Tarix : 2011 Sep 10
Kod 25275

YENİ DƏRS İLİ: YENƏ HİCAB PROBLEMİ?

well/Aran agentliyi

 

  

"Uşaqlarımızın təhsildən kənarda qalması qanunsuzluqdur" 

Sentyabrın 15-də yeni dərs ili başlayır. Ötən dərs ili məktəb qapıları hicablı qız uşaqlarının üzünə bağlı oldu. Təhsil Nazirliyi vahid məktəbli forması tətbiq etməklə hicabı yasaqladı. Qızlarının təhsildən kənar qalmasını istəməyən bəzi valideynlər bu qayda ilə razılaşsalar da, bir çoxları problemin həll olunacağı günü gözləməyi üstün tutdu.

Yeni dərs ili köhnə problemlə başlamayacaq ki? “Media forum”a danışan Təhsil Nazirliyinin şöbə müdiri Həbib Zərbəliyevin sözlərindən belə çıxır ki, nazirlik bu məsələdə əvvəlki qətiyyətini yenə də nümayiş etdirir: “Nazirliyin bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir. Bununla bağlı qərar var və ona əməl olunmalıdır”.

Bəs hicablı qızların təhsil hüququ necə bərpa olunacaq? Nazirlik rəsmisi əlavə edir ki, kənarda qalan uşaqlar da təhsilə cəlb olunmalıdır: “ Nazirliyimiz bu istiqamətdə iş aparır”.

“Mənəvi Dünya” İctimai Birliyinin sədri Şahin Həsənli isə yeni dərs ilində məktəbli uşaqların hicab probleminin müsbət yöndə həll olunacağına inanır. Şahin Həsənli bildirib ki, artıq bunun bir neçə əlamətini görür: “Ümidlər var ki, şagirdlərlə, valideynlərlə söhbət aparılacaq. Bu məsələ qarşılıqlı dialoq şəklində həll olunmalıdır, ittihamlarla yox”.

Şahin Həsənli əlavə edir ki, ölkənin dindar zümrəsi bu məsələ ilə bağlı fikrini bildirib: “Birmənalı şəkildə qəbul olunub ki, Azərbaycanda hicabı qadağan edən qanun yoxdur. Əksinə, dini etiqad və vicdan azadlığını, eləcə də təhsil hüququnu nəzərdə tutan qanunlar var. Bu iki hüquq bir-biri ilə ziddiyyət təşkil etməməlidir, beynəlxalq praktikada məktəbli formasının tətbiq edilməsi var. Hətta Avropa ölkələrində uşaqlar təhsil ocaqlarına hicabla buraxılırlar. Belə bir problemin olmadığını və onun süni şəkildə yaradıldığını düşünürük. Bu, Azərbaycanı istəməyənlərə xidmət edir. Kənardan belə bir rəy yaratmaq istəyirlər ki, dövlət dinə qarşıdır. Bu, inanclı insanların dövlətdən küsdürülməsi cəhdidir”.

Şahin Həsənli əlavə edir ki, həddi-büluğa çatana qədər uşaqların dini inancını valideynin müəyyən etməsi təcrübəsi inkişaf etmiş ölkələrdə də var: “Uşağı nəyəsə məcbur eləmək olmaz” ifadəsi bir qədər sürüşkəndir. Onda demək olar ki, uşağı təhsilə də məcbur eləmək olmaz. Tutaq ki, uşaq məktəbli forması geyinmək istəmir, onu məcbur eləmək olmaz. Bu cür yanaşma düz deyil. Şəxsən mən 1-ci, 2-ci sinif şagirdlərinin hicab taxmasının əleyhinəyəm. Amma şəriətdə 9 yaşdan sonra qız uşaqlarının örtünməsi məsələsi var. Bu, “Quran” hökmüdür”.

Hicab bağladığına görə 2011-ci il martın 31-dən təhsildən uzaqlaşdırılan məktəbli Sevinc Əhmədovanın (Sumqayıtdakı 33 saylı orta məktəbin 1-ci sinifində oxuyurdu) atası İbrahim Əhmədzadə “Media forum” saytına açıqlamasında bildirib ki, problem indiyə ədər həll olunmayıb: “Bu günlərdə qızımın sinif yoldaşlarının valideynlərini gördüm. Məktəbdən zəng edərək onları dərs kitablarını götürməyə çağırıblar, amma bizə heç nə deməyiblər. Qərara gəlmişəm ki, sentyabrın 12-də özüm məktəbə gedim və direktorla yenidən söhbət edim”.

İbrahim Əhmədzadə onu da əlavə edib ki, eyni problemlə üzləşən digər valideyn, hüquqşünas Azər Əzizovla bərabər Ədliyyə Nazirliyinə müraciət ediblər: “Onun övladı 23 saylı orta məktəbdə oxuyurdu. Məktəbdaxili nizamnaməyə əsasən, hicablı uşaqların dərsə buraxılmaması qüvvəyə minməlidir. Biz nazirliyə sorğu yolladıq ki, belə bir nizamnamə qeydiyyata alınıbmı? Bizim sorğuya cavab verildi ki, alınmayıb. Hesab edirəm ki, uşaqlarımızın təhsildən kənarda qalması qanunsuzluqdur”.

Tural Həsənli

  • Yazılıb
  • da (də) 2011 Sep 10