Tarix : 2011 Sep 06
Kod 25172

Diskotekada qılınan cənazə namazı

Vüsalə Məmmədovanın “Gedənlərin ardından…” adlı məqaləsini bir çoxlarımız oxuduq
well/Aran agentliyi

 

Vüsalə Məmmədovanın “Gedənlərin ardından…” adlı məqaləsini bir çoxlarımız oxuduq. Vüsalə xanımın yazısı çox nadir hallarda oxuduğum köşə yazarlarından üslub fərqliliyi ilə nəzərə çarpır. Hətta onun “…tanımadığım “müqəddəslərin” adına sinə döyüncə, məni xatırlayın...” cümləsinə: “Sizin həmin insanları tanımamağınız, onların müqəddəsiliyinin və gördükləri işlərin üstünə kölgə salacaq anlamına gəlməz”, deyib: “ Tanımadığınız neftçinin çıxardığı neftdən alınan məhsulları istifadə edərkən, tanımadığınız cobanın bəslədiyi heyvanların ətini yeyərkən, tanımadığınız sürücünün ictimai nəqliyyatda göstərdiyi xidmətdən yararlanarkən və s. siz, o zəhmətkeş insanları xatırlayırısınızmı?” sualını da vermirəm.

Əslində müəllif mənim, özünü Günəşin yandırıcı şüaları altında sinəsinə qaya parçası qoyulmasına rəğmən “Allah Birr, Allah Birr” deyərək inildəyən Bilala və kafirlər tərəfindən gözləri önündə hər iki valideyni parçalanaraq şəhid edilən Ammar bin Yasira bənzəmək istəyən birisinin, qorxub aylardır söyləməyə cəsarəti çatmadığı bir mövzuya toxunub. Həqiqətən o, elə bir mövzuya toxunub ki, Azərbaycanda bu sahədə olan ədalətsizlik digər sahələrdən qat-qat çoxdur. Bəlkə də 3-5 ilə bu ədalətsizlik aradan qalxdı. Çünki mən keçən il Bakıda ikən yas mərasimlərini aparmaq üçün mollalara müraciət edildikdə, onların vəfat edənin kimliyi, həyat tərzi və hansı ideoloji təbəqəyə aid olması ilə maraqlandıqlarının şahidi oldum. Lakin Vüsalə xanımın da qeyd etdiyi kimi bu problem hələ də mövcuddur.

Əgər səmimi şəkildə etiraf etmək lazımdırsa, bu problemin səbəbkarı biz müsəlmanlarıq. Ömrü boyu İslama qarşı mübarizə aparan birisinin İslam qaydaları ilə məsciddə yuyulması, Quran oxunması, kəfənlənərək dəfn edilməsi həm vəfat edən şəxsə, həm də məscidə, Qurana və kəfənə qarşı haqqsızlıqdır. Qısacası, yaşadığı müddətdə bir dəfə olsun belə diskotekaya, gecə klubuna, kazinoya getməyən bir dindarın cənazəsinin diskotekadan götürülməsi nə qədər haqqsızlıqdırsa, həyatını diskotekalarda, gecə klublarında, kazinolarda keçirənin də cənazəsinin məsciddən götürülməsi bir o qədər haqqsızlıqdır.

Yaxşı xatırlayıram, Sovet dövründə məscidlərin sökülməsi üçün sərəncamlar verən bir raykomun cənazəsi Bakı kəndlərinin birində olan məsciddən götürülərkən müsəlmanların “tolerantlığı” hətta vəfat edənin həyat yoldaşını belə çaşdırmışdl. Bəlkə də həmin raykom kommunizmin əmrlərini yerinə yetirdiyi üçün belə sərəncamlar verirdi.Yaxşı, bəs müsəlmanlar tolerantlıq göstərərkən kimlərinin əmrini yerinə yetirirdilər? Müsəlmanlar Tövbə surəsinin, 84-cü ayəsində buyrulan: “Onlardan ölmüş olan heç birinə əsla (cənazə) namaz qılma, onun qəbrinin başında da durma!...” əmrini bilmirdilərmi?

