M.Səmədov və digərləri məhkəmənin gedişatına və müdafiə tərəfinin qaldırdığı vəsatətlərin qəbul olunmamasına etiraz olaraq vəkillərdən, eləcə də özlərinin məhkəmədə iştirakından imtina ediblər
well/Aran agentliyi
Sentyabrın 2-də saat 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Masallı ruhanisi Fəramiz Abbasov, Mövsüm Səmədovun yaxın qohumları Firdovsi Məmmədrzayev və Dəyanət Səmədov, ilahiyyatçı Zülfüqar Mikayılzadənin işi üzrə məhkəmə prosesi davam edəcək.
Avqustun 27-də keçirilən sonuncu iclas zamanı M.Səmədov və digərləri məhkəmənin gedişatına və müdafiə tərəfinin qaldırdığı vəsatətlərin qəbul olunmamasına etiraz olaraq vəkillərdən, eləcə də özlərinin məhkəmədə iştirakından imtina ediblər. Hakim müttəhimlərin etirazlarının birinci hissəsini qəbul etsə də, ikinci hissəsi ilə razılaşmayıb və məhkəmə prosesinə gəlmək istəmədikləri təqdirdə məcburi surətdə gətiriləcəklərini vurğulayıb.
Məhkəmə prosesinin gedişatına etiraz olaraq müttəhimlərin vəkillərdən imtina eləməsi, yaxud məhkəmə prosesinə çıxmaq istəməməsi hüquq praktikasında var. Adətən belə etiraz formaları öz səmərəsini verir. Bəs islamçıların bu etirazı necə sonuclanacaq?
AİP-in Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin vəkili Sadiq Bağırov “Media forum” saytına bildirib ki, artıq o və digər vəkillər məhkəmədə prosessual fiqur kimi iştirak edə bilməz: “Sentyabrın 2-də keçiriləcək prosesdə müttəhimlər vəkillərsiz prosesə qatılacaqlar. Çünki onlar ötən prosesdə bunu elan etdilər və hakim etirazı protokollaşdırdı. Biz sadəcə məhkəmənin gedişatını izləmək üçün orada olacağıq”.
İmtinanın səbəbləri haqqında danışan vəkil S.Bağırovun sözlərinə görə, müdafiə tərəfi dəfələrlə müxtəlif vəsatətlərlə çıxış edib: “Məhkəmə prosesi açıq və çox sürətli keçirilirdi. Məhkəmə katibinin prosesin stenoqramını çıxarmağa gücü çatmırdı. Biz vəsatət qaldırdıq ki, prosesin gedişatını lentə yazmaq üçün audio və video çəkilişə icazə verilsin. Lakin hakim bunu qəbul etmədi. Eləcə də proses həftənin üç iş günü - bazar ertəsi, çərşənbə və cümə günləri keçirilir. Həm ittiham olunan şəxslər, həm də müdafiəçilər üçün ağır iş günü olurdu. Vəsatət qaldırdıq ki, proses günləri azaldılsın və bizim müttəhimlərlə görüşmək imkanımız olsun. Ötən bir ay ərzində biz hüquqlarını müdafiə etdiyimiz şəxslərlə yalnız məhkəmə zalında görüşmüşük. Bu, bizim qaldırdığımız ən bəsit vəsatətlər idi. Müdafiə məqsədilə qaldırdığımız vəsatətlər isə ümumiyyətlə, yerindəcə rədd olunurdu. Müttəhimlər prosesin bu cür keçirildiyini görüb artıq vəkillərə heç bir ehtiyac olmadığını və bizdən imtina etdiklərini bəyan etdilər. Onlar öz ərizələrində göstərdilər ki, maliyyə vəsaitinə görə deyil, müdafiəçilərin iştirakı prosesdəki gedişata təsir etmədiyi, müdafiənin qurulmasında səmərəli olmadığı üçün vəkillərdən imtina etmək qərarına gəliblər”.
S.Bağırov qeyd edib ki, ittiham olunan şəxslər məhkəməyə vəkillərsiz çıxa bilməzlər: “Çünki elə hüquqi prosedurlar var ki, onu yalnız vəkillər yerinə yetirə bilər. Ola bilər ki, sentyabrın 2-də keçiriləcək prosesdə hakim dövlət tərəfindən təyin olunmuş vəkil təyin etsin. Proqnozlaşdırırıq ki, müttəhimlər onlardan imtina edəcəklər. Ola bilər ki, daha sonra onlar bizimlə təzədən müqavilə imzalasınlar”.
Vəkil müttəhimlərin belə etirazlarının məhkəmə prosesinin gedişatına heç bir təsir göstərmədiyi qənaətindədir: “Qanunvericilik təkcə müttəhimin nümayəndəsinin iştirakı ilə işə baxmağa icazə verirsə, belə hallarda ümumiyyətlə məhkəmə çıxılmaz duruma düşmür. Ona görə də hakim nə kompromisə gedir, nə hansısa tələbi qismən təmin edir və sairə. Amma mən hesab edirəm ki, hakim üçün bu kompromis daha əlverişli olardı. Çünki belə etirazların yalnız müttəhimlər üçün bir faydası var ki, işə baxılma müddəti uzadılır, əgər hakim kompromisə gedərsə, proses uzanmaz. İnanmıram ki, hakim bu etiraz qarşısında hansısa kompromisə getsin”.
Müttəhimlər Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.
Yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
İslamçıları müdafiə edənlər hesab edirlər ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır.
Mediaforum