Tarix : 2011 Sep 01
Kod 25095

Leyla Yunus: Tezliklə Naxçıvan çekistlərinin təcrübəsindən bütün Azərbaycanda istifadə olunacaq

Leyla Yunus Culfa rayonunun Ərəzin kənd sakini 31 yaşlı Turac Zeynalovun NMR MTN-in istintaq təcridxanasında işgəncələr nəticəsində ölümünü “dəhşətli fakt” adlandırıb
well/Aran agentliyi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Culfa rayonunun Ərəzin kənd sakini 31 yaşlı Turac Zeynalovun NMR MTN-in istintaq təcridxanasında işgəncələr nəticəsində ölümünü “dəhşətli fakt” adlandırıb.

Turana müsahibəsində o, təəssüflə Azərbaycanda hüquq-mühafizə və güc qurumlarında rüsvayçı təcrübənin qaldığını qeyd edib.

O bildirib ki, SDİ 2010-cu ilin mayında Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının adından BMT-nin insan haqları üzrə komissarının, habelə Avropa İttifaqı və Avropa Şurasının ünvanına insanların işgəncə nəticəsində həlak olması ilə bağlı konkret faktların əks olunduğu müraciət qəbul edilib. Belə ki, 2006-cı ildə işgəncədən 13 nəfər (5 nəfəri orduda), 2007-ci ildə 11 nəfər, 2008-ci ildə 3 nəfər, 2009-cu ildə 7 nəfər ölüb.

Sözügedən müraciətdə həyata keçirilməsi zəruri olan bir sıra tövsiyələr yer almışdı. L.Yunusun fikrincə, əsas tövsiyə Azərbaycanın Avropa Şurası qarşısında xüsusi öhdəliyinin – hüquq-mühafizə orqanlarının işgəncə və digər qeyri-insani rəftar formalarından istifadə etmiş əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi öhdəliyinin yerinə yetirilməsi tələbidir. “Bu öhdəlik AR AŞ-a qəbul edilərkən götürülüb, 10 il keçməsinə baxmayaraq işgəncə tətbiq edən hüquq-mühafizə orqanları əməkdaşlarından heç biri (!) AR CM-in müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməyib”, deyə SDİ direktoru bildirib.

O qeyd edib ki, NMR-dəki son hadisəyə qədər əsasən DİN qurumlarında, cəzaçəkmə müəssisələrində (Ədliyyə Nazirliyinin Penitensiar Xidməti), orduda (Müdafiə Nazirliyi) həlak olurdular. İndi işgəncə tətbiq olunan yerlər siyahısına NMR MTN də əlavə olundu.

“Bu, məlum həqiqəti bir daha təsdiq edir – Naxçıvan MR hakimiyyətin cəmiyyətə təzyiq vasitələrini sınaqdan çıxardığı qapalı laboratoriyadır. De-fakto Naxçıvan MTN Azərbyacan MTN-ə tabe olmur (NMR DİN və digər qurumları kimi)”, deyə Yunus bildirib. Bu zaman o, tezliklə Naxçıvanlı həmkarların “iş metodlarından” bütün Azərbaycanda istifadə olunacağından ehtiyatlandığını bildirib.

Turan

  • Yazılıb
  • da (də) 2011 Sep 01