyev Arif Gülsuvar oğlunun dərhal Bakı İstintaq Təcridxanasına köçürülmələri barədə qərar qəbul edəsiniz.”

Faktxeber.com

 

  • Yazılıb
  • da (də) 2011 Aug 23