Tarix : 2011 Sep 09
Kod 25263

13 ildir təhsilimizi məhv edən naziri bağışlamaq olarmı?

Təhsil sistemimizin təpədən dırnağadək bataqlığa batıb
well/Aran agentliyi

 

Təhsil sistemimizin təpədən dırnağadək bataqlığa batıb .

 “Xural” qəzetinin bazargünkü sayında təqaüdçü müəllim Əmənulla Məmmədovun “Mərdanovsuz təhsil! (Yeni dərs ilinə bu şüarla getməliyik!)” adlı maraqlı bir yazısı dərc olunub. Yazıda təhsil sistemimizin təpədən dırnağadək bataqlığa batması və bunun bir nömrəli baiskarı Misir Mərdanov olması barədə söhbət gedir. Əmənulla müəllim dediklərini isbatlamaq üçün hətta konkret misallar da çəkir və fikirlərini sonucda belə yekunlaşdırır:

“Uzun illər təhsil sistemində işləmişəm. Akademik Mehdizadədən tutmuş Misir Mərdanovadək çoxlu nazirlər görmüşəm. Pedaqoq, ziyalı sözünə Mərdanov qədər biganə yanaşan ikinci bir nazir görməmişəm. Qarşıdan yeni dərs ili gəlir. Biz bu dərs ilinə yenəmi onunla gedəcəyik? Daha bəsdir! Yeni dərs ilinə “Mərdanovsuz təhsil!” şüarı ilə getməliyik!”.

 

Hesab edirəm ki, dərs ili öncəsi səsləndirilən bu şüar təqaüddə olan bir ziyalımızın həyəcan təbili, daha doğrusu, dövlət yetkililərinə və cəmiyyətə xitabən “daha buradan o yanası yoxdur”, deməsidir. Bu, həm də təhsil naziri Misir Mərdanova “Dur! Nə qədər millətin gələcəyi ilə oynamaq olar?” - mesajıdır...

 

Niyə Mərdanovsuz təhsil?

Yəqin ki, bu sualın cavabında elə bir sirr yoxdur. Çünki hamımız yaxşı bilirik ki, Misir Mərdanov nazir olduğu 13 il yarımda təhsilimizin, necə deyərlər, daşını daş üstə qoymadı, bu sahədə əldə olunmuş yaxşı nə vardısa, hamısını “islahat” imitasiyası ilə yerlə yeksan elədi, xüsusən də yalançı kurikulum və bədnam dərsliklərlə təhsilimizin məzmununu dağıtdı. Mənə elə gəlir ki, “Niyə Mərdanovsuz təhsil?” sualını cavablandırmaq üçün çox da uzağa getmək lazım deyil, sadəcə olaraq, ayrı-ayrı tanınmış ekspertlərin və ziyalıların mətbuat səhifələrində dərc olunmuş yazılarından bəzi seçmələri oxumaq kifayətdir:

Təhsil Azərbaycanın üzqaralığıdır;

Təhsil sistemi rüşvət və korrupsiyaya bələnib;

Təhsilimiz ölüm ayağındadır;

Təhsilimiz can üstədir;

Təhsilimizin fəqərə sütunu laxlayıb;

Təhsilimiz məhvə gedir;

Təhsil sistemi dağılır;

Təhsilimiz çöküb;

Təhsil islahatı fiaskoya uğrayıb;

Təhsilimizdə “klinik ölüm” baş verib;

Təhsilimiz reanimasiyadan morqa üz tutub;

İslahat üçün ayrılan dövlət vəsaitləri və Dünya Bankının kreditləri talan edilib;

Yalançı kurikulum və urvatsız dərsliklərlə təhsilimizin məzmunu dağıdılıb;

Peşə təhsilindən əsər-əlamət qalmayıb;

Məktəbəqədər təhsil yox dərəcəsindədir;

Ümumtəhsil məktəblərində hərbi hazırlıq fənni, demək olar ki, tədris olunmur;

Məktəbdən yayınaraq avaraçılıqla məşğul olan uşaqların sayı-hesabı yoxdur;

Repetitorluğun çiçəklənməsi nəticəsində “məktəb mühiti” anlayışı təhsilimizdən silinib.