Biz müsəlmanlar əgər laqeydlik və cahillik göstərib Quranda olan əmrlərə əməl etmiriksə, Vüsalə Məmmədovanın dediyi “Üstümdə Quran oxumaq lazım deyil... o quran məni heç diri ikən qurub qurtarmadı, öləndən sonra çətin sümüyümə düşə...” düşüncə və həyat tərzinə necə nümunə olacağıq?

Bir çoxları XIX əsr Azərbaycan müsəlmanlarını savadsız adlandırırlar. Lakin elə həmin XIX əsr müsəlmanları bu “savadsızlıqlarına” rəğmən Mirzə Fətəli Axundovun dəfni zamanı nə Axundova, nə də İslama qarşı haqqsızlıq etmədilər. Azərbaycanın əzəli torpaqları olan Zəngəzur və Göyçə mahalını Ermənistana verməkdə ifrat haqqsızlıq edən bolşeviklər Nəriman Nərimanovun dəfni zamanı nə Nərimanova, nə də İslam dininə qarşı haqqsız davranmadılar. Anadolu insanı da Abdullah Cevdetin dəfni məsələsi ortaya çıxdıqda nə dünyasını dəyişənə, nə də İslama qarşı haqqsızlıq göstərmədi. 250 ildən çox bir müddətdə çeçen xalqına qarşı soyqırım törətməkdə davam edən ruslar Aslan Məşədovu, Abdul-Halim Sadullayevi və Ruslan Gelayevi şəhid etdikdən sonra onların dəfni zamanı nə şəhid olanlara, nə də İslama qarşı haqqsızlıq etmədilər. Zənnimcə, çəkilən bu misallar nümunə götürmək üçün kifayət edər.

İnsan öldükdən sonra nə iman edər, nə də tövbə. Fatihə surəsinin 4-cü ayəsində buyrulur: “İyakǝnǝbudu vǝiyakǝnǝstǝin”. Mənası : “Yalnız Sənə (Allaha) sitayiş edirəm və yalnız Səndən yardım diləyirəm”. Həyatı boyu Allahdan başqa hər şeyə sitayiş edən birisinə vəfat etdikdə Fatihə surəsi oxumaqla əgər biz müsəlmanlar düşünürksə ölü indi qalxıb Allaha sitayiş edəcək, yumşaq desək, yanılırıq. Yaxud Yasin surəsinin 10-cu ayəsində “Onlara xəbərdarlıq etsən də, etməsən də onlar üçün birdir, inanmazlar” deyə buyrulur. Bu ayə də biz müsəlmanların dərindən yanıldığımızı göstərir. Ömrü boyu Yasinə inanmayana öldükdən sonra Yasin oxuduqda dirilib inanacağınımı zənn edirsiniz? Qurani-Kərimin əmrlərinə itaət etmirik, barı Vüsalə xanımın “Üstümdə Quran oxumaq lazım deyil... o quran məni heç diri ikən qurub qurtarmadı, öləndən sonra çətin sümüyümə düşə...” sözlərinə əməl edək. Bizlər Vüsalə Məmmədovanın üstündə Quran oxumaqla ona qarşı haqqsızlıq etmirikmi?

Sonda, yenə hər zaman olduğu kimi üzümü müsəlman oxuculara tuturam: Allahın Tövbə surəsi 84-cü ayəsində buyurduqlarını unutmayın, vəfat edən insanlara qarşı da haqqsızlıq etməyin. Xristianı xristian kimi, yəhudini yəhudi kimi, mürtədi mürtəd kimi, müsəlmanı da müsəlman kimi dəfn edin.

Ruslan Fərzəliyev

  • Yazılıb
  • da (də) 2011 Sep 06