Tarix : 2011 Aug 23
Kod 24899

Müstəntiq partiya sədri seçir?

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə İslam Partiyası fəallarının növbəti məhkəmə iclası şahid ifadələriylə davam etdirilib
well/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun, partiyanın sədr müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası şahid ifadələriylə davam etdirilib.

Məhkəməyə ilk olaraq şahid qismində Murad Orucov çıxış eləmək üçün dəvət edildi. Əvvəlcə hakim ona hüquqlarını başa saldı və tribunanın üzərində olan mətni oxuyaraq, and içməsini istədi. Murad Orucov oxuya bilmədiyindən katibin diktəsi ilə and içdi.

Hakim, Murad Orucovdan müttəhimlərin cinayət işi ilə tanış olub-olmadığını soruşdu. Şahid, cinayət deyəndə nə zərdə tutulduğunu anlamadığını dedi: «Mən yanvarın 2-də iclasda olmuşam. Orada silah, top-tüfəng olmayıb. Sadəcə yerlərdəki məmur özbaşınalığı tənqid edilib və hicab qadağası ilə bağlı danışılıb».

O, hicab məsələsinin namusla əlaqədar olduğunu bildirərək, hər kəsin bu cürə reaksiya verə biləcəyini dilə gətirdi: «Gözümü açıb anamı hicablı görmüşəm. İndi kimsə gəlib onun başını aça bilərmi?»

Prokuror ondan iclasa necə dəvət edildiyini soruşduqda isə həmin ərəfədə Bakıda olduğunu və buna görə də özünün Vaqif Abdullayevə zəng edərək Baş Məclisin tarixini soruşduğunu dedi.

Sonra hakim Eldar İsmayılov şahidin ibtidai istintaq zamanı verdiyi ifadəni oxudu. Lakin Orucov ifadənin dəyişdirildiyini və buna görə də imtina elədiyini dedi: «Mən əvvəldən də dedim ki, 6-cı sinfə qədər Ermənistanda erməni məktəbində oxumuşam. Sonra Rusiyaya getmişik, oradan da Azərbaycana gəlmişik. Buna görə də təhsilim yarımçıq qalıb və mən bu qrafikaların heç birini oxuya bilmirəm. İfadə verəndən sonra, müstəntiq protokolu oxudu, mən də qol çəkdim. Haradan bilim ki, öz bildikləri kimi yazıblar. Birincisi onu deyim ki, mən ifadəmdə ümumiyyətlə yəhudi yox, sionist demişəm, ikincisi, İsrail səfirliyinin qabağında keçirilən mitinqdə də partiyanın adından yox, öz şəxsi təşəbbüsümlə iştirak eləmişəm. Belə məsələlər çoxdur».

Dövlət ittihamçısı ifadəsi ilə bağlı onu yenidən sual vermək istədikdə isə, M.Səmədovun vəkili Anar Qasımov etirazını bildirdi: «Şahidin verdiyi ifadə ancaq özü ilə bağlıdır. Bunun bizim məhkəmə işinə heç bir dəxili yoxdur. Orucovun ifadələri, ancaq şəxsi rəy və mülahizələrdən ibarət olduğundan, adının şahid qismindən çıxarılmasını tələb edirəm».

Digər vəkillər də bununla əlaqədar etirazlarını bildirsələr də hakim E.İsmayılov qəbul eləmədi.

