Tarix : 2011 Sep 02
Kod 25102

Jurnalist Ramin Bayramovun həbsi söz azadlığına məhdudiyyətdirmi?

Birlik.az saytı bunun bağlı bir sıra münasibət öyrənib
well/Aran agentliyi

 

Bu günə qədər peşə fəaliyyəti ilə bağlı həbs edilmiş jurnalistlər sırasına 11 avqust 2011-ci il tarixində həbs edilmiş “İslamazeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovu da əlavə etmək lazımdır.

2006-cı ildən baş redaktor kimi fəaliyyət göstərən R. Bayramov mübarək Ramazan ayında - hələ iftara bir neçə saat qalmış - oruc halında narkotik istifadəçisi və bu kimi ittihamlarla həbs edildi. Görəsən, bu ittihamlar baş redaktora qarşı sürülən düzgün ittihamlardır, yoxsa peşə fəaliyyətini məhdudlaşdırmaq üçün atılan addım? Vəkil Elçin Namazov mətbuata açıqlaması zamanı qeyd edibdir ki, Bayramov özü qeyd edir ki, onun həbsi sırf peşə fəaliyyəti ilə bağlıdır. Görəsən, jurnalist Ramin Bayramovu tanıyan qələm yoldaşları bu barədə nə deyir? Bu sualımıza aydınlıq gətirmək məqsədi ilə bir neçə jurnalistlə əlaqə saxladıq.

“Doğru Yol” qəzetinin baş redaktoru Cavid Cabbarlı: “jurnalist Ramin Bayramovu mən Azərbaycan dini jurnalistikası sahəsində çox böyük uğurlara nail olan bir jurnalist kimi tanımışam. Ramin Bayramovun həm dini bilgisinin yüksək olması, həm də peşəkar jurnalist olması onun bu sahədə uğur qazanmasına zəmin yaradıb. Fəaliyyəti dövründə kəskin surətdə olasa da, fakt və əsaslarla məqalələr yazmışdır. Onun imzasıyla yazılan məqalələrin çoxunu müsbət dəyərləndirmişəm. Həmişə baxmışam ki, Ramin Bayramov cəmiyyətdə yaşanan neqativ halları daha yaxşı görə və işıqlandıra bilir. Ramin Bayramovun həbsinə gəlincə isə bu bir istintaq məsələsidir. Amma ona qarşı irəli sürülən “narokotik istifadəçisi” ittihamını və qanunsuz silah saxlama maddələrini qəbul edə bilmirəm. Mən inanmıram. Ramin Bayramov nə narkotik istifadəçisi, nə də qanunsuz silah daşıyırdı. Məncə, bunlar, sadəcə, bəhanələrdir. Ümid edirəm ki, ədalət öz yerini tapacaq, ona qarşı sürülən ittihamlar sübuta yetirilməyəcək və Ramin Bayramov azadlığa qovuşacaqdır.”

Yazar Kənan Rövşənoğlu: “Ramin Bayramovu və onun rəhbərlik etdiyi "islamazeri" saytını aparıcı dini media orqanlarından biri kimi tanıyıram. Daha çox tənqidçi və günümüzün ictimai-siyasi reallıqlarını işıqlandırmağa çalışrıdı və bu səbəbdən bu sayt daha çox tənqid üzərində kökləmişdi. eyni zamanda mənim düşüncəmə görə, bu sayt dini olmaqdan çox ümumi bir internetqəzet idi. Nəinki R.Bayramovun, bütövlükdə insanların və xüsusən də media nümayəndələrinin günahsız həbs olunmasına mənfi yanaşıram. Bütün dünyada bu çağırış var ki. hökumətlər jurnalistləri həbs etməməlidirlər. Çünki jurnalist yalnız informasiya yazmaqla məşğul olur.Bu mənada Ramin Bayramovun həbsini Azərbaycanda daha əvvəl də baş vermiş jurnalist həbsləri sırasından hesab edirəm. Çünki o da bir media nümayəndəsi idi və daha çox tənqidçi medianı təmsil edirdi.”

İlahiyyatçı-yazar Fərid Abdullah: “Ramin Bayramov artıq uzun illərdir ki, jurnalistlik fəaliyyətlə məşğuldur. Azərbaycanda İslamyönlü operativ jurnalistika sahəsində zəhməti böyükdür. Hər zaman, dəqiq və qərəzsiz surətdə Yaxın Şərq və İslam cameəsinin vəziyyəti haqqında məlumat çatdırmağa çalışıb. Düşünürəm ki, uğurlu bir fəaliiyyət göstərib. O, bu fəaliyyəti zamanı qeyri-ciddi və ya şou xarakterli xəbər və məlumat üzrə işləməkdən çəkinib. Ramin, hələ virtual aləmdən qabaq qəzetlərdə bir sıra araşdırmaların müəllifi olmuşdur. Demək istərdim ki, jurnalistika fəaliyyətində peşəsinə qara ləkə yaxmayan şəxsin, sözsüz ki, şəxsi həyatında da bir ləkə yoxdur. Əksər əyyaş həyatı sürən media işçilərinin həyat tərzi onların peşələrinə də sirayət etmişdir. Ramin Bayramovun fəaliyyətinin sırf söz azadlığı naminə atıldığının qənaətində deyiləm. Bəlkə onun siyasi bir qurban olduğunun, bu yolla İslamyönlü jurnalistikaya zərbə vurulduğu fikrindəyəm. Söz azadlığı dedikdə, bu fikir haqqında geniş mülahizə edilib. Bu günləri yersiz yerə söz söyləyənlər çoxdur. Lakin heç həbs də edilmirlər. Odur ki, Raminin həbsinin səbəblərindən biri həm də söz azadlığıdır. Lakin bundan başqa şeylər də vardır ki, onun qaranlıq tərəflərini çözmək lazımdır.”

Məsələ ilə bağlı “faktxeber.com” saytının əməkdaşı Əli Hüseynli münasibətini belə bildirdi. “Ramin Bayramovun həbsi söz azadlığına qarşı yönəlmiş növbəti təzyiq kimi qiymətləndirmək olar. Həbslərlə bağlı bunu deyə bilərəm ki, bu proseslər növbəti şərləmə və siyasi həbs dalğasının tərkib hissədir. Bu həm söz azadlığına, həm də etiqad azadlığına qarşı yönəlmiş həbslərdir. Azərbaycan hakimiyyəti uzun bir müddətdir ki, islamçılara və bu etiqada malik olan şəxslərə qarşı təzyiqlərə başlayıb. Hakimiyyət bu addımları ilə dolaysıyla cəmiyyətə bildirmək istəyir ki, guya bu şəxslərin xariclə bağlılıqları və əlaqələri mövcuddur. Amma deyilən ittihamlar bu günə qədər sübut olunmayıb. Bu ittihamların heç birində şəffaflıq yoxdur. Qanuna əsaslanaraq həyata keçirilməyib. Hakimiyyətin atdığı bu addımlar insan haqlarına və etiqad azadlığına qarşı ziddir.”Qeyd edək ki, Jurnalist Ramin Bayramovun son durumu barədə vəkili Elçin Namazovla əlaqə saxladıq. Vəkil qeyd etdi ki, hələ ki istintaq davam edir və Ramin Bayramovun səhhətində problemlər vardır. Vəkil qeyd etdi ki, əgər problem davam edərsə, xəstəlik daha şiddətlənərsə, müalicəsi istiqamətində müəyyən addımlar atacağıq.

Birlik.az

  • Yazılıb
  • da (də) 2011 Sep 02