Tarix : 2011 Sep 02
Kod 25110

Respulika prokurorluğu vəkilin şikayətini şikayətləndiyi orqana göndərib

''Mən Baş Prokurorluğa MTN-in İstintaq Baş İdarəsinin qanunsuz hərəkətlərindən şikayət edirəm, onlar isə bunu araşdırmaq üçün məktubu həmin instansiyaya ünvanlayırlar”
well/Aran agentliyi

 

Respublika Prokurorluğu vəkil Anar Qasımovun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan ruhani Abgül Süleymanov və İslam Partiyası sədrinin müavini Arif Qəniyevlə bağlı müraciətinə cavab verib. “Media forum” saytına danışan vəkilin sözlərinə görə, cavab məktubunda qeyd edilir ki, şikayət araşdırılması üçün MTN-in İstintaq Baş İdarəsinə göndərilib: “Bu cavab tam absurddur. Mən Baş Prokurorluğa MTN-in İstintaq Baş İdarəsinin qanunsuz hərəkətlərindən şikayət edirəm, onlar isə bunu araşdırmaq üçün məktubu həmin instansiyaya ünvanlayırlar”.

Anar Qasımov avqustun 22-də baş prokuror Zakir Qaralova şikayət məktubu ilə müraciətində bunları qeyd etmişdi: “Hazırda MTN-in İstintaq Baş İdarəsinin müstəntiqi Cavid Quluzadənin icraatında olan 866 saylı cinayət işi üzrə Süleymanov Abgül Neymət oğlu Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə, həmin idarənin baş müstəntiqi Əsəd Hacıyevin icraatında olan 867 saylı cinayət işi üzrə isə Qəniyev Arif Gülsuvar oğlu Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Süleymanov Abgül Nemət oğlu 11 avqust 2011-ci ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində, Qəniyev Arif Gülsuvar oğlu isə həmin gün Sumqayıt şəhərində MTN-in Antiterror Mərkəzinin keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Əslində cinayət işlərinin istintaqı ilə müvafiq olaraq İsmayıllı Rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi məşğul olmalı idi.

Lakin dəfələrlə etiraz etməyimizə baxmayaraq qeyd olunan cinayət işlərinin istintaqını buna səlahiyyəti olmayan orqan - MTN-in İstintaq Baş İdarəsi aparır. Dəfələrlə müstəntiqlərdən istintaqı davam etdirməyə səlahiyyətli olmalarına dair baş prokuror tərəfindən istintaqın həvalə olunması barədə qərarın verilib-verilmədiyini soruşmuş, verilibsə, müdafiə tərəfini həmin qərarla tanış etməyi xahiş etsək də, belə bir qərarın verilmədiyi bildirilib. Ona görə də hesab edirik ki, istintaqı buna səlahiyyəti olmayan orqan həyata keçirir və bu, ciddi qanun pozuntusudur”.

Mediaforum

  • Yazılıb
  • da (də) 2011 Sep 02