well/Aran agentliyi
İslamazeri.az internet qəzetinə verilən məlumata görə, bəyanatda bildirilir:
"Azərbaycan Vəkillər Kollegiyası Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun sifarişi ilə vəkil Xalid Bağırovun fəaliyyətinə bir illik qadağa qoyub. Vəkillər Kollegiyasının müstəqil vəkillərə qarşı təzyiqləri artıq sistemli xarakter alıb. Bundan əvvəl Vəkillər Kollegiyası vəkil Namizəd Səfərov, Lətifə Əliyeva, Eldar Qurbanov, Hidayət Süleymanov və Osman Kazımovu da Kollegiya üzvlüyündən xaric etmişdi. Xalid Bağırov da Kollegiyadan uzaqlaşdırılan digər vəkillər kimi müstəqil fəaliyyət göstərən azsaylı vəkillərdən biridir. Kollegiyanın bu hərəkəti bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti ölkədə müstəqil düşünən, qanunu və öz müştərilərinin maraqlarını qoruyan vəkillərə qarşı təqibləri gücləndirib.
İctimai Palata Kollegiyanın bu hərəkətini ölkədə vəkillik institutunun birdəfəlik ləğv edilməsi, onsuz da mövcud olmayan məhkəmə sisteminin bir hakimiyyət qolu kimi tamamilə sıradan çıxarılmasına yönəlmiş siyasəti kimi qiymətləndirir və qətiyyətlə pisləyir. İctimai Palata vəkil Xalid Bağırovun pozulmuş hüquqlarının dərhal bərpa edilməsi və onun haqqında çıxarılmış saxta qərarın dərhal ləğv edilməsini tələb edir.
27 avqust 2011-ci il tarixdə Nəsimi rayon məhkəməsində Şahin Abdullayevin sədrliyi ilə Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Elnur Məcidlinin məhkəmə prosesində hakim qərəzli şəkildə vəkil Elçin Namazova qarşı guya vəkillik etikasını pozduğuna görə cinayət işinin açılması, işin prokurorluğa göndərilməsi haqqında qərar qəbul edib. Siyasi sifarişlə aparılan məhkəmə və onun hakiminin bu qərarı qanunsuz həbs olunan mitinq iştirakçılarını yüksək keyfiyyətli vəkil müdafiəsindən məhrum etmək məqsədi daşıdığını göstərir.
İctimai Palata hakim Şahin Abdullayevin vəkil Elçin Namazova qarşı çıxardığı qərarı qətiyyətlə pisləyir, bu qərarın qeyd-şərtsiz, dərhal ləğv edilməsini tələb edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun bu səviyyədə aşağılanmasının yolverilməz olduğunu bəyan edir."