9 sentyabr 2011-ci il tarixində İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti Cümə namazını qıldılar
well/Aran agentliyi
9 sentyabr 2011-ci il tarixində İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti Cümə namazını qıldılar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinlədilər.
Cümə xütbələrinin ilkində cümə xətibi, ilk olaraq özünə və daha sonra cümə namazı iştirakçılarına İlahi təqvaya riayət etməyi tövsiyə etdi. Bu işdə Allahdan tovqat diləyən xətib, yeganə qurtuluşun təqvada olduğunu xatırlatdı.
Sonra cümə xətibi İmam Baqirdən (ə) bir mübarək hədisi xatırlatdı: “Allah kimsənin xoş məramı olduğunu bildikdə onu Öz pənahında qoruyar”.
Hədisin şərhində Hacı İlqar mübarək kəlamda deyilən nöqtələri izah etdi: “Allah hər kəsin məramını bilir və niyyətlərdən xəbərdardır. Bəzən insanın etdikləri cəmiyyətdə, qonşuları, qohumları, tanışları tərəfindən düzgün başa düşülməyə bilər. Ancaq Allah ürəkləri biləndir. Əgər insan doğurdan da xoş niyyətdədirsə, Allah onu öz pənahında qoruyar. Allah Təala Özü ona kömək olar. Və bunun əksi olaraq, pis niyyətləri olan kəslərdən Allah Öz nəzərini çəkər, pənahından uzaqda saxlayar. Allahın kömək və nəzər müstəvisində günah işlərə yer yoxdur. İnşəallah, Allahdan istəyək ki, hər kəsə öz niyyətinə görə əta etsin”.
İkinci xütbədə ilk öncə müsəlmanlar üçün Uca Rəbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə İlahi təqvaya riayət etməyi tövsiyə etdi. Xətib israrla vurğuladı ki, əgər İlahi təqva olmasa, insanın həyatı tamamən mənadan məhrum olan bir nəsnəyə çevrilər.
Xütbənin davamında dünyada və ölkədə baş verən hadisələrə toxunan xətib, dərs ilinin bu yaxınlarda başlamasından və bu əlaqədə hicablı şagirdlərə qoyulmuş qadağalardan danışdı: “Artıq dərs ili başlanır. İnanc əhli bu dərs ilində də hicab probleminin olmasından çox narahatdır. Onların fədakarlığı hesabına 132 mindən çox imza toplanmış və ümumi çəkisi 75 kq-dan çox olan bu imzalar ölkə başçısına göndərilib. Ümid edirik ki, müsbət cavab gələr. Hələ ki, imzalarla bağlı rəsmi səviyyədə mənfi danışan olmayıb. Bunun özu müsbət haldır.
Hicab problemi – çox ciddi məsələdir. Türkiyə bu yanlış təcrübəsini 14 il sonra rəsmən düzəltdi. Türkiyə kimi ölkələr hicab qadağasının yanlışlığını anlayıblar. İnşəallah, ölkə olaraq, biz belə bir yanlışa getmərik”.
Hacı İlqar, eynı zamanda “Wikileaks”in Azərbaycanda hicabla bağlı açıqladığı sənədlərə də münasibət bildirdi: “Sözsüz ki, bu qalmaqallı saytın bir oyun olması və kimlərinsə mənafeyinə işləməsi bir başqa mövzudur. Ancaq son zamanlar onun Azərbaycan rəsmiləri tərəfindən telekanallarda hicabın yığışdırılması və s. mövzularda yayılan xəbərlərinin ən yaxşı təkzib yolu - hicabı məktəblərdə azad etməkdir. Bu, həmin saytın Azərbaycanla bağlı yaydığı məlumatların təkzibi yönündə atılmış praktiki addım və bədxah niyyətli qüvvələri yerində otuzdurmaq olardı”.
Sonra xətib 11 sentyabr terror hadisələrinə toxundu: “11 sentyabr 2001-ci il hadisələrinə indi daha yaxşı qiymət vermək olur. Kimlər bundan xeyir götürdü və bu hadisə kimə ziyan etdi - hamımız gördük. ABŞ-ın o vaxtkı administrasiyasının İraq və Əfqanıstana girməsinə bəhanə yaratdı. 11 sentyabrda 3 min günahsız həyatını itirmişdi, ancaq Əfqanıstan və İraqda milyonlarla günahsızın qanı axdı. Torpaqlar işğal olundu. Sərvətləri talandı. Bunun özü göstərir ki, hadisənin memarı kimlər olub”.
Daha sonra xətib keçən il Quranyandırma rəzilliyinə də toxundu və bunu müsəlmanların "11 sentyabrı" adlandırdı: “Quranyandırılma hadisəninin artıq ili tamam olur. Bu, müsəlmanların mənəvi terroru idi. Quranı yandırmaqla müsəlmanlara gündəm təyin etmək və başlarını qatmaq istəyirdilər. Bunu edənlər insanlıqdan xəbərsiz insanlardır. Heç bir bəşəri dəyərlərin daşıyıcısı, din nümayəndəsi belə edə bilməzlər. Çünki terrorun dini yoxdur”.
Bölgədə yer alan hadisələrə toxunan xətib, müsəlmanların diqqətli olmalarının zəruriliyini bir daha xatırlatdı: “Belə görünür ki, müsəlman ölkələrin arasını vurmaq istəyirlər; istər ərəb ölkələrində baş verən hadisələrlə, istər NATO radarlarının yerləşdirilməsi ilə, istərsə də başqa mövzularla. Müsəlmanlar Allah qarşısında öz vəzifələrini dərk etməli və buna uyğun rasional addım atmalıdırlar. Heç bir səhlənkarlıq və diqqətsizlik bağışlanmır. Müsəlmanlar daha da diqqətli olmalıdılar. Allahdan istəyək ki, bizə işlərimizdə diqqət, nəzm, sistemlilik, açıqbaxışlılıq, sabitlik nəsib etsin”.
Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr Cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.
deyerler.org