Tarix : 2011 Sep 08
Kod 25255

“Sərhədsiz reportyorlar”: Naxçıvandakı vəziyyət bütün Azərbaycana yayıla bilər

“Sərhədsiz reportyorlar” Naxçıvan hakimiyyəti tərəfindən mətbuatın təqibinin hədsiz dərəcədə güclənməsindən dəhşətə gəlib
well/Aran agentliyi

“Sərhədsiz reportyorlar” Naxçıvan hakimiyyəti tərəfindən mətbuatın təqibinin hədsiz dərəcədə güclənməsindən dəhşətə gəlib. Ötən həftə “Azadlıq” radiosunun müxbiri Yafəz Həsənovun respublikanın hüdudlarından kənara çıxarılması bu təqibləri açıq-aydın göstərir.

O, küçədə üç nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıb, zorla avtomobilə oturdularaq İranla sərhəddə nəzarət-buraxılış məntəqəsinə aparılıb. Orada onu taksiyə əyləşdirərək İran ərazisindən Bakıya göndəriblər.

“Ölüm və digər təqiblərlə hədələmələrdən sonra Naxçıvan hakimiyyəti mətbuata qarşı daha repressiv arsenal tətbiq etməyə başlayıb”, deyə “Sərhədsiz reportyorlar”ın bəyanatında qeyd edilir.

Jurnalistin öz ölkəsindən deportasiyası hüquqi müstəvinin olmamasına, həmçinin Naxçıvan hakimiyyətinin tam cəzasızlıq hissinə dəlalət edir, deyə bəyanatda bildirilir.

Təşkilat həmçinin qeyd edir ki, hakimiyyətin Turan agentliyinin müxbiri Məlahət Nəsibovaya təzyiqləri güclənir. O, yerli vətəndaş Turac Zeynalovun MTN-də ölümü haqqında ilk məlumatı vermişdi və onun qohumlarından müsahibə almağa cəhd etmişdi.

MTN nümayəndəsi Nəsibovanı xalq düşmənləri ilə əməkdaşlıqda ittiham etdikdən sonra ona və həyat yoldaşına şəxsi hədələrlə SMS-lər gəlməyə başlayıb. Dünən isə həmin MTN əməkdaşının anası küçədə Məlahət Nəsibovanı məlumatlarında oğlunun adını çəkməkdə ittiham edərək hədələyib.

Azərbaycan hakimiyyəti indiyədək Naxçıvanda baş verənlərlə bağlı şərh verməyib. Bu, beynəlxaql ictimaiyyətin Naxçıvandakı vəziyyətə tez bir zamanda reaksiya verməsini zəruriləşdirir. Əks halda Naxçıvandakı vəziyyət bütün Azərbaycana yayılacaq, deyə bəyanatda bildirilir.

“Sərhədsiz reportyorlar” Məlahət Nəsibova və digər hüquq müdafiəçilərinin yerli jurnalistlərə və xarici diplomatlara ünvanlanmış Naxçıvana gələrək, bu bölgədə yolverilməz vəziyyətlə tanış olmaq çağırışlarını dəstəkləyir.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 08