Tarix : 2011 Sep 06
Kod 25174

“2 aprel məhbuslarının məhkəməsi sifarişdir”

2 aprel məhbuslarının məhkəməsi davam etdirilib
well/Aran agentliyi

 

2 aprel məhbuslarının məhkəməsi davam etdirilib. Səbail Rayon Məhkəməsində İctimai Palatanın bu il aprelin 2-də keçirdiyi aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib.

Proseslə bağlı “Dəyərlər”ə açıqlama verən AXCP sədri Fuad Qəhrəmanlı qeyd etmişdir ki, məhkəmədə sərbəst ifadə verib. “Mən irəli sürülən iddianın heç bir hüquqi əsası olmadığını və yalnız siyasi bir maraq güddüyünü bildirdim. Bir də ki, bizim məhkəməmiz indi başladığı halda artıq 25 avqustda bizim adımız məhkəmədə icraatçı kimi çıxarılmışdı. Bunun özü bir hüquqi ziddiyyətdir. Eyni zamanda istintaqın gedişində aksiya zamanı şüşə sındırmaqla bağlı video görüntülər istintaqa göstərildiyi halda, bunu da nəzərə almadılar. Bu məqam da istintaqın qərəzli olduğunu bir daha göstərir. Bundan əlavə, bu məhkəmədə şikayət edən icra hakimiyyəti olsa da, o bu məhkəmədə iştirak etmirdi. Bu da bir daha məhkəmənin qərəzli olmasına sübutdur”.

Bütün bunların siyasi xof yaratmağa, qorxu yaratmağa yönədiyini qeyd edən AXCP sədrinin müavini 2 aprel məhbuslarının məhkəmə işinin sifarişli olduğunu söyləmişdir: “Bundan əlavə, burada şahid ifadəsi də, zərərçəkmişin ifadəsi də dinlənildi. Burada da ziddiyyət var idi, çünki onların istintaqda səsləndirdiyi ifadə ilə məhkəmədəki ifadələr tam fərqlənirdi. Bu da bir daha göstərir ki, şahid ifadəsi də yalandır”.

Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi açıqlamada bildirib ki, prosesdə müdafiə tərəfi audio və video çəkilişin aparılmasına icazə verilməsi, Tural Abbaslının girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb. T. Abbaslı prosesdə ifadə verməkdən imtina edib və bildirib ki, ittiham ona aydın deyil.

Prosesdə aksiya zamanı zərərçəkmiş polis əməkdaşı Mais Əliyev də ifadə verib. O, təqsirləndirilən şəxslərdən heç birini aksiya zamanı görmədiyini deyib. Qeyd edək ki, proses sentyabrın 7-də davam etdiriləcək.

Xatırladaq ki, aprelin 4-də Səbayıl rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb. Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində isə həbs-qətimkan tədbiri seçilib.

Deyerler.org

 

  • Yazılıb
  • da (də) 2011 Sep 06