Tarix : 2011 Sep 06
Kod 25199

AİP üzvləri və ruhanilərin vəkilləri geri qayıdır

Onlara məhkəmədə iştirak edə biləcəkləri deyilib
well/Aran agentliyi

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsindən Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlıya, partiyanın sədr müavini Vaqif Abdullayevin vəkili Nemət Heydərova, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin vəkili Sadiq Bağırova, Masallı ruhanisi Fəramiz Abbasovun vəkili Həbib Pənahova, Mövsüm Səmədovun yaxın qohumları Firdovsi Məmmədrzayevin vəkili Şəfa Camalovaya və Dəyanət Səmədovun vəkili Məzahir Şahmarova müraciət edilərək onların prosesə çıxa biləcəkləri barədə məlumat verilib.

Mövsüm Səmədovun vəkili Anar Qasımlı (İndiyədək Anar Qasımov kimi tanınan vəkil soyadını rəsmən milliləşdirib – red.) “Media forum”a açıqlamasında xəbəri təqsdiqləyib: “Bu, belə də olmalı idi. Bəli, biz sentyabrın 12-də keçiriləcək prosesdə iştirak edəcəyik”.

Avqustun 26-da keçirilən prosesdə islamçılar vəkillərdən və özlərinin məhkəməyə gəlmələrindən imtina etmişdilər. Ərizədə imtinaya səbəb kimi məhkəmənin birtərəfli, qərəzli və siyasi sifariş əsasında aparılması göstərilmişdi. Hakim Eldar İsmayılov onların etirazlarının vəkillərlə bağlı hissəsini qəbul etmiş, özlərinin isə məhkəməyə gəlməyəcəyi təqdirdə məcburi gətirdiləcəyini demişdi. Senytabrın 2-də islamçılara dövlət tərəfindən təyin olunmuş vəkillər verildi.

Lakin onlar bu vəkillərdən də imtina etdilər və əvvəlki vəkillərinin geri qayıtmalarını istədilər. Hakim isə Cinayət Prosessual Məcəlləsinin 92.13-cü maddəsinə görə, məhkəmə istintaqı gedən zaman imtina olunmuş vəkillərin bir daha həmin cinayət işi üzrə prosesə çıxa bilməyəcəyini demişi. O, təqsirləndirilən şəxslərə yeni vəkillərlə müqavilə bağlanması, yaxud dövlət tərəfindən təyin edilmiş vəkillərlə razılığa gəlinməsi üçün sentyabrın 12-dək vaxt vermişdi.

Təqsirləndirilən şəxslərin imtina olunmuş vəkilləri isə bunun doğru olmadığını, 92.13-cü maddənin məhkəmə istintaqı gedən zaman imtina olunmuş vəkillərin yenidən həmin cinayət işi üzrə prosesə çıxmasını əngəlləmədiyini söyləmişdilər. Bakı Ağır Cinayətlər Məhkəməsindən vəkillərə edilən müraciət göstərir ki, bu mövqe qəbul olunub.Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.

Yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.İslamçıları müdafiə edənlər hesab edirlər ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır.

2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.

"Media forum"

  • Yazılıb
  • da (də) 2011 Sep 06