Tarix : 2011 Aug 29
Kod 25039

Əliyev sonu çatmış diktatorlar sırasına salındı

«The Washington Post»: «Yeni dünya düzənində diktatura rejimlərinə yer yoxdur»
well/Aran agentliyi

ABŞ-da nəşr olunan və dünyanın ən nüfuzlu mətbuat orqanlarından sayılan “The Washington Post” qəzeti ərəb inqilablarının digər avtoritar rejimlərə, o cümlədən Azərbaycana mümkün təsiri haqda məqalə dərc edib. Məqalənin müəllifi “The Foreign Policy”, “The Newsweek” kimi nüfuzlu dərgilərdə çalışmış tanınmış siyasi şərhçi Uilyam Dobsondur.

Müəllif məqaləsində Şimali Afrika və Yaxın Şərq ölkələrini bürüyən etiraz dalğasından bəhs edərək, dünyada mövcud olan diktatura rejimlərinin ciddi təhlükə ilə üzləşdiyini vurğulayıb.

Dobson yazır:

“Yuqoslaviya diktatoru Slobodan Miloşeviç rejiminin devrilməsində fəal olmuş Srdiç Popoviçlə Yaxın Şərq və Şimali Afrika ölkələrini müzakirə edirdik. Popoviç bu ilin ”pis oğlanlar” üçün pis il olacağını söylədi. Və cəmi 6 ay sonra Tunisdə Ben Əli, Misirdə Mübarək, Liviyada Qəzzafi, Yəməndə Saleh rejimləri çökdü. Suriyada Bəşər Əsəd diktaturasına qarşı güclü daxili və xarici etirazlar davam edir”.

Müəllif daha sonra qeyd edir ki, “Ərəb baharı”nın yalnız bu regionla əhatə olunduğunu düşünənlər yanılırlar. Çünki yeni dünya düzənində diktatura rejimlərinə yer yoxdur:

“Nə üçün üsyan dalğası Şimali Afrika və Yaxın Şərq ölkələri ilə kifayətlənməlidir? Axı bu bir həqiqətdir ki, diktatorlarsız dünya mümkündür. Qərb ekspertləri və ictimai fəallar bütün dünyada insan haqları və demokratiyanın inkişafına mane olan amilləri, korrupsiya hallarını diqqətdə saxlayır. Totalitarizm diktaturanın ifadə olunan formasıdır. Iosif Stalin, Idi Amin kimi qanlı totalitar liderlər dönəmi arxada qalıb. Heç kim polis və hərbi rejimin hökm sürdüyü Şimali Koreya və Birmanın hazırkı taleyini yaşamaq istəməz”.

Uilyam Dobson məqaləsində Azərbaycanı Belarus və Özbəkistan kimi totalitar ölkələrlə eyni sırada göstərib. Ölkəmizi Rusiyanın “arxa bağçası” adlandıran müəllif Ilham Əliyevin müddətsiz prezidentlik iddiasına da toxunub:

“Vladimir Putin və Uqo Çaves kimi liderlərə diqqət yetirdikdə görərik ki, onlar demokratiyanın imitasiyası ilə məşğul olaraq, hakimiyyəti əllərində saxlayırlar. Rusiyanın ”çirklənmiş arxa baxçası” olan Azərbaycan, Belarus və Özbəkistana rəhbərlik edənlər ömürlərinin sonuna qədər prezident kürsüsündə oturacaqlarını düşünürlər”.

Məqalədə o da vurğulanır ki, “Ərəb baharı”nın nələrə gətirib çıxaracağını indidən söyləmək hələ tezdir. Ancaq əminliklə demək olar ki, bu regionda baş verənlər ölkələrinin dərhal olmasa da, demokratiyaya keçidinin əsasını qoydu. Bu gün Liviyada və Yaxın Şərq ölkələrində yaşananlar göstərir ki, istənilən ölkədə insanlar diktatorlara ciddi etirazlarını bildirmək gücündədirlər.


 

  • Yazılıb
  • da (də) 2011 Aug 29