Növbəti şahid kimi isə AİP Xətai rayon komitəsinin sədri Üzeyir Heydərov dəvət edildi. O da haqlarını öyrənəndən və and içəndən sonra çıxışına başladı: «Yanvarın 2-də olan iclasda mən də olmuşam. Lakin şəxsi işlərimlə əlaqədar olaraq, iclasda cəmi 15 dəqiqə iştirak eləmişəm. Hacının çıxışı əsasən hicabla bağlı olub. Özüm təhsil işçisiyəm və bu sahədə kifayət qədər problemlərin olduğunu nəzərinizə çatdırıram. Hicab hər şəxsin öz hüquqi haqqıdır və bunu heç kim onun əlindən ala bilməz. Bununla belə istər mən dərs dediyim gimnaziyada, istərsə də başqa təhsil ocaqlarında şagird və müəllimələrin dərsə hicabla gəlməsi qadağan olunub. Mövsüm Səmədov da vətənini sevən, intellektual, alim, adil bir insandır. Allahdan Qiyamət günü məni onunla məşhur etməsini istəyirəm». Dövlət ittihamçısı Ü.Heydərovdan çıxışa olan münasibətini soruşdu. Şahid də çıxışla razı olduğunu, yalnız Mövsüm Səmədovun çıxışının bir balaca emosional olduğunu qeyd elədi. Bu zaman hakim yardımçısı ondan “emosional” dedikdə nəyi nəzərdə tutduğunu soruşdu. Ü.Heydərov çıxışının mətnində sərtlik olduğunu dedi: «Əlbəttə həmin dövrdə hamı emosional idi. Axı hicab namusumuzdu. Kim olsa belə çıxış edərdi»

Hakim cavabla razılaşmayaraq, hansı sözü məhz emosional kimi qəbul elədiyini soruşdu. Bu yöndə bir az polemika davam edəndən sonra, Ü.Heydərov əsəbiləşib dedi:

- Belə deyirəm, qəbul eləmirsiniz, elə deyirəm, qəbul eləmirsiniz. Axı məndən nə istəyirsiniz .

Hakimin əlini havaya qaldıraraq verdiyi cavab isə hamıda gülüş doğurdu:

- Səndən emosiya istəyirəm. Emosiya…

Sonra Vaqif Abdullayev barədə deyilən ittihamlar barədə nə düşündüyü soruşduqda, şahid dedi: «Mən Hacı Vaqifi özümdən yaxşı tanıyıram. Heç vaxt belə şey olmayıb və ola da bilməz».

Dövlət ittihamçısının tələbi ilə hakim şahidin ibtidai istintaq zamanı verdiyi ifadəni oxumağa başladı. Ü.Heydərli ifadənin mətni ilə tanış olduqdan sonra, özünə aid olmadığını dedi. İmzalara baxdıqda isə bəzilərinin oxşasa da, bəzilərinin tamamilə başqası tərəfindən çəkildiyini dedi.

Bu zaman dövlət ittihamçısı yenidən sual vermək üçün müraciət etdikdə, vəkil Anar Qasımov etiraz edərək bildirdi ki, ekspertiza rəyi olmadan sual vermək düzgün deyil: «Şahid imzaların və ifadənin ona aid olmadığın deyir, siz isə ifadə ilə bağlı sual vermək istəyirsiniz». Hakim etirazı yenidən qəbul etmədi.

Vəkil Məzahir Şahmarov: “Bu nə deməkdir. Siz bizim heç bir etirazımızı qəbul etmirsiniz. İşə niyə ədalətlə yanaşmırsınız?”

Hakim Eldar İsmayılov: “Mənə işimi öyrətməyin. Elə eləməyin ki, sizinlə bağlı Vəkillər Kollegiyasına məlumat verim.”

Vəkil Məzahir Şahmarov: “Məni bununla qorxuzmayın, nə də təsir eləməyə çalışmayın.”

Hakim köməkçisi: “Emosiyaya qapılmayın.”

Dövlət ittihamçısı şahidə yenidən müraciət edərək, ifadələrindəki ziddiyyətləri nə ilə izah edə biləcəyini soruşdu. Ü.Heydərli isə cavabında bunları dedi: «Mən ifadə verərkən müstəntiqlərdən Vüqar, Mehdi və bir də başqası iki dəqiqədən bir otağa girib çıxırdılar. Hərəsi əlində bir sənəd mənə imza elətdirirdilər. Özü də onların heç biri yuxarıda hakimin səsləndirdiyi ifadə ilə bağlı mənə sual verməyib».

