Tarix : 2011 Sep 04
Kod 25126

Türkiyə - İsrail: ''düşmənlə'' dostluq? (Təhlil)

well/Aran agentliyi

 

 

Görəsən Türkiyə dolayısı ilə “düşməninə” kömək etmirmi?

Bu gün dünyanın demək olar ki, əksər bölgələrində, xüsusən də müsəlmanlar yaşayan hissəsində alovların olduğu bir vaxtda hər gün yeni tez dəyişən siyasətin şahidi oluruq. Dünyanı paylaşa bilməyən supergüclərin qlobal münaqişəsi fonunda əzilən və hüquqları pozulan xalqlar hər gün yeni-yeni təhlükə ilə üzləşir. Qərbdə ABŞ-ın hegomonluğu və onun şərqdə qarşısında dura biləcək yeganə qüvvənin Rusiya olması hər kəsə bəllidir. Uzun illərdən bəri bu iki nəhəngin arasında gedən soyuq müharibənin qurbanlarının sayı artmaqdadır. İkinci dünya müharibəsində Rusiyanın zahiri qələbəsi olsa da əsl qalib ABŞ oldu. ABŞ-ın şərqdə dayaqlarını formalaşdırmaq üçün yaratdığı yəhudi dövləti ilə şərqi nəzarətinə götürdü. Artıq Rusiyanın yaxın şərqə nəzarəti zəiflədi. SSSRi-nin dağılma planına daxil olan Əfqanıstan müharibəsi də Rusiyanı regionda çökdürdü. ABŞ artıq tam qalib olduğunu düşünərkən Rusiyada hakimiyyətə gələn köhnə “KQB-çilər” bir neçə il ərzində əvvəlki gücü bərpa edə bildilər.Son dövrlərdə regionda iki böyük qüvvənin hegomonluğa iddiası həm ABŞ-ı həm də Rusiyanı narahat etməyə başladılar. İki siyasətin fonunda “mehriban düşmənlər” yeni formalaşmaqda olan qütbləri beşikdəcə boğmağı qərara alıblar.

 

Hər şey “DAVOS” dan başladı

 

Türkiyə İsraillə niyə yola getmir?

Uzun illər Türkiyə ilə İsrail arasında çox normal və hətta desək ikitərəfli qarşılıqlı əməkdaşlıq mövcud olub. Lakin 2009-cu ildə Türkiyənin baş naziri R.T. Ərdoğanın tarixə yazılan “Van minut” hadisəsindən sonra İsrail Türkiyə münasibətləri pozulmağa başladı. Bir-birinin ardınca baş verən hadisələr İsrail ilə Türkiyəni “düşmənə” çevirdi. “Mavi Mərmərə” olayından sonra isə sinirlər son həddə çatdı. Artı dünəndən etibarən İsrail ilə Türkiyə arasında diplomatik əlaqələr də kəsilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verdiyi açıqlamada İsraili düşmən dövlət elan edib. Bir-birinin ardınca İsrailə qarşı Türkiyənin ittihamları hər gün artır.

Burada maraqlı bir məqam da ortaya çıxır. Türkiyənin son dönəmdə Suriya ilə də münasibətlərini korlaması müsəlmanlar tərəfindən mənfi qarşılandı. “Bir həftə” əvvəl Suriya ilə az qala "qardaşlaşan" Türkiyə birdən-birə sanki regionda qərbin Suriya siyasətini yerinə yetirirmiş kimi Bəşər Əsəd hökümətinə ultimatumlar verməyə başladı. Hətta bütün dünya Bəhreyn hadisələrində mövqe bildirməkdən boyun qaçıran Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyini gözləyirdi. Lakin son anda hər şey dəyişdi. Çünki bir müsəlman ölkəsinin digərinə qarşı müharibə etməsi müsəlman dünyasında Türkiyənin nüfuzunu heçə endirə bilərdi. Bu arada əvvəlki nüfuzu qaytarmaq üçün İsrail ilə münasibətləri "korlayan" Türkiyəyə qarşı İsrailin "səbr" nümayiş etdirməsi burada ABŞ razılığının olmasına işarədir.

 

İsrail niyə susur?

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hər zaman bütün hadisələrə tələsik və zor gücü ilə cavab verən İsrail nədənsə Türkiyənin bütün “şıltaqlıqlarına” dözür. Türkiyənin İsrail səfirini qovması, öz səfirini geri çağırması və İsraili düşmən dövlət elan etməsinin fonunda İsrail tərəfindən yalnız bircə söz deyilib. O da ki, İsrail parlamentinin bir deputatı tərəfindən. Bu isə öz növbəsində çox müəmmalı məsələdir…

 

ABŞ niyə hadisələri uzaqdan seyr edir?