Mərdanov haqqında yazılanlar

Mütəxəssislərin hesablamalarına görə, indiyədək təhsilimiz və onun başında duran şəxs - Misir Mərdanov haqqında 8000-ə yaxın tənqidi yazı dərc olunub. Bu yazıların ümumi həcmi normal kitab səhifəsi ilə təxminən 45000 səhifə civarındadır. Bu isə hər biri 500 səhifə olmaqla, 90 cild deməkdir.

Çox qəribədir ki, bu yazıların mütləq əksəriyyəti indiyədək Təhsil Nazirliyi tərəfindən susqunluqla qarşılanıb. Susqunluqla qarşılanıbsa, deməli, yazılanlar həqiqəti əks etdirir. Yazılanlar həqiqəti əks etdirirsə, deməli, təhsilimizin bütün mexanizmləri pozulub.

Misir Mərdanov bəlkə də dünyada yeganə nazirdir ki, haqqında tənqidlərlə dolu cild-cild kitablar yazılıb. Maraqlı olacağını nəzərə alaraq, onların natamam siyahısını oxucuların nəzərinə çatdırıram:

Təhsil tariximizin qara ləkələri - 400 səhifə;

Təhsilimiz hara gedir? - 448 səhifə;

Təhsilimiz bu gün - 400 səhifə;

İtirdiyimiz məktəb (çapa hazılrlanır) - 512 səhifə;

Bu nə təhsil? (çapa hazırlanır) - 448 səhifə;

Mərdanova məktublar - 240 səhifə;

Mehdizadə və Mərdanov - 48 səhifə;

Fənn kurikulumlarının monitorinqi - 80 səhifə;

Dərslik siyasəti: köhnə və təzə problemlər - 80 səhifə;

Yeni və köhnə dərsliklər: fərqlər və problemlər - 64 səhifə;

Təhsildə islahat, yoxsa imitasiya?! (çapa hazırlanır) - 144 səhifə;

Təhsilimizin yol xəritəsi (çapa hazırlanır) - 136 səhifə;

Müasir təhsil texnologiyaları - 120 səhifə.

Xatırladıram ki, artıq Mərdanov haqqında kitabların coğrafiyası genişlənməyə başlayıb. Belə ki, müəllifi olduğum “Mərdanova məktublar” adlı sənədli kitab ingiliscə Nyu Yorkda, türkcə İstanbulda və rusca Moskvada çap olunacaq. Hal-hazırda onun üzərində tərcümə işləri gedir. İşə dilimizin incəliklərini bilən professional tərcüməçilər cəlb olunub. Bu ilin sonunadək başa çatacaq həmin layihəni beynəlxalq hüquq təşkilatlarından biri həyata keçirir.

 

Mərdanovun gecikmiş etirafı

İndiyədək nazir Misir Mərdanov təhsilimizdə vəziyyətin qənaətbəxş olduğunu deyirdi. O, hər vəchlə hamını - yuxarıları və aşağıları inandırmağa çalışırdı ki, hər şey öz qaydasındadır, islahat yüksək templə gedir, yaxın bir neçə ilə (?!) Avropa standartlarına uyğun təhsil quracağıq.

Təhsil üzrə ictimai təşkilatlar və ekspertlər islahatın düzgün aparılmaması barədə nə qədər xəbərdarlıq etsələr də, cənab nazir inadkarlığından dönmür və “çalışmalarını” davam etdirirdi. Hər dəfə də bir şey uydurulurdu. Bir yerdə gözəl məktəb binası tikilirdi, bunu islahatın adına yazırdılar. Bir məktəbdə fizika, kimya, ya da biologiya kabineti yaradılırdı, deyirdilər ki, bu, islahatdır. Yaxud bir kompüter sinfi düzəldirdilər, adını da qoyurdular

” Təhsil Azərbaycanın üzqaralığıdır; Təhsil sistemi rüşvət və korrupsiyaya bələnib; Təhsilimiz ölüm ayağındadır; Təhsilimiz can üstədir; Təhsilimizin fəqərə sütunu laxlayıb; Təhsilimiz məhvə gedir; Təhsil sistemi dağılır; Təhsilimiz çöküb; Təhsil islahatı fiaskoya uğrayıb; Təhsilimizdə “klinik ölüm” baş verib; Təhsilimiz reanimasiyadan morqa üz tutub; “

ki, bu, islahat tozanağının nəticəsidir. Deməzdim ki, bunlar anlamazlıqdan edilirdi, hamısı baş qatmaq, görsəniş yaratmaq üçün idi, bir də ki...

