Tarix : 2011 Sep 04
Kod 25123

İlham Əliyev uşaq baxçasında, Sərkisyan Qarabağda

siz ey “Azərbaycanın Qarabağ kimi dərdi var, nə mitinqbazlıqdı” deyə yaxa başını cıranlar!
well/Aran agentliyi

 

siz ey “Azərbaycanın Qarabağ kimi dərdi var, nə mitinqbazlıqdı” deyə yaxa başını cıranlar!

Burdan onlara səslənirəm:

- siz ey “Azərbaycanın Qarabağ kimi dərdi var, nə mitinqbazlıqdı” deyə yaxa başını cıranlar!

- siz ey “Hamı bir nəfər kimi hakimiyyətin Qarabağ siyasətinə dəstək olmalıdır” deyə yeri-göyü inlədənlər!

- siz ey “Qərb mətbuatında yazılanlar Qarabağ məsələsinə görə Ilham Əliyevə təzyiqdir” deyə tumanını başına geyinənlər!

- siz ey “Müxalifət Qarabağ probleminin həllində qeyd-şərtsiz hakimiyyətin yanında olmalıdır!” deyə gəvəzələyənlər!

- siz ey “Qarabağı bu iqtidar azad etməyəcəksə, heç bir iqtidar azad edə bilməyəcək” deyə ağzının qatığını üstümüzə dağıdanlar!

Içinizdə doğrudan da azacıq Qarabağ sevgisi varsa...

Qarabağ dərdi sizin üçün doğrudan da taleyüklü məsələdirsə...

Qarabağ doğrudan da sizin üçün bu rejimə yarınmaq, yaltaqlanmaq üçün bir alət deyilsə...

Qarabağ doğrudan da sizin üçün bu rejimin korrupsioner, saxtakar mahiyyətini gizlətmək üçün bir vasitə deyilsə, o zaman çıxın ortaya və səmimi şəkildə deyin: Sərkisyanın Qarabağa gedib separatçı rejimin 20 illik yubileyində iştirak etdiyi, “Dağlıq Qarabağın gələcək statusu indiki statusundan aşağı ola bilməz” deyə bas-bas bağırdığı saatlarda Ilham Əliyevin də Buzovnaya gedib 244 nömrəli uşaq baxçasının təmir işləri ilə tanış olmasından hansı hissləri keçirirsiniz? Sızlayırmı içiniz?

Qızarırmı üzünüz?

Tərpənirmi vicdanınız?

Bəs deyirdilər, biz müstəqil siyasət yürüdürük?

Dünən günün sonunda xəbər gəldi ki, Əliyev hakimiyyəti Liviyadakı Milli Keçid Şurasını tanıyıb. Əlbəttə, tanıyacaqlardı, tanımayıb neyləyəsi idilər ki? Burada təəccüblü heç nə yoxdu. Təəccüblü olan sadəcə, belə tez tanımalarıdır. Axı cəmi üç gün əvvələdək Siyavuş Novruzovların, Mübariz Qurbanlıların, Gülər Əhmədovaların dili ilə Liviya üsyançılarını söyən, yerdən yerə vuran bunlar deyildilərmi? Bu üç gündə nə dəyişdi ki, indi onların hökumətini tanımaq haqqında qərar qəbul edirlər? Barı bir az da dözüb o söyüşlərin, alçaltmaların, aşağılamaların unudulmasını gözləmək olmazdımı? Bu qədər riyakar, ikiüzlü görünməməyə çalışmaq olmazdımı?

Amma tələsdilər. Əgər indi siz durub “Nə əcəb belə tez?” deyə soruşsanız cavabı çox sadədir: bunlardan bir gün əvvəl də Rusiya Liviya müxalifətinin müvəqqəti hökumətini tanıdığını bəyan etmişdi. Əmin olun ki, Moskva o addımı atmasaydı, bunlar hələ də oturub gözlərini döyürdülər. Hələ də Siyavuş Novruzovun ağzı ilə Liviya üsyançılarını söyürdülər.

Beləcə, bir daha təsdiqlənir ki, bunlar Rusiyanın ağzını güdürlər, bütün oturuş-duruşlarını Moskvaya görə nizamlayırlar. Moskvanın gözü ilə baxıb, Moskvanın qulağı ilə eşidir, Moskvanın ağlı ilə düşünüb, Moskvanın ağzı ilə danışırlar. Ta bunun o yan-bu yanı yoxdur!

Əksini iddia edənlərdən soruşuram: Liviya Milli Keçid Şurasını ABŞ tanıdı - bunlar üsyançıları söyməklə məşğul oldular... Avropa tanıdı - bunlar yenə söyməklə məşğul oldular... Türkiyə tanıdı - bunlar yenə söyməklə məşğul oldular... Və ancaq Rusiya tanıyandan sonra tanıdılar Liviyanın üsyançı hökumətini... Sizcə də hər şey aydın deyilmi?

Mən indi ən çox Ilham Əliyevə acıyıram: qoluna Avropa saatı taxıb, amma Moskva vaxtı ilə işləyir.

 

Günün sözü Ənvər Əliyevdən:

Əgər orada ərəb ayağa qalxıb haqqını tələb edəndə burada azərbaycanlının maaşı və pensiyası artırsa, deməli, xalqımız özü ayağa qalxanda bütün problemləri həll oluna bilər”.

 

ELNUR ASTANBƏYLI

 

  • Yazılıb
  • da (də) 2011 Sep 04