Dünyada baş verən bütün hadisələrə birinci və hamıdan çox canfəşanlıqla yanaşan ABŞ yaxın şərqdə baş verənləri sadəcə seyrci gözü ilə müşahidə edir. Belə ki, Suriya məsələsində az qala qəhrəmana çevrilən Türkiyə regionada siyasət yeridən qüvvə rolunu oynayır. Türkiyə sanki dünyada söz sahibi mövqeyindən çıxış edərək bütün siyasi məsələlərdə öndə gedir.

 

Türkiyənin Avropa Birliyi çabası

Türkiyə bütün cəhdlərlə Avropa Birliyinə üzv olmağa çalışır. Hətta 2009-cu ildə Zürixdə ermənilərlə imzalanan protokollar da bunun tərkib hissəsi idi. Lakin atılan addımlar regionda sülh və təhlükəsizliyə xidmət edirsə bu qəbul olunandır. Bu gün Türkiyənin regionda sanki “ABŞ siyasəti” yeritməsi görünməkdədir…

 

Müəammalı addım…

Türkiyə ictimaiyyəti yenə İsrail gündəmiylə məşğul olarkən, Türkiyənin başına böyük dərd açacaq bir addım atıb.

Türkiyənin Xarici İşlər nazirliyinin sözçüsü Səlcuq Ünal, ABŞ tərəfindən NATO-ya məxsus raketdən müdafiə sistemlərini Türkiyədə yerləşdirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. Ünal, qərarın keçən il Lissabonda sazişdən sonda qərara alındığını bildirib.

 

Radar deyildi, raket də gələcək?

Raketdən müdafiə sitemi ABŞ-a qarşı ola biləcək hücumların əvvəlcədən təsir edilməsi və məhvini nəzərdə tutmaqla yanaşı nəhəng qulaqlar və müasir raketləri özündə birləşdirir. "Türkiyədə yalnız radar olacaq" deyilirdi, amma hadisələrin gedişi sonradan raketlərin də bura yerləşdirilə biləcəyini göstərir.

Rusiya soyuqqanlılığını qoruyur, təmkinlidirRusiya, NATO-nun Türkiyəyə raketdən müdafiə sistemini yerləşdirməsinə hələ ki, təmkinli yanaşır. Rusiyanın NATO-dakı xüsusi nümayəndəsi Dimitriy Raqozin, "Türkiyəyə yerləşdiriləcək radar sisteminin Rusiyanın təhlükəsizliyinə qarşı hər hansı ziyanı yoxdur. Ancaq ABŞ-ın Rusiya ilə əməkdaşlıq etmədən raketdən müdafiə sistemi planınını tək davam etdirməsini də diqqətlə izləyirik" deyə danışıb.

 

Türkiyə çətin vəziyyətə düşəcək

“Mavi Marmara” hadisəsindən 15 ay keçmiş müddətdə İsraillə mehriban davranan Türkiyə raketdən müdafiə sistemi yerləşdirilən zaman belə mövqe sərgiləməsi, BMT-nin belə bir zamanda hesabatı açıqlaması, İsraildən üzr tələbinin belə məqamda sona çatması hamını təəccübləndirib.

Türkiyənin bu addımı regionda sülh və təhlükəsizliyə mənfi təsir göstərir. Bu region ölkələri ilə Türkiyə arasında problemlərə də yol aça bilər. Türkiyə regionda olan bütün ölkələrlə (hətta Ermənistanla) dostluq münasibətləri qurmağa çalışır və mülayim siyasət yeridir. Ancaq bu addımdan sonra Türkiyənin mülayim siyasətinin arxasında “saxtalıq” olması təsuratı yaranır.

Bundan başqa qurulan sistemin Türkiyəyə heç bir xeyri yoxdur. Belə ki, bütün hüquqlar ABŞ-ın əlində olduğuna görə, Türkiyə bu sistemdən yararlana bilməyəcək.

P.S. Bütün bu hadisələrin fonunda maraqlı bir nəticə görünür. İran demək olar ki, hər gün İsraili yer üzərindən siləcəyini iddia edir və uzaqmənzilli raketlərinin sayını və inkişafını genişləndirir. ABŞ isə Türkiyədə raketdən müdafiə sistemi qurur. Görəsən Türkiyə dolayısı ilə “düşməninə” kömək etmirmi?

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Sep 04