Bu minvalla, nə az, nə çox, düz 12 il keçdi. Misir Mərdanov o zaman ayıldı ki, bütün sözlər, bütün yalanlar tükənib. Ayılanda gördü ki, ay aman, “lələ köçüb, yurdu qalıb”, təhsil deyilən məfhumdan əsər-əlamət qalmayıb. Neyləməli? - Bircə qalır hər şeyi etiraf eləmək. Odur ki, bu il avqust ayının 10-da Misir Mərdanov müəllimlərin sentyabr konfransı ilə bağlı “tarixi” bir sənədə imza atdı. O ki var sənəddə təhsilimizi topa tutdu, “açdı sandığı, tökdü pambığı”.

Təhsil ekspertləri Mərdanovun yanında yalan oldu. O, bir çox məktəblərdə idarəçiliyin anormal vəziyyətdə olmasından, süni surətdə müəllim sıxlığı yaradılmasından tutmuş aparat və metodkabinet əməkdaşlarının müasir təhsildən xəbərsizliyinə, şagird kontingentinin formalaşdırılmasındakı falsifikasiyalaradək xoruz səsi eşitməmiş elə faktlar ortaya qoydu ki, hamının əli qaldı üzündə. Faktların hər biri də silsilə cinayət əməlləri. Onları oxuyanda adamın həm gülməyi, həm də ağlamağı gəlir. Elə bil təhsil sistemində baş verən bu hadisələrin məsuliyyətini Misir Mərdanov yox, kimsə başqaları daşıyır...

 

Deyilənlərdən belə nəticə hasil olur ki, hamı, o cümlədən də nazir Misir Mərdanov təhsilimizdə ciddi problemlərin olmasından dolayı əndişə içərisindədir. Onda istər-istəməz təbii bir sual ortaya çıxır: Mərdanovun bu etirafından sonra yaranmış situasiyaya nə ad vermək olar? Mənə görə, bunun bircə adı var: Təhsildə böhran. Mərdanovun əməllərinin toplamını isə təhsil qətliamı, yaxud tanınmış yazarlardan biri demişkən, təhsil genosidi adlandırmaq olar.

 

Onu bağışlamaq olarmı?

Qətiyyən yox! Çünki o, millətimizin gələcəyi və dövlətimizin təməli olan Azərbaycan təhsilini dağıdıb. Təhsilimizin bütün mexanizmlərini pozmaqla balalarımızın gələcəyini sual altına salıb. Misir Mərdanovun təhsilimizə vurduğu yaraları sağaltmaq üçün hələ çox-çox zaman, resurs və enerji lazım gələcək. Təhsil kimi həssas bir sahəni, xüsusən də onun məzmununu dağıtmaq nə qədər asandırsa, bərpa etmək qat-qat çətindir. Məktəb binası tikmək, təmir etmək, yaxud məktəbi ən müasir avadanlıqlarla təchiz etmək o qədər də çətin iş deyil.

Bu, sırf dövlətin iqtisadiyyatı ilə bağlı olan məsələdir. İqtisadi durumumuz yaxşılaşdıqca bu məsələləri asanlıqla çözə biləcəyik. Amma təhsilin məzmununu qurmaq çox çətin məsələdir, bu, bizə o qədər də asan başa gəlməyəcək. Bir çox hallarda bu məsələdə iqtisadi durum da kömək etmir. Çünki məzmunun qurulması və böyüyən nəslə ötürülməsi həddən artıq ətalətli (inert) proses olub, daha çox cəmiyyətin intellektual səviyyəsi ilə bağlıdır.