Şahiddən ibtidai istintaq zamanı ona təzyiqlərin olub-olmamasını soruşduqda isə cavabı hamını təəccübləndirdi: «Təzyiq olmayıb. Hətta məni bir neçə stəkan çaya da qonaq etdilər. Mənə Hacı Mövsümlə müxaliflik eləyən bir qəhrəman kimi baxırdılar və bu zaman mənə partiya sədrliyi təklif olundu».

Hakim E.İsmayılov: “Məgər partiya sədrini müstəntiq seçir?”

Ü.Heydərli: “Mənə dedilər ki, partiya sədri olmaq istəyirsənmi?”

Sonra şahid indi verdiyi ifadənin düzgün kimi qəbul olunmasını istədiyini dedi.

Hakim nahar fasiləsini elan edərkən müttəhimlərdən Rufulla Axundzadə söz alaraq dedi: «Əgər jurnalistlərin heç birinə çəkiliş aparmaq icazəsini vermirsinizsə, bəs nə haqla özünüz video-çəkiliş aparırsınız?».

Hamı təəccüblə ona baxdıqda isə R.Axundzadə tavandakı videokameranı göstərdi. Hakim «bu nəzarət kamerasıdır», - deyərək otaqdan çıxdı.

Fasilədən sonra şahid qismində Nardaran sakini Natiq Kərimovu dəvət elədilər. O bura şahid qismində nə üçün dəvət edildiyini anlamadığını dedi: «Mən yanvarın 2-də heç ölkədə olmamışam, Kərbəlaya ziyarətə getmişəm. Çıxışı da sonra saytlardan izləmişəm».

Prokuror ondan çıxışın məqsədinin partiyanın məramnaməsi ilə uyğun gəlib-gəlmədiyini soruşduqda, şahid bunları dedi: «Hacı Mövsümün çıxışı nəticə idi. Məscidlərin sökülməsinin, uşaqlarımızın, xanımlarımızın başından hicabın açılmasının nəticəsi idi. Partiyanın əsas qayəsi yaşadığımız 70 il ateist rejimindən sonra insanları maarifləndirmək olub. Və bir də yerdəki məmurların özbaşınalığına etiraz eləmişik. Özü də məmurların insanların konstitusion hüquqlarını pozduqlarına görə.»

Prokurorun dövlət çevrilişi ilə əlaqədar suallarını isə N.Kərimov qətiyyətlə rədd etdi: «Azərbaycan Respublikasının Konstitusiyasının qanunlarının qorunmasında şəxsən özüm iştirak eləmişəm. 1988-ci illərdə mən də əlimə bayraq alıb, öz müstəqilliyimiz üçün irəlidə gedənlərdən olmuşam. Bu Partiyanın yaranmasında Təşəbbüskarlar Qrupunun üzvlərindən biri olmuşam. Belə bir məsələ Partiya tarixində olmayıb və olmayacaq. Bizim qurum ancaq Konstitusion yolla, yəni seçkilərlə hakimiyyət tələbində ola bilər.»

Sonda Natiq Kərimovdan Hacı Vaqifin ittihamı ilə əlaqədar sual olundu. Şahid təəccüblə çiyinlərini çəkərək bunları dedi: «Heç görün sözdü? Qətiyyətlə Hacı Vaqif barədə olan ittihamları qəbul etmirəm. Hacı Vaqif dindardı, ancaq ruhani yox. Və ancaq ruhanilər dini çıxışlar edə bilər. Onun barədə bütün deyilənlər absurddan başqa bir şey deyil».

Sonda hakim Eldar İsmayılov hakim köməkçilərindən birinin işinin olması ilə əlaqədar iclasın avqustun 24-ü saat 10.00-a kimi təxirə düşdüyünü elan elədi.

  • Yazılıb
  • da (də) 2011 Aug 23