Tarix : 2011 Sep 02
Kod 25106

İslamçıların məhkəməsində anlaşılmazlıq

Hakim ittiham tərəfinə hüquqlarını başa saldığını, əks tərəf isə bu barədə heç bir söz eşitmədiklərini bildirirlər
well/Aran agentliyi

 

Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun, partiyanın sədr müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

İlkin olaraq, hakim Eldar İsmayılov avqustun 26-da keçirilən məhkəmə iclasında 6 nəfərin (Zülfüqar Mikayılzadədən başqa – red.) müdafiəçilərdən imtinası ilə əlaqədar verdikləri vəsatətin qəbul olunduğunu xatırlatdı: «Bu səbəbdən təqsirləndirilən şəxslərə dövlət müdafiəsinin təmin edilməsi haqqında qərar qəbul edilib. Qeyd edək ki, cinayət prosedur qaydalarına görə, vəkillərin məhkəmədə iştirakı zəruridir». Daha sonra təyinat əsasında təyin olunmuş müdafiəçilər bir-bir təqsirləndirilən şəxslərə təqdim olundu.

Mövsüm Səmədova dövlət tərəfindən təyin olunmuş vəkil kimi Rəşad Cəfərov təqdim olunaraq ondan imtina edib-etmədiyi soruşuldu.

M.Səmədov: Biz öz vəkillərimizdən deyil, məhkəmənin ədalətlə keçirilmədiyi üçün ümumiyyətlə prosesdə iştirakdan imtina etmişik. Bir də xahiş edərdim, bildirərdiniz ki, Cinayət Məcəlləsinin hansı maddəsində vəkillərin iştirakının zəruriliyi göstərilib? Əgər belədirsə, biz öz vəkillərimizdən razıyıq və müdafiəçi zəruridirsə, bizimlə 7 aydır ki, əməkdaşlıq edən vəkilləri istəyirik.

Hakim Eldar İsmayılov: Əgər vəkilləri yenidən istəyəcəkdinizsə, niyə imtina edərək prosesi uzadırsınız?

M.S.: Axı biz vəsatətimizdə qeyd etmişik ki, tək vəkillərdən deyil, ümumiyyətlə özümüzün məhkəmədə iştirakından imtina etmişik. Bizim nəzərimizcə məhkəmə qərəzli və sifarişlidir və müdafiəçilərimizə bizi müdafiə etmək üçün heç bir şərait yaradılmır.

E.İ.: Siz məhkəmə ilə şərt kəsirsiniz və mən bunu özümüzə təzyiq kimi qiymətləndirirəm.

M.S.: Birincisi biz vəsatət vermişik. Digər tərəfdən biz öz hüquqlarımızı tələb edirik.

E.İ.: Qanuna görə, siz imtina etdiyiniz müdafiəçini bir də tələb edə bilməzsiniz və bu barədə ötən dəfə sizə xəbərdarlıq edildi.

M.S.:Nə zaman olub?

E.İ.: Ötən prosesdə sizə CM-nin 92-ci maddəsi izah olunub

Təqsirləndirilən şəxslər və yerlərdə əyləşənlər etiraz edərək, bu barədə heç bir söz eşitmədiyini deyir.

M.S.: Bizə heç bir söz deyilməyib. Əgər siz bunu bizə izah etməyibsinizsə, bu sizin nöqsanınızdır.

E.İ.: Bunu vəkil də sizə izah etməliydi.

M.S.: Vəkillər bunun üçün heç bir problem olmayacağını demişdilər. Siz fasilədən sonra məsələni bizə tam şəkildə izah etməliydiniz ki, əgər məhkəmə prosesində müdafiəçidən imtina edirdinizsə, bundan sonra onu tələb edə bilməzsiniz. Bir də əgər məhkəmə ədalətsiz davam edirdisə, biz nə edə bilərdik. Biz o zaman məhkəmə heyətinin dəyişdirilməsini istəmişdik. Və demişdik ki, əgər bu cür ədalətsizliklə davam edəcəksə, bizi dünyanın heç bir müdafiəçisi xilas edə bilməz.

