Tarix : 2011 Aug 23
Kod 24907

''QÜDS GÜNÜ İSLAM GÜNÜDÜR''

well/Aran agentliyi

İslam mütəfəkkirləri tərəfindən bəyan edilən bu ifadə çox geniş anlamı əhatə edir. Mübarək Ramazan ayının sonuncu cümə günü Qüds günü kimi elan olunması məhz bütün dünya müsəlmanlarının diqqətini islam dərdlərinə yönətlmək, haqq dininə sahib çıxmaqdan irəli gəlir. Çünki bu mübarək Qüds günü - Uca Rəbbimizin son Elçi olaraq göndərdiyi əziz Peyğəmbərimizin (s) gətirdiyi İslam dinini: həm üsulid-dinini, həm füruid-dinini özündə ehtiva edir. Bu günü yaşatmaq "Qüds"ü şüar etmək isə müsəlman camiəsinin bu ilahi ziyafət ayında Rəbbin qonaqlığından nə qədər faydalana bilməsini təzahür etdirir.

Əziz peyğəmbərimizin mübarək hədisini yada salsaq, hədisdən görərik ki, Qüds gününü yaşadanlar Cənnətlə müjdələnən kimsələrdir.

Ramazan ayının gündəlik dualarında və gecələrində Rəbbindən bağışlanma, tövbə, imanın kamilləşməsini diləyən, Qiyamət günü Peyğəmbəri ilə xəcalətsiz görüşmək istəyən, Qüds gününü yaşadan hər bir müsəlmana Allahın Rəsulundan salam var. Rəvayətdə nəql olunur ki, Peyğəmbərimiz öz dostlarına salam göndərərkən yaxın səhabələr o dostların kim olduğunu soruşduqda əziz Peyğəmbərimiz: "O kəslər ki, məni görmədən mənə iman gətirərlər"deyə buyurur.

«Qüds günü - islam günüdür» kəlamını şüar edənlər ilahi ziyafət ayının sonuncu cüməsində bir daha Peyğəmbərinə iman gətirməsini nümayiş etdirirlər. Və xoş imanlı o kəslərin halına ki, ona Peyğəmbərindən salam var.

"Qüds günü İslam günüdür". İslam günü – Rəbbin özünü tanıtdırdığı Həzrət Muhəmməd (s) dünyaya gəldiyi gün, risalətə başladığı gün, Həzrət Cəbrayılın (ə) yer üzərinə vəhy gətirdiyi gün, Qurani-Kərimin nazil olduğu gün, Əli ibn Əbutalibin Allah evi Kəbədə dünyaya gəldiyi gün, xanım Xədicənin islamı qəbul etdiyi gün, xanım Fatimənin doğulduğu gün, yaxud İmam Əli (ə) və həzrət Fatimənin (ə) izdivac günü, iki nurun - Həsən və Hüseynin (ə) dünyaya gəldiyi gündür.

Qədir-Xumdan Aşurayadək – İmam Həsənin (ə) sülhü və ya İmam Hüseyn (ə) qiyamı, xanım Fatimənin (ə) Fədək haqqı, yaxud xanım Zeynəbin Qəm karvanı ... və qələmin gücü çatmayan əziz günlər İslam günüdür.

Bütlərin sındırıldığı gün, əbu cəhllərin, əmr ibn əbdəvədlərin cəhənnəmə vasil olduqları gün –İslamın bir daha yaşadığı günlərdir.

İslam günü – Zülfüqarın hər zərbəsində yaşanan gündür. Və haqq gününə qədər bu islamı yaşadan gün – Qüds günüdür. İslam gününün ən bariz nümunəsi Aşura günü – Kərbəla meydanıdır. Öz ilahi vəzifəsini yerinə yetirməkdən boyun qaçıraraq «biz Hüseyn (ə) ola bilmərik» deyənləri tarixin Həbib ibni Məzahirləri susdurub. Saqqalını ilahi rəngə boyamaq üçün Kərbəlaya, İmam Hüseynə (ə) özünü yetirən Həbib ibni Məzahirin bu gün böyük məktəbi var. Bu gün o məktəbin Həbib ibni Məzahirləri bu ilahi rəngi Qüdsdə axtarır. Və Qüds bu gün öz Kərbəlasını yaşayır.

Fələstində mərmilərlə tikələri göyə sovrulan məsum körpələrin fəryadı,boğazından oxlanan Əli-Əsğərin naləsindən daha betərdi. Rəbbinin əmanət buyurduğu ismətini, iffətini qorumaq üşün özlərini düşmən gülləsinə sipər edənlərin fəryadı xanım Rüqəyyanın "baba vay" naləsindən daha betərdi. Tarix təkrar olunur. Rəbbi öz bəndəsini, öz aşiqini imtahan edir. Qüds günü İbn Mərcanilərin qarşısında - "Qüdsdə gözəllikdən başqa heç nə görmədim" söyləyən xanım Zeynəblər günüdür.

Qüds günü – İslamın dirilik günüdür. Əziz Peyğəmbərimiz bu günə bir mesaj göndərir: "Müsəlmanların fəryadını eşidib, ona hay verməyən məndən deyil."

Olmaz ki, Qüds gününü yaşadanlara bu söz şamil olunsun. Çünki Qüds günü müsəlman fəryadına HAY günüdür.

O müsəlman ki, bu gün təkcə Fələstində fəryad etmir. Bu fəryadlar İraqın – Nəcəfindən, Kərbəlasından, Samirrasından, Azərbaycanın – Qarabağından, Şuşasından, Laçınından, Kəlbəcərindən, Xocalısından eşidilir. Bu nalələr digər islam torpaqları olan Əfqanıstandan, Kəşmirdən də ərşə ucalır.

Bu gün məmləkətimizdə hər bir Azərbaycanlı üçün Qarabağ qəlb ağrısıdır. Vətənin yaralı yeri, ürəklərin qübar bağladığı dərddir Qarabağ dərdi.

Əziz Peyğəmbərimizin (s) «Vətəni sevmək imandandır» kəlamı hər bir qeyrətli azəri oğluna «Qarabağı unutma» deyir. Məsumlardan (ə) nəql olunan digər hədisdə isə buyurulur ki, "Allah özü qeyrətlidir və qeyrətliləri sevir". Mübarək Ramazan ayının son cümə günü – Qüds günü müsəlman kimliyi olan hər bir kəsə bəyan edir ki, Qarabağ və Qüds bizim islami qeyrətimizdir.

  

 Təbiət Hüseyn

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

  • Yazılıb
  • da (də) 2011 Aug 23