Tarix : 2011 Sep 07
Kod 25228

AZƏRBAYCANDA ƏRZAQ BİR AYDA 3.7 FAİZ BAHALAŞIB

Ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 164,31 manat, pensiyaçılar üçün 148,96 manat, 0-14 yaşlı uşaqlar üçünsə 206,75 manat təşkil edib
well/Aran agentliyi

 

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2011-ci ilin avqust ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. İTM İctimaiyyətlə əlaqələr departamentindən FaktXeber.com-a daxil olan məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə göstərib ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 2,21 faiz artıb. Bu zaman ərzaq məhsulları 3,71 faiz, qeyri-ərzaq məhsulları 0,41 faiz, xidmətlər isə 0,49 faiz bahalaşıb.

İyul ayına nisbətdə avqust ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,37 faiz, regionlarda 2,05 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 3,75 faiz, regionlarda 3,67 faiz, müvafiq olaraq qeyri-ərzaq məhsulları 0,80 və 0,03 faiz, xidmətlər isə 0,69 və 0,30 faiz bahalaşıb. Avqust ayı ərzində ən çox məktəblilər üçün çantalar (22,94 faiz), toyuq yumurtası (22,53 faiz), sümüklü qoyun əti(10,27 faiz), sümüksüz mal əti (tikə) (8,42 faiz), günəbaxan yağı (8,69 faiz), bahalaşıb. Mövsümi amillərlə bağlı avqust ayında üzüm 40,63 faiz, armud 18,15 faiz, alma 3,21 faiz və sair ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 16,44 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 20,41 faiz, regionlarda isə 12,54 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında(28,01 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 3,72 faiz, xidmətlərdə isə 4,45 faiz təşkil edib.

2011-ci ilin 8 ayında ölkədə istehlak qiymətləri 7,82 faiz, o cümlədən ərzaq məhsulları 12,47 faiz, qeyri-ərzaq məhsulları 1,94 faiz, xidmətlər isə 3,30 faiz yüksəlib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında avqust ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 164,31 manat, pensiyaçılar üçün 148,96 manat, 0-14 yaşlı uşaqlar üçünsə 206,75 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 102,09 manat, pensiyaçılar 92,22 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 117,89 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 36,90 manat, pensiyaçılar üçün 34,30 manat, 0-14 yaşlı uşaqlar üçün 71,30 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.”

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 07