Tarix : 2011 Aug 27
Kod 25013

Dindarların dindarlıq problemi

Səmimi olaraq bir din yaşatmaq istəyiriksə, özümüzə sərf edən bir dini yox, Allahın dinini yaşatmalıyıq
well/Aran agentliyi

 

Səmimi olaraq bir din yaşatmaq istəyiriksə, özümüzə sərf edən bir dini yox, Allahın dinini yaşatmalıyıq.

Bu yazı əslində bir müddət əvvəl yazılıb. Ancaq yayılmasında xeyli tərəddüd eləmişəm. Düşünürdüm ki, insanlar birmənalı qəbul etməyəcək. Ancaq bəzi hadisələrdən sonra yazının yayılması qərarına gəldim. Ümid edirəm ki, oxuyarkən İmam Əlinin (ə): “Baxma kim deyir, bax nə deyir” məsləhətini əsas tutarsınız. Təqvada, elmdə, yaşda, təcrübədə məndən böyüklərdən üzr istəyərək, böyüklərimizi və kiçiklərimizi yaradan Allahın adı ilə başlayıram. Çünki, O, bizə belə başlamağı rəhmət kitabında öyrədir.

Son dövrlərdə Azərbaycan müsəlmanları arasında İslam dəyərlərinə heç də yaraşmayan bir tendensiya yaşanmaqdadır. Dindarların dindarlıq problemi adlandıraq bunu. Xüsusən də müsəlman gənclər arasında bunu daha yaxşı hiss etmək olur. Dinə yeni gələndə kifayət qədər təvazökar və təmkinli olan biriləri, bir müddət sonra özünü sahibnəzər kimi aparmağa başlayır. Dini mühitdə nəzərlərin diktəsi prosesi başlayıb. Dəhşət burasındadır ki, bu zaman biriləri bu qeyri-əxlaqi hərəkətlərinə islam donu geyindirirlər. İnanca iddialılar bir-birlərini Quranın münafiq və kafirlərə aid edilmiş ayələri ilə müqaisə edir, hədislər söyləyirlər.

Çoxdan ibadət əhli olanlar yeni gələnlərə “ded-molodoy” münasibəti bəsləyir. İlk ibadətə gələnlər daha təvazökar olurlar. Müəyyən məsuliyyətləri olduqlarından özlərinə nəzarətləri güclü olur. Ona görə də öz üzərlərində işləyirlər. Nəticədə müəyyən bir səviyyəyə gəlib çatırlar. Bu, müsbət haldır.

Olduqları durum onları yaşıdlarından fövqəl fərqləndirir. Əxlaqa zidd yerlərdə olmamaqları, içki, qumar və s. kimi pis və fəsaddan uzaq olmaqları ilə. Bu, qeyri-ibadət əhlindən onları müəyyən mənada üstün edir.

Bir müddət sonra gənc həmin üstünlükdən arxayınlaşır və çatdığı bəzi hədəflər ona böyük görsənir. “Artıq mən çatdım” deyib, dayanır. Özü ilə mübarizəsində sürətini azaldır. Və beləliklə o, özü də bilmədən həmin üstünlüyü inanc mühitinə keçirir. İnanc qardaşları ilə də eyni tonda və məsafədə davranır. Halbuki, inanc mühiti güc, təkəbbürlük meydanı yox, təqva meydanıdır. Və beləliklə həmin insan qərəzləşməyə başlayır. Hətta özünə haqq qazandırmaq üçün etdiklərinə bir islam donu da geyindirir. Adını verə bilməyəcəyim o hiss gözünü elə bağlayır ki, hər kəsin səhv olduğu ancaq özünü düz olduğunu düşünür.

Bizim dində olmayan və etdiyimiz ən böyük səhvlərimizdən biri - özümüz mükəmməl olmadığımız halda, başqasından mükəmməl olmasını tələb etməyimizdir. Özümüzdə məqalə səhvi olduğumuz halda, başqasından vergül səhvi tutub, roman boyda böyüdürük. Münaqişə subyekti olmamaq istəməyənlənlərimiz susur. Səslərini qaldıranlar isə bu sükutdan istifadə edib, səslərini bir az da qaldırırlar. Nəhayətdə müsəlmançılıqdan sui-istifadə olunur. Abır saxlamaq sadəlövhlük və gücsüzlük kimi yozulur. İnanca iddialılar mömin qardaşı ilə mübahisədən sonra hətta “Onun cavabını yaxşı verdim” sözünü deyə bilir. Halbuki, təqva yarışında bu söz utancdan başqa bir şey deyil.

İndiki müsəlmanlığa iddialı gənclər inkişafi qəbul etməz duruma düşüb. Qabaqda gedənimizə dəstək olmaq, müvəffəqiyyətlərə sevinmək əvəzinə, mütləq onu yıxmağa çalışırıq. Üzdə elə göstərməsək də, onun səhvləri bizə bir fürsət olur ki, ondan tutub istədiyimiz tərəfə dartaq.

