Tarix : 2011 Aug 23
Kod 24903

RUSİYA QARABAĞ MÜNAQİŞƏSİNDƏN UZAQLAŞDIRILIR

Vəfa Quluzadə: ''Hazırda Qarabağ münaqişəsinin BMT-də müzakirəyə çıxardılması Rusiyanın zəiflədilməsinə qarşı yönəlmiş bir siyasətdir''
well/Aran agentliyi

 

BMT-nin  Baş Assambleyasının payız sessiyasında işğal edilmiş ərazilərdəki vəziyyətə dair qətnamə layihəsi səsverməyə çıxarıla bilər. Buna səbəb kimi Rusiyanın vasitəçiliyi altında aparılan danışıqlar prosesinin fiaskoya uğraması olduğunu qeyd edilir.

Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyi fiaskoya uğraması, rəsmi Bakını beynəlxalq birliyin diqqətini Qarabağ münaqişəsinin həllinə cəlb etmək üçün alternativ yollar axtarmağa məcbur edib. Doğrudanmı artıq Rusiyanın vasitəçiliyi fiaskoya uğrayıb? Ümumiyyətlə rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-də geniş müzakirələrə nail olsa, bu müzakirələr münaqişənin həlli ilə bağlı nə kimi müsbət dəyişiklərə səbəb olacaq? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politioloqlar Vəfa Quluzadə və Fikrət Sadıqov maraqlı məqamlara toxundular.

Vəfa Quluzadə: “Rusiyanın Qarabağ probleminin həll olunmasında heç vaxt vasitəçiliyi olmayıb. Rusiya həmişə oyun oynayıb. Həmişə özünü elə göstərmək istəyir ki, guya Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir iş görür. Əslində Azərbaycan torpaqlarını erməni adı ilə işğal edən Rusiyadır. Bunu hamı çox gözəl bilir. Amma Rusiyanın əleyhinə, onun siyasətinin fiaskoya uğraması barədə fikirlərin səsləndirilməsi çox yaxşıdır. Yəni Rusiyanı döyə-döyə məcbur edəcəklər ki, bizim torpaqlardan çıxsın. Mən hesab edirəm ki, Rusiyanın Qarabağ məsələsində adının bu cür hallandırması, çox sevindirici bir haldır.

Münaqişənin həll olunması ilə bağlı BMT-də yeni layihənin müzakirəyə çıxardılması problemin həll olunmasına heç bir təsir etməyəcək. BMT-də olanlar hər şeyin nə olduğunu çox gözəl formada anlayırlar. Onlar nəyi nə qədər və necə  müzakirə etmək lazım olduğunu özləri təyin edirlər. Belə olan halda, bizim danışıq proseslərində heç bir rolumuz olmur. Rusiyanın vəziyyəti günü-gündən pisləşir. Artıq Rusiya dünyanın kriminogen bir ölkəsinə çevrilib.  Hazırda Rusiyanın ordusu və iqtisadiyyatı çökməkdədir. Ona görə də, dünya gücləri Rusiyanı bütün regionlardan çıxartmaq istəyirlər. Hazırda məsələnin BMT-də müzakirəyə çıxardılması Rusiyanın zəiflədilməsinə qarşı yönəlmiş bir siyasətdir.”

Fikrət Sadıqov: “Rusiyanın son dövr ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı aktiv olması, ölkə ictimaiyyətinin diqqətini cəlb edib. Rusiyanın münaqişənin həll olunmasında vasitəçiliyinin heç bir müsbət nəticəsi olmadı. Qarabağ münaqişəsinin BMT-nin baş Assambleyasında müzakirəsi çox müsbət bir haldır. Ona görə ki, bu müzakirə nəticəsində dünya ictimaiyyətinin diqqəti yenidən Azərbayacana cəlb olunacaq. Həmçinin bu müzakirələr vasitəsilə dünya dövlətlərinə Qarabağ münaqişə ilə bağlı məlumatlar və informasiyalar təqdim etmək rahat olacaq. Təbii ki, bu cür qətnamənin qəbul olunması təqdirə layiqdir və Azərbaycanın xeyri üçündür. Ən azından biz qətnamədən hüquqi sənəd kimi istifadə edə biləcəyik. Lakin unutmayaq ki, biz bundan əvvəlki illərdə də BMT-nin Baş Assambleyasında bir neçə qətnamə qəbul etdirmişik. Əsas olan odur ki, qəbul olunmuş bu qətnamələr həyata keçirilsin. Hazırda bizim xeyrimizə qəbul olunmuş kifayət qədər qətnamələr mövcuddur. Biz istərdik ki, bu qətnamələrin arxasında duran bir qüvvə olsun və aparıcı dövlətlər bu qətnamələri yerinə yetirməyə kömək etsinlər. Mənə elə gəlir ki, bizim diplomatiyanın əsas hədəfləri buna yönəlməlidir.”

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 23