Bundan sonra Vaqif Abdullayevə dövlət tərəfindən təyin olunmuş vəkili Xatirə Hüseynova təqdim edildi. Və bu barədə onun rəyi soruşuldu.

V.A.: Biz vəkillərdən deyil, ümumi gedən prosesdən imtina etmişik. Əgər vəkil zəruridirsə, mən öz vəkilimi istəyirəm.

Fərəməz Abbasova da müdafiəçisi Şirin Ağayev təqdim edilərək bununla əlaqədar fikri soruşuldu.

F.A. Mən müdafiəmizə şərait yaradılmadığından vəkilimdən imtina etmişəm. Mənim bir insan kimi indiyə qədər təqdim etdiyim heç bir vəsatətim təmin olunmayıb. Hətta istintaq gedişində heç bir sual verilməyib. Özləri yazıb-pozandan sonra deyiblər ki, ifadə ver. Vəkil məsələsinə gəldikdə, əgər mənim öz vəkilimi qəbul eləmirsinizsə, onda prosesdə iştirak edən digər vəkilləri özüm üçün təyin edə bilərəmmi?

Əgər belə deyilsə, onda mən ümumiyyətlə bütün vəkillərdən imtina edirəm.

Daha sonra Rufulla Axundova növbə çatdı. Ona da müdafiəçisi Ceyhun Yusifov təqdim olundu.

R.A.: Biz üç vəsatət vermişdik. Siz birini qəbul elədiniz, digərləri barədə heç bir söz söyləmədiniz. Vəsatətlər sizin qabağınızdadır. Orada qeyd etmişəm ki, əgər vəkil tutmaq zəruridirsə, öz vəkilimi istəyəcəm. Qeyd edim ki, vəkil Anar Qasımov da həmin vaxt sizdən bu məsələ barədə soruşanda, dediniz ki, baxarıq.

E.İ.: Yusifovdan imtina edirsiniz?

R.A.: Möhtərəm hakimlər. Mən sizə bir ata, əmi kimi hörmət edirəm. Gəlin kompromisə gedək. Bizim hüquqlarımızın tapdalanması xalqın imicinə ziyandır.

E.İ.: Siz elə əvvəldən hakimin kim olmasından asılı olmayaraq, deyirsiniz ki, qeyri-obyektivdir.

R.A.: Xeyr, mən ötən məhkəmədə hakim Cavid müəllimin hal-şahidinə kömək etməsindən sonra bu qərara gəlmişəm. Yadınızdadırsa, vəkillər hal-şahidindən aktın harada yazıldığını soruşanda, o, cavab verə bilməmişdi. Hakim də ona kömək etmişdi.

Hakim Cavid: Xatırladım ki, vəkil hal-şahidinə sual verəndə, o, cavab verməmişdi. Məhkəmədə isə cavabsız sual qalmamalıdır. Bu məhkəməyə qarşı şübhə yaradır və mən də məsələni aydınlaşdırmaq üçün onu sual-cavab elədim.

R.A.: Mən sizin sözlərinizi təkrar edə bilərəm…

H.C.: Ehtiyac yoxdur. Yenə deyirəm, mənim sorğu-sualım ziddiyyəti aradan qaldırmaq üçün idi. Bir də ki, sən məni çox da qoca hesab eləmə. Mən sənin atan, əmin deyil, olsa-olsa oğlun ola bilərəm. Mənim nə yaşım var ki, deyirsiniz, atam kimi, əmim kimi sizə hörmət edirəm.

Sonra Firdovsi Məmmədrzayevin dövlət tərəfindən təyin olunmuş vəkili Tofiq Qasımov tanıdıldı.

F.M.: Mənim etirazım var. Siz şəxsən mənə deyibsiniz ki, vəkildən imtina edəndən sonra o, bir daha prosesdə məni müdafiə edə bilməz?

E.İ.: Xeyr.

F.M.: Siz bizim vəsatətimizlə tanışsınız. Mən öz vəsatətimdə qeyd etmişəm ki, əgər vəkil zəruri olsa, onda öz müdafiəçimi istəyirəm.

E.İ.: Lap tutaq ki, mən deməmişəm. Onda siz yenə bu cür hərəkət etməyəcəkdiniz?

