Tarix : 2011 Aug 24
Kod 24942

Ermənilər S-300 raket kompleksinə görə haray salıblar

Rusiyanın Azərbaycana S-300 raket kompleksi satması xəbəri təsdiqlənib. Bununla əlaqədar Ermənistanda haray-həşir başlanıb. Ermənilərin fikrincə
well/Aran agentliyi

 

 Rusiyanın Azərbaycana S-300 raket kompleksi satması xəbəri təsdiqlənib. Bununla əlaqədar Ermənistanda haray-həşir başlanıb. Ermənilərin fikrincə, Rusiya Ermənistanın müttəfiqi olduğu üçün Azərbaycana silah satmamalıdır, bu regiondakı balansı pozur.

Ermənilərin bu məsələdə istinad etdiyi hərbi politoloq Vasili Belozerovun fikrincə, S-300- hücumedici silah yox, daha çox müdafiə xarakterlidir, buna görə də balansın pozulmasından söz gedə bilməz: “Emənistanın müdafiəsi üçün birgə hərbi hissələr və havadan müdafiə sistemləri var. Yaxşı ki, S-300 müdafiə tipli kompleksi almaq üçün Azərbaycan Rusiyaya müraciət edib. Rəsmi Bakı Vaşinqtona da müraciət edə bilərdi. Bu isə Ermənistana heç bir yaxşı nəticə verməyə və ABŞ-nın regionda mövqelərinin gücləndirilməsinə gətirib çıxara bilərdi”.

S-300 raket komplekslərinin Azərbaycana satılmasında siyasi aspektlərin olduğunu deyən Belozerov deyib ki, münaqişə tərəflərinin öz həqiqətləri var. O, bu məsələ ətrafında spekulyasiyalara son qoyulmasına çağırıb.

News.am saytının xəbərinə görə, hərbi ekspert Artsrun Ovannisyan bildirib ki, Azərbaycanın iki ədəd S-300 PMU-2-Favorit tipli” zenit-raket kompleksləri (ZRK) alması regiondakı silahlanma yarışında Ermənistanın mövqeyini dəyişir və bu narahatlıq döğurmaya bilməz. Hərbi ekspert deyib ki, Ermənistanın  strateji partnyoru olan Rusiyanın ZRK-nin satması heç bir məntiqə sığmır və dövlətlər arasında bağlanan hərbi müqaviləyə ziddir: “S-300 ZRK-nin müdafiə xarakterli olduğu barədə bəyanatlar həqiqətəuyğun deyil”.

Onun sözlərinə görə, S-300 PMU-2 Favoritin hər divizionu bir kompleksdən ibarətdir və Cənubi Qafqaza bu vaxtadək idxal olunan ZRK-dən keyfiyyət cəhətindən fərqlidir. Maraqlıdır ki, məhz “Favorit” ZRK-si Rusiya hərbi mənbələrinə görə, hazırda istehsal edilən S-400 prototipidir və havadan müdafiə sisteminin güclü zərbə endirə biləcək qurğusudur. Bu kompleks vasitəsilə təyyarələr 200 km məsafədən, taktik-əməliyyat ballistik raketləri isə 40 km məsafədən vurmağa qadirdir.

Ermənistan KİV-lərinin yerli müdafiə nazirliyinə istinadən yaydığı məlumata əsasən, Yerevan Moskvadan müvafiq rəsmi izahat istəməklə, S-400 ZRK-nin alınması üçün müraciət edib. Lakin Rusiya prezidenti səviyyəsində imtina cavabı verilib. (musavat.com)

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 24