Tarix : 2011 Aug 29
Kod 25031

Kibrit qıtlaşdı və bahalışdı

İki həftədən artıqdır ki, paytaxt dükanlarında kibrit qıtlığı yaranıb
عادلی/Aran agentliyi

Aran xəbər agentliyi\Azərbaycan Respublikası bölümü

İki həftədən artıqdır ki, paytaxt dükanlarında kibrit qıtlığı yaranıb

Əvvəl bazarlıq edənlərə qalıq pul əvəzinə kibrit verilirdisə, indi camaat kibrit üçün dükan-dükan gəzir. Hətta paytaxtın böyük marketlərində də kibrit tapmaq müşkülə çevrilib. Satıcılar deyirlər ki, kibriti, qiymətini bahalaşdırmaq üçün qıtlaşdırıblar.

Hazırda kibrit qıtlığının səbəbini Rusiyada taxtanın qiymətinin bahalaşması ilə, Rusiyadan ölkəmizə kibrit ixracını dayandırmasıyla və kibritin monopoliyaya alınmasıyla izah edirlər.
Qeyd edək ki, ölkəmiz kibriti əsasən Ukrayna, Rusiya və Belarusdan gətirir.
Ancaq bir qədər səylə axtaranda dükanlarda kibrit tapmaq olur - 10 qutuluq dəsti 25-30 qəpiyə. Bu, onun 50 faiz bahalaşması deməkdir.
Ekspertlərin fikrincə, müəyyən işbazlar sövdələşərək qəsdən kibritin qiymətini qaldırırlar. Ölkədə antiinhisar siyasətinin zəif olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə isə yaradılmış vəziyyət qiyməti qaldırmaq üçün bir bəhanədir: “Bu, inhisarçılıqla bağlıdır və yaxın günlərdə kibritin qiyməti 30 faiz bahalaşacaq”. Eyyub Hüseynov qeyd edir ki, kibritin satışda tapılmaması idxalçıların qarşılaşdıqları çətinliklərlə bağlıdır: “İdxalçılar bildirirlər ki, istehsalçılar qiymətlərə təsir etdiyindən, onlar qiymətləri tənzimləyə bilmirlər. Buna görə ölkəyə kibrit gətirilməsində çətinlik yaşanır”.
Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyindən münasibət öyrənmək mümkün olmadı.

musavat.com

  • Yazılıb
  • da (də) 2011 Aug 29