Peyğəmbərimizin (s) qurucu əhəmiyyətli davranışlarını biz bəzi istisnalarla nə toplum olaraq, nə də fərd olaraq anlamışıq. Şəhid Mütəhhəri bu barədə bir kitabında yazır ki, uşaq olanda onların kəndinə bir parovoz çəkiblər. Bu "parovoz" dayananda hamı gəlib ona baxırmış. Elə ki, "parovoz" başladı hərəkətə, uşaqlar onu daşa basırmış. Bəli, bizlərdən bəzilərinin məntiqi də Şəhidin dediyi “parovoz məntiqinə” oxşayır. Nə vaxt ki, çayxanada bizimlə oturub, bizim sözümüzü danışır, bizim geydiyimiz ayaqqabıdan geyib - deməli yaxşı oğlandır. Yox elə ki, çayxanada oturmayıb, başqa ayaqqabı geyinib, İslam üçün bir iş görür - başlayırıq onu daşlamağa. Özü də bayaq dediyim kimi - Qurandan ayə, hədis gətirərək. Nəzərlərin diktəsi və başqa fikrə dözümsüzlük maşını işə düşür.

Çox sevdiyim dostum bir maraqlı fikir demişdi. Biz hansısa firmanın məsulunu almırıq ki, onlar sionistlərə pul köçürür və sionistlər də müsəlman qardaşlarımızı güllələyirlər. Halbuki, biz heç o müsəlman qardaşlarımızın adlarını, üzlərini, xasiyyətlərini bilmirik. Yəni bizim üçün məchuldurlar. Ancaq bizə doğma olan, bir yerdə böyüdüyümüz, yeməyimiz, içməyimiz bir yerdə olduğu məlum qardaşlarımızı gündə on dəfə özümüz güllələyirik. Qəlbini qırırıq. Heç nə deməyəcəyini bildiyimizdən, ona küçədəki birinə demədiyimiz tərzdə davranırıq. Peyğəmbərimizin (s): “Möminin qəlbini qırmaq 7 dəfə Kəbə evini dağıtmağa bərabərdir” dediyini bildiyimiz halda.

Ümumiyyətlə, biz mücərrət şeylərdən danışmağı xoşlayırıq. Soljenitsinin təbirincə desək, biz bütün bəşəriyyətin axırına çıxa biləcək atom ölümündən və üçüncü dünya müharibəsindən də qorxmuruq, ancaq cəsarətli vətəndaş addımı atmaqdan qorxuruq. Bəli, biz nəinki mömin, müsəlman - bəzən sadə insan addımı belə atmırıq.

Əksərimizin dini bilikləri normaldır. Amma əməli olmayan bilgi insana zərərdən başqa bir şey verməz. Bilginin arxasında mütləq əməl olmalıdır. Bax, bu boşluq sayəsində bizlər bəzən sekulyar həyat yaşayırıq. Günün müəyyən bir hissəsin işləyirik, qalan hissəsin dinimizə sərf edirik. Məscidə gedirik, möminlərlə görüşürük - vəssalam. İş, bizim dünyəvi həyatımız olur, sonrası isə dini həyatımız. Dilimizdə belə deməsək də, zehnimizdə bu sekulyarizm kök salıb.

 

Əziz müəllimimdən öyrəndiyim iki şeyi burada sizinlə bölüşəcəm. Birincisi ibadətimiz haqdadır. O, deyir ki, qıldığımız namazların saylarının çoxluğu yox, o namazların bizi hara aparması önəmlidir. 50 il namaz qılıb bədbəxt olmaq da olar, 2 rükət namaz qılıb xilas olmaq da. Baxır, sən onları hansı ixlasla edirsən.

İkincisi isə - şəxsi “mən”imizlə bağlıdır. O, deyir ki, insanlar “nə etməli”ləri barədə fikirləşəndə “mən”ini də ora qatsa, o toplum heç bir hədəfə çatmaz və məhv olar.

Zənnimcə, bu iki fikir bizim toplumda kifayət qədər hiss olunur. Ona görə də dini cəmdə dindarlıq problemi yaşanır.

Ola bilsin ki, oxuyanlar desin ki, birinci özün əməl et, özünü düzəlt, sonra camaata danış. Əslində bunun özü də bizim bir xəstəliyimizdir. Bizə deyilən iradlara cavab refleksimiz - başqasını sancmaq olur. “Mənim kimi fikirləşməyən məndən deyil” kimi təkfir qəfəsindən çıxmamışıq.

Artıq xurafatsız,yəni əsl İslamı yaşamağın vaxtı çoxdan gəlib çatıb. Azərbacan gəncinin nağıl yox, reallıq arxasınca getməsi lazımdır ki, həm özü, həm də sonrakı gənclik daha yaxşı şəraitdə böyüsün. Qurtuluşun yeganə yolu isə əməl və elmin birlikdə inkişadıdır. Öz “mən” lərimizi kənara qoyaraq Allahı düşünərək. Və ən əsası - səmimi olaraq bir din yaşatmaq istəyiriksə, özümüzə sərf edən bir dini yox, Allahın dinini yaşatmalıyıq.

Xəqani Səfərov/Deyerler

 

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 27