Tarix : 2011 Sep 02
Kod 25105

Dövlət başçısına hicabla bağlı müraciət üçün yığılan imzalardan nə xəbər?

Məlum olduğu kimi, məktəblərdə hicab məhdudiyyətinin aradan qaldırılması üçün DEVAMM-ın təşəbbüsü ilə ''Yüzminlik müraciət'' kampaniyası keçirilmişdir
well/Aran agentliyi

 

 Məlum olduğu kimi, məktəblərdə hicab məhdudiyyətinin aradan qaldırılması üçün DEVAMM-ın təşəbbüsü ilə "Yüzminlik müraciət" kampaniyası keçirilmişdir. Kampaniyanın gedişində 130 mindən artıq imza yığılaraq, ölkə başçısına göndərilmişdir. Bəs hazırda vəziyyət nə yerdədir? Məsələyə aydınlıq gətirmək üçün DEVAMM sədri Hacı İlqar İbrahimoğluna müraciət etdik. Hacı İlqar cavabında bildirdi: "Artıq 10 aydır ki, bu qeyri-rəsmi qadağa tətbiq edilir, orta məktəblərdə hicab məhdudiyyəti yaşanır. Sirr deyil ki, bu qadağa yüzminlərlə inanclı insanı mənəvi iztiraba məruz qoyan bir səciyyə daşıyır. Bununla yanaşı, qadağa cəmiyyətdaxili vəhdətə mənfi təsir göstərir, ölkənin inkişafı üçün zəruri olan daxili bağlantıların zəifləməsinə gətirib çıxarır, dindarları marginallaşdırır, cəmiyyətdən təcrid edir. Təbii ki, bunlar radikallaşma meyllərini gücləndirən amillərdəndir. Bunu nəzərə alaraq, problemin köklü həllinə nail olmaq, ölkənin gələcək inkişafına öz töhfəmizi vermək, Uca Yaradan qarşısında vəzifəmizi icra etmək, cəmiyyətdaxili vəhdətin gücləndirilməsinə, dövlətçiliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə vermək niyyətilə DEVAMM olaraq "Dövlət başçısına yüzminlik müraciət" kampaniyasının təşəbbüskarı kimi çıxış etdik.

Böyük səylər, ixlaslı və izzətli zəhmətlər hesabına çoxlu sayda imzalar toplandı. Yüzlərlə mömin və möminə bunu bir ibadət olaraq həyata keçirtdi. Artıq 132 359 imza dövlət başçısına göndərilib. Bu imzaların həkk olunduğu vərəqlərin ümumi çəkisi 75,2 kiloqramdır. Ümidvarıq ki, bu rəqəmlər problemin müsbət həllinin müjdəçisi olacaq, inşaallah.

Dünyagörüşündən, siyasi mənsubiyyətindən, etiqadından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin təmsilçiləri kampaniyada iştirak etdi. Kampaniya bölüşdürücü olmadı, birləşdirici missiya daşıdı. Düşünürük ki, ölkəmizin tarixində belə önəmli presedentin yaşanması öz müsbət nəticəsini verər.

Ümid edirik ki, vətəndaşların bu xoşməramlı təşəbbüsünə, problemi elliklə çözmək istəyinə, inşəallah, ölkə rəhbərliyi tərəfindən müsbət yanaşılar. Dövlətimiz məktəbli qızcığazların tədrisdən kənar qalmasını rəva bilməz. Allahın lütfü ilə, dərs ili başlayanadək xoş xəbərlər gələr, narahatlıqlar bitər".

Deyerler.org

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 02