Misir Mərdanov nazir kimi çalışdığı 13 il yarım ərzində məhz təhsilimizin məzmununu dağıtdı və bununla da millətin genofonduna böyük zərbə vurdu. Hələ bilinmir ki, o, bunun bədəlini necə ödəyəcək. İnsan kapitalının təməlini təşkil edən şəxsiyyətin yetişdirilməsində əsas rol oynayan məzmunun dağıdılması, Misir Mərdanovun millətimizin və dövlətimizin başına açdığı oyunlardan biridir. Bir az öncə sadalananları da bunun üzərinə gəlsək, onun təhsil sistemimizə qarşı törətdiyi əməllərin təxmini konturlarını cızmaq olar...

 

Nə etməli?

Bildiyimiz kimi, 1999-cu il iyunun 15-də dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olundu. Mütərəqqi ideyalara söykənən bu proqram məzmun və forma baxımından təhsilimizin inkişafı üçün geniş perspektivlər açırdı. Daha doğrusu, müstəqil dövlət kimi ilk dəfə olaraq çağdaş təhsil sistemi qurmaq şansı qazanmışdıq. Təəssüflər olsun ki, bu tarixi şansı itirdik. İslahat üçün ayrılmış külli miqdarda vəsait havaya sovruldu, proqramda nəzərdə tutulanlar düzgün həyata keçirilmədi və nəticədə hər şey gözlənilənlərin əksinə oldu. Bir sözlə, Misir Mərdanov dövlətin etimadını doğrulda bilmədi və onun rəhbərliyi ilə aparılan təhsil islahatı fiaskoya uğradı.

Hesab edirəm ki, bu gün içərisində DÖVLƏT və MİLLƏT sevgisi olan hər kəs təhsilimizi böhran vəziyyətindən necə çıxarmaq haqqında düşünməlidir. Şəxsən mən belə düşünürəm ki, vəziyyətdən çıxış üçün ümid, yeni hazırlanacaq “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”ya qalır. Belə ki, bu sənədə səriştəli ictmai birliklər, təhsil mütəxəssisləri və müstəqil ekspertlərdən ibarət “Anti-böhran qrupu”nun (ad şərtidir!) yaradılması haqqında xüsusi bənd daxil edilməli və bu qrup ilk növbədə aşağıdakıları həyata keçirməlidir:

 

1) 1999-cu il proqramında nəzərdə tutulanlarla real vəziyyəti tutuşdurmaq və “Mərdanov islahatı” zamanı baş verən sapmaları aşkarlamaq.

2) Sapmaların başvermə səbəblərini üzə çıxarmaq. (Bu, gələcəkdə səhvlərin təkrarlanmaması nöqteyi-nəzərdən çox vacibdir).

3) Təhsilin məzmununda baş verən aşınmaların konturlarını və səbəblərini müəyyənləşdirmək.

4) Yalançı kurikulumları və onlar əsasında hazırlanmış qüsurlu dərslikləri təftiş etmək və onların təhsilimiz üçün nə dərəcədə təhlükəli olduğunu üzə çıxarmaq.

5) Əvvəlki bəndlər üzrə əldə olunmuş nəticələrə əsasən böhran vəziyyətindən çıxış üçün “Yol xəritəsi” hazırlamaq.

 

Sözardı

Təhsilimizlə bağlı neçə komissiya yaradılır-yaradılsın, necə “Milli Strategiya” hazırlanır-hazırlansın, nə cür nəzarət sistemi qurulur-qurulsun, əgər Misir Mərdanov orada varsa, xeyri yoxdur, nəticə yaxşı olmayacaq. O, bunu nazir kürsüsündə əyləşdiyi 13 il yarım ərzində “isbat” etdi. Əgər nəticənin yaxşılığı haqqında düşünəriksə, onda özümüzü aldatmış olarıq. Şəxsən mən kimin nə düşünüb-düşünmədiyini bilmirəm, bircə onu dəqiq bilirəm ki, Misir Mərdanov hələ də öz işindədir...

Əlövsət Osmanlı, Riyaziyyat üzrə fəlsəfə doktoru/IslamTimes

  • Yazılıb
  • da (də) 2011 Sep 09