Mövsüm Səmədov: Ən azı, hamımız bu cür etməzdik.

E.İ.: Onu qeyd edim ki, Firdovsi Məmmədrzayev digərlərindən fərqli olaraq, öz vəkilindən imtina edə bilməz. Konstitusiyanın Məhkəmə Pleniumu Qanununa əsasən, latın qrafikasını bilmədiyi üçün onun üçün vəkil tutmaq zəruridir.

F.M.: Mən ərizəmi kiril qrafikası ilə yazandan sonra sizə dedim ki, istəyirsinizsə, latınla da yazım. Amma siz qəbul etmədiniz.

E.İ.: Sizin birinci dəfə kirildən istifadə etməyiniz, latın qrafikasını zəif bildiyinizi göstərir.

F.M.: Siz mənə zorla müdafiəçi verə bilməzsiniz. Mən ondan imtina edirəm. Onun heç bir suallarını cavablandırmayacağam.

E.İ.: Özünüz bilərsiniz. Bu sizin ziyanınızadır.

Dəyanət Səmədova da dövlət tərəfindən təyin edilmiş müdafiəçi Rizvan Nuriyevi təqdim elədilər. Dəyanət Səmədov əgər qanunla mümkündürsə, öz vəkili Həbib Vəliyevi istədiyini bildirdi.

E.İ: Hamınız əvvəlki müdafiəçiləriniz istəyirsiniz. Axı keçən həftədən bu günə nə dəyişib ki, siz bunu edirsiniz.

Mövsüm Səmədov: Bizim etirazımız o zaman oldu ki, bizim nəzərimizcə hal-şahidlərinin hüquq müdafiəçisi ilə əlbir olduğunu düşündük. İndiyə qədər bizimlə əlaqədar olaraq keçirilən bütün məhkəmələrə nəzər edəndə, bu aydın görünür. Əlbəttə, Anar Qasımovun nöqsanıdır ki, qayıda bilmək haqqında dəqiq məlumat almadan, bu cür hərəkət edib. Ancaq siz bizi keçən dəfə xəbərdar etsəydiniz, şəxsən mən öz vəkilimdən imtina etməzdim. Soruşursunuz ki, dəyişən nə oldu. Dəyişən o oldu ki, siz vəkillərin zəruriliyinə səbəb gətirdiniz.

E.İ.: Mən qanunu sizin nəzərinizə çatdırmaq istəyirəm.

M.S.: Bunu o zaman etmək lazım idi.

E.İ.: Mən yenə deyirəm ki, qanunları kifayət qədər nəzərinizə çatdırmışam. Qanuna görə, Firdovsi Məmmədrzayevdən başqa hər biriniz vəkillərdən imtina edərək, özünüzü müdafiə edə bilərsiniz.

Daha sonra F.Məmmədrzayevin özünü vəkilsiz müdafiə hüququnun nəyə görə təmin olunmadığını açıqladı. Onun sözlərinə görə, lal, kar, kor və digər qüsurlarına, ruhi pozuntularına, dili bilmədiyini, yetkinlik yaşına çatmasa, xüsusi stasionar tibbi mərkəzdə yatsa, fəaliyyət qabiliyyəti olmasa və sair hallarda müdafiə hüququ müstəqil həyata keçirilə bilməz: «Düzdür, dilimiz biridir, lakin qrafikalara görə, bəzən böyük çətinliklər yaşayırdıq. Milli Məclisin 15 iyul qərarı ilə nəhayət bu narazılığa son qoyuldu.” F.Məmmədrzayev də latın qrafikasını pis bildiyinə görə məcburi şəkildə müdafiəçidən istifadə etməlidir.

Son olaraq hakim E.İsmayılov təqsirləndirilən şəxslərə məhkəmənin yekun qərar qəbul etməyə tələsmədiyini bildirdi: «Fikirləşmək üçün sizə 1 həftə möhlət verirəm. Növbəti həftənin 1-ci günü, yəni sentyabrın 12-də saat 10.00-da məhkəmənin yeni iclası olacaq».

Qeyd edək ki, İslamçıları müdafiə edənlər hesab edirlər ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.

FaktXeber

  • Yazılıb
  • da (də) 2